AMEA-nın prezidenti İsa Həbibbəyli Beşbarmaqda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub
Elm və təhsil

AMEA-nın prezidenti İsa Həbibbəyli Beşbarmaqda aparılan arxeoloji qazıntı işləri ilə tanış olub

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Qazıntı aparılan ərazidə arxeoloqlarla görüşən akademik İsa Həbibbəyli Azərbaycan tarixinin dərindən və hərtərəfli araşdırılıb öyrənilməsində arxeoloji tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək Akademiyada məqsədyönlü və geniş islahatların davam etdirildiyini, müasir çağırışlara cavab verən bir sıra yeni elmi istiqamətlər üzrə tədqiqatlara start verildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli arxeologiya elminin tarix, antropologiya, etnoqrafiya və digər elm sahələri ilə qarşılıqlı şəkildə öyrənilməsinin elmlərarası əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcəyini qeyd edib.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Akademiyanın fəaliyyət göstərdiyi 78 il ərzində AMEA prezidentinin ilk dəfə olaraq arxeoloji qazıntı işləri ilə əyani tanış olduğunu xüsusi vurğulayaraq, akademik İsa Həbibbəyliyə Beşbarmaq dağında fəaliyyət göstərən ekspedisiya haqqında ümumi məlumat verib. Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev isə Beşbarmaq qoruğunun ərazisindəki tarixi yerlər və burada gəzinti, eləcə də dini ziyarət üçün yaradılmış yeni əlverişli şərait barədə ətraflı söz açıb.

Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynova və arxeoloq, tarix elmləri doktoru Səfər Aşurov ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış qədim tarixi yaşayış yerləri və burada tapılmış maddi mədəniyyət nümunələri haqqında əhatəli məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə "Beşbarmaq dağı Dövlət, Tarix-Mədəniyyət və Təbiət Qoruğu"nun yaradılması Beşbarmaq dağının arxeoloji cəhətdən öyrənilməsinə geniş imkanlar yaradıb.

"Respublika".