Ağdamda səfərdə olan ərəb tədqiqatçılar erməni vəhşiliyinin şahidi olublar
Digər xəbərlər

Ağdamda səfərdə olan ərəb tədqiqatçılar erməni vəhşiliyinin şahidi olublar

İşğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən Misirdən və Livandan olan tədqiqatçılar burada ermənilərin törətdikləri vəhşiliklərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlara şəhərin təməlinin qoyulduğu ərazidə Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni faşizmi, eləcə də həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun ötən ilin payızında 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində Ağdam da işğaldan azad edilib. İndi Ağdamın yenidən bərpası və quruculuq dövrü başlayıb.

Tədqiqatçılar, həmçinin İmarət Kompleksinin, Çörək muzeyinin, Ağdam Dövlət Dram Teatrının, Ağdam cümə məscidinin və Qiyaslı məscidinin də dağıntılarına baxıblar.

AZƏRTAC