ADA Universitetində “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi
Elm və təhsil

ADA Universitetində “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi"nin təqdimatı olub

Martın 5-də ADA Universitetində Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində ADA tələbələri tərəfindən təqdim edilən "Gənclər arasında hüquqi maarifləndirmə layihəsi"nin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu layihə tələbələr tərəfindən hazırlanıb. Prorektor dəstək göstərən tərəfdaş qurumlara təşəkkürünü bildirərək qeyd edib ki, layihə gənclərin hüquqi cəhətdən baza biliklərinin artırılmasına xidmət edəcək.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov diqqətə çatdırıb ki, son 4 ildə Azərbaycanda vəkillərin və vəkil bürolarının sayı 3 dəfə artıb. Vəkillər Kollegiyası, eyni zamanda, tələbələrin sözügedən sahə üzrə layihələrinin icrasında fəal iştirak edir, dəstək göstərir. Azərbaycanda 100 min nəfərə düşən vəkil sayının qonşu dövlətlərə nisbətdə az olduğunu nəzərə çatdıran Anar Bağırov bunun səbəbi kimi ilk olaraq ölkədə hüquqşünas məzunların sayının az olmasını və universitetlərin və müvafiq dövlət orqanlarının bu məsələyə diqqət ayırmalarına ehtiyac olduğunu bildirib. Həmçinin vəkillərin sayını artırmaq üçün mütəmadi təbliğat işlərinin aparıldığını və daimi əsaslarla imtahanların təşkil edildiyini qeyd edib.

Tədbirdə ADA Universitetinin tələbəsi Telman Qasımov layihə ilə bağlı təqdimatla çıxış edib. O, layihənin məqsədi və gözlənilən icra mərhələləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Azərbaycan gəncləri və yeniyetmələri arasında hüquqi maariflənməni təşkil və təşviq edəcək. Əsas hədəflər bu sahəyə olan marağı artırmaq və gənclərə müxtəlif hüquqi mövzularda ilkin biliklər verməkdir.

Layihənin tərəfdaş qurumlarından Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin hüquq məsləhətçisi Jalə Əzizova, "Legalaid" hüquq şirkətinin təsisçisi, vəkil Sona Səlimli, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbəsi Süleyman Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fidan Namazova, Bakı Dövlət Universitetinin tələbəsi Siyavuş Bağırov, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Selcan Quluzadə layihə haqqında fikirlərini bölüşüb, layihə iştirakçılarına uğurlar arzulayıblar.

AZƏRTAC