AHİK-in VI Məclisinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar
Digər xəbərlər

AHİK-in VI Məclisinin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VI Məclisinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə AHİK-dən məlumat verilib.

Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Ulu Öndər Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövləti bu gün Sizin müdrik idarəçiliyiniz sayəsində inkişafının ən yüksək mərhələsindədir. Ölkə həyatının bütün sahələrini əhatə edən dayanıqlı və ardıcıl inkişaf Azərbaycanı regionda lider, dünyada isə son dərəcə əhəmiyyətli dövlətə çevirib. Sizin xarizmanız, siyasət elmini dərindən bilməyiniz, xarici ölkələrlə münasibətlərin qurulmasında və inkişafında sərgilədiyiniz yanaşma, ölkəmizin beynəlxalq nüfuzunu artırıb, Azərbaycana etibarlı tərəfdaş imici qazandırıb. Siz nadir liderlərdənsiniz ki, xalqımıza verdiyiniz bütün vədləri vaxtında və dəqiq yerinə yetirmisiniz. Bu gün Azərbaycan vətəndaşı olaraq fəxrlə deyirik ki, biz siyasi sabitliyin, əmin-amanlığın, tolerantlığın bərqərar olduğu, bütün sahələrdə tərəqqinin ən uca zirvəsinə can atan bir ölkədə yaşayırıq.

Müzəffər Ali Baş Komandan! Son 200 illik tariximizdə qazanılan ən böyük Qələbənin də müəllifi Sizsiniz. Üç il öncə Sizin bilavasitə rəhbərliyinizlə haqq savaşına qalxan Azərbaycanın cəmi 44 günə qazandığı möhtəşəm Qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Baş Sərkərdə olaraq işğal altındakı torpaqlarımızın xilaskarı oldunuz, çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdınız. Uzun illər beynəlxalq təşkilatların, bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Sizin hərbi-siyasi diplomatiyanız Azərbaycan Ordusunun gücü qarşısında diz çökdü. Müharibə başa çatdıqdan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başladınız. Qürurla deyirik ki, Azərbaycan yalnız öz iqtisadi qüdrəti, yəni heç bir beynəlxalq təşkilatdan maliyyə yardımı almadan Böyük Qayıdış proqramını həyata keçirir. Soydaşlarımızın köç karvanı dədə-baba yurdlarına - Qarabağa, Zəngəzura doğru hərəkət edir. Bu mənzərəni seyr etmək hər bir azərbaycanlını qürurlandırır.

Cənab Prezident! İşğalçı Ermənistanın məğlubiyyətindən keçən 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə doğru gəlmədi. Üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif yollarla çirkin əməllərini davam etdirməyə çalışdı. Qarabağda qeyri-qanuni cinayətkar rejimin qalıqları da mütəmadi olaraq hərbi təxribatlara əl atır, Azərbaycanı yeni müharibəyə çəkməyə can atırdılar. Törədilən bütün təxribatlara Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə tutarlı cavablar verdi. "Qisas" və "Qətiyyətli cavab" əməliyyatları bunun bariz nümunələridir.

Düşmən təxribatlarına baxmayaraq, ölkəmiz öz hədəfinə doğru addım-addım irəlilədi. Azərbaycan dövləti bu il aprelin 23-də Laçın rayonunda sərhəd-buraxılış məntəqəsini yaratmaqla ərazi bütövlüyünü bərpa etmək əzmini ortaya qoydu.

Düşmənin son dövrlər döyüş mövqelərini möhkəmləndirməsi, quldur dəstələrini silahlandırması, kəşfiyyat fəaliyyətlərini genişləndirməsi, minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməlləri Azərbaycanı tədbir görməyə məcbur edirdi. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da xain düşmənin mina terroru nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu. Açıq görünürdü ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının mövcudluğu sülh və sabitliyə ciddi təhlükədir. Odur ki, şanlı Azərbaycan Ordusu üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, genişmiqyaslı təxribatların qarşısının alınması, erməni silahlılarının tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Yenilməz Ordumuz cəmi bir günə bu missiyanı da uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini, Ali Baş Komandan olaraq Sizin qətiyyətinizi və Sərkərdəlik məharətinizi göstərdi. Xalqımız həmişəki kimi, Sizin ətrafınızda dəmir yumruğa döndü, bütöv oldu və göstərdi ki, güc birlikdədir.

Möhtərəm cənab Prezident! Xalqımıza yaşatdığınız növbəti Qələbəyə görə, Sizə dərindən təşəkkür edirik. Düşmənlərimizin bizə qarşı hazırladıqları bütün çirkin planlar, o cümlədən "Dağlıq Qarabağ Respublikası" xülyası tarixin arxivinə gömüldü. Biz öz torpaqlarımızın sahibiyik, ölkəmizin bütün ərazisində Dövlət Bayrağımız qürurla dalğalanır, suverenliyimiz bərpa olunub. İnanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimizin və xalqımızın daha böyük nailiyyətləri hələ qarşıdadır. Çoxminli həmkarlar ittifaqları üzvləri həmişə olduğu kimi, Sizin ətrafınızda sıx birləşmişdir. Sizi tam dəstəkləyirik, daim yanınızda olacağımıza söz veririk!".