Alman dəqiqliyi mifini darmadağın edən nazirin Bakı “şou”su
Gündəm

Alman dəqiqliyi mifini darmadağın edən nazirin Bakı “şou”su

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-də Azərbaycana səfər edib. Xanım diplomatın Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşü, mətbuat konfransında dedikləri xüsusilə diqqət çəkir. Birincisi, Berbok qeyd edib ki, Almaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Almaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel prosesini dəstəklədiyini diqqətə çatdıran Annalena Berbok, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına kömək göstərməyə hazır olduqlarını bildirib.

Amma buna baxmayaraq, alman nazir çıxışında qondarma rejimin Şuşa və Xankəndi şəhərinə verdiyi "adları" çəkib. Bu, birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, habelə BMT-nin müvafiq qətnamələrinin kobud şəkildə pozulması deməkdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Annalena Berbok kifayət qədər təcrübəli diplomatdır. O, belə həssas mövzuda ciddi səhv edəcək qədər bilgisiz deyil. Yəni bu, məqsədyönlü şəkildə atılmış "diplomatik" addımdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Annalena Berbokun nə etmək istədiyini dərhal anlayıb və qətiyyətlə "Xanım nazirin istifadə etdiyi ikinci adlar mövcud deyil. Ona görə də Azərbaycan hüququna hörmət göstərilsin" deyə öz iradını bildirib.

İkincisi, Annalena Berbok birgə mətbuat konfransında deyib ki, Ermənistanda səfərdə olarkən Qarabağdan köçən insanlarla görüşüb və onlar alman nazirə tarixi Azərbaycan torpaqlarına qayıtmaq istədiklərini deyiblər. Berlin rəsmisi cümləsini belə bitirib: "Hesab edirəm ki, Azərbaycan onlara şans tanımalıdır". Annelena Berbokun bu sözlərində həqiqət var. Qarabağdan köçən ermənilərin bir çoxu Azərbaycana qayıtmaq istəyir. Lakin geri dönmək istəyən ermənilərin bir çoxu hələ də "muxtariyyət", "təhlükəsizlik üçün beynəlxalq mexanizmin yaradılması" kimi absurd tələblər irəli sürürlər. Rəsmi Bakının tələbi isə aydındır. Yüksək səviyyəli rəsmilərimiz dəfələrlə bildiriblər ki, Qarabağdan köçən ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə geri qayıda bilərlər. Onlara muxtariyyətin verilməsi məsələsi isə müzakirə mövzusu belə deyil. Bundan başqa, Almaniyanın xarici işlər naziri Azərbaycanın Qarabağ ermənilərinə  şans tanımalı olduğunu desə də, Ermənistanın Qərbi azərbaycanlılara qarşı eyni mövqeyi sərgiləməli olduğu məsələsinə heç toxunmayıb. Bu isə onu göstərir ki, xanım diplomat bu məsələdə də qərəzli mövqe sərgiləyib.

Üçüncüsü, Annalena Berbok ermənilərlə görüşünü uzun-uzadı təsvir etsə də, ona ünvanlanan azərbaycanlı köçkün və qaçqınlarla görüşüb-görüşmədiyi barədə suala yanlış və yalan dolu cavab verməyi üstün tutub. Almaniyanın Xarici İşlər Nazirliyinin başçısı Bakıda Ermənistandan köçmüş şəxslərlə görüş keçirdiyini desə də, məlum olub ki, bu təmaslar baş tutmayıb. Qərb nümayəndəsi əslində Bakının tanınmış restoranlarının birində vətəndaş cəmiyyətinin bəzi nümayəndələri ilə görüşünə istinad edərək belə bir fikir irəli sürüb. Üstəlik, işin tragikomik tərəfi isə ondan ibarətdir ki, Berlin rəsmisinə qaçqın və məcburi köçkünlərlə görüş təklifi edilib, amma o, qarşılığında bu prosesdən imtina edib. "Ədalətli" diplomat imicinə zərər verməmək üçün çox rahat və arxayın bir şəkildə yalan danışmaqdan çəkinməyib.

Nəticə etibarilə Almaniyanın xarici işlər naziri Annalena Berbokun Azərbaycana səfəri və sözgedən ziyarət çərçivəsində baş verənlər bir daha onu deməyə əsas verir ki, rəsmi Bakının qərb formatlarında keçirilən görüşlərdən imtina etməsi doğru addımdır. Almaniya və Fransanın mövcud qərəzli, ikiüzlü və manipulyativ mövqeləri dəyişmədiyi təqdirdə Azərbaycan Avropa formatlarında keçiriləcək görüşlərdə iştirak etməməlidir. Ermənistan ilə Azərbaycan arasındakı mövcud problemlər isə Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, mütləq şəkildə regional bir platformada həll edilməli, sülh məsələsi də Cənubi Qafqazla birbaşa əlaqəsi olan ölkələrin nümayəndələrinin əyləşdiyi masada əldə olunmalıdır.

Turan RZAYEV,

siyasi şərhçi.