Azad edilmiş ərazidə səs vermək qürurvericidir
Gündəm

Azad edilmiş ərazidə səs vermək qürurvericidir

Xocalı

Ötən il 19-20 sentyabr tarixlərində qəhrəman silahlı qüvvələrimizin bölmələrinin keçirdiyi antiterror tədbirləri nəticəsində Xocalı şəhəri erməni separatçılardan təmizlənərək işğaldan azad edilib.  Hazırda Xocalıda tikinti-quruculuq işləri sürətlə aparılır. Xocalılılar yaxın zamanda doğma yurd yerlərinə qayıdacaqlar. Xocalılılar və bu qədim yurd yerində çalışan insanlar növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.  124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı məntəqəsi Xocalı rayonu Təzəbinə kəndində, 107 saylı məntəqə isə Əsgəran qəsəbəsində yaradılıb. Məntəqə seçki komissiyasının sədri Əliniyaz Nəcəfov bildirib ki, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb.  Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir,  sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər. Səsvermədə iştirak edən seçicilər məntəqədə yaradılan şəraitdən razılıq edib, işğaldan azad edilmiş ərazidə səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətirirlər. Xocalıda aparılan quruculuq işlərində fəal iştirak edən “Bakı Abadlıq Xidməti” MMC-nin memarı Elnur Abdullayev bildirib ki, işğaldan azad edilmiş ərazidə səs verdiyim üçün  qürur hissi keçirirəm. Seçici Elmir İsmayılov deyib ki,  Əsgəran qəsəbəsində yaradılmış seçki məntəqəsinə gələrək səsvermədə iştirak etdim.  Azad edilmiş ərazidə səs vermək qürurvericidir.

Salman ALIOĞLU,

“Respublika”.