Ağdam-Xankəndi yolundan bəhanəsiz istifadə olunmalıdır
Siyasət

Ağdam-Xankəndi yolundan bəhanəsiz istifadə olunmalıdır

Qarabağın erməni sakinləri Azərbaycan qanunları ilə yaşamalıdır

Məlum olduğu kimi, avqustun 16-da Ermənistan tərəfinin müraciəti ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycanın Qarabağ bölgəsində vəziyyətə dair müzakirələr oldu. Müzakirələrdə TŞ-nin daimi və müvəqqəti üzvləri, BMT nümayəndələri, həmçinin Azərbaycan və Ermənistan təmsilçiləri çıxış etdilər. BMT TŞ-də müzakirələr ötən ilin dekabrında olduğu kimi, Ermənistan diplomatiyasının fiaskosu ilə nəticələndi.

Politoloq Elxan Şahinoğlu Ermənistan, Qarabağ separatçıları, erməni lobbisi və onlara dəstək verən mərkəzlərin Laçın yolu mövzusunu beynəlmiləlləşdirməyə çalışdıqlarını bildirib və BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirələrin qayəsindən danışıb:

"BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə sənəd qəbul edilmədi. Bu, mümkün də deyildi. Çünki qətnamənin qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin yekdil qərar verməsi lazım idi. Bu isə indiki şəraitdə mümkün deyil. Təhlükəsizlik Şurasının daimi üzvləri olan Rusiya və Çin hər zaman digər 3 üzv - ABŞ, Fransa və Böyük Britaniyanın təkliflərinin əleyhinə səs verirlər. Rusiya-Ukrayna müharibəsi fonunda ikiyə ayrılan qütbün münasibətləri daha da gərginləşib. Ona görə də daimi üzvlərdən birinin - Fransanın Ermənistanın və Qarabağ separatçılarının xeyrinə qəbul etmək istədiyi sənədə Rusiya dəstək verməyəcək, veto hüququndan istifadə edəcəkdi. Bunun digər səbəbi Moskvanın ABŞ və Avropa İttifaqının Cənubi Qafqazda fəallığından keçirdiyi narahatlıqdır.

BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə ABŞ və Böyük Britaniyanın da maraqlarına cavab vermirdi, çünki hər ikisinin Azərbaycanla strateji tərəfdaşlığı mövcuddur. ABŞ və Böyük Britaniyanın BMT-dəki təmsilçiləri sadəcə Laçın yolunun açılmasının vacibliyini bildirdilər, eyni zamanda alternativ yolların istifadəsini də mümkün saydılar. Ümumiyyətlə, Təhlükəsizlik Şurasında "Ağdam-Xankəndi yolu" ifadəsinin tez-tez səslənməsi faydalı idi. Vaşinqton və London Azərbaycana qarşı hər hansı sənəd qəbul etməməklə Bakı ilə münasibətləri korlamaq istəmədi, "Laçın yolu açılmalıdır" deməklə isə İrəvanı razı salmağa çalışdılar. Albaniyanın BMT-dəki təmsilçisinin Azərbaycanın haqlı mövqeyini dəstəkləyən çıxışı isə iki ölkə arasındakı münasibətlərin inkişafı üçün yaxşı zəmindir", - deyə siyasi şərhçi qeyd edib.

Bundan sonra nə olacaq sualını isə Elxan Şahinoğlu belə cavablandırıb:

"Ermənistanın hakimiyyət təmsilçiləri BMT-də Azərbaycan əleyhinə hər hansı qətnamənin qəbulunu məğlubiyyət kimi qiymətləndirməyəcəklər, "biz mötəbər beynəlxalq təşkilatda Qarabağ ermənilərinin mövcud durumu və Laçın yoluyla bağlı müzakirələrə nail olduq" fikrini əsas tutacaqlar. Ancaq zaman keçdikcə bu müzakirələr unudulacaq, reallıq isə dəyişməyəcək: Qarabağın erməni sakinləri Ağdam-Xankəndi yolundan istifadə etməli və Azərbaycan qanunları ilə yaşamalıdırlar! Bu məsələdə güzəşt olmayacaq. Laçın yolu ilə bağlı da manevr imkanlarımız mövcuddur, hansı şərtlər daxilində bu yoldan daşınmanın mümkün olduğunu müəyyənləşdirməli və ermənilərin böyük dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana mümkün təzyiqlərini heçə endirməliyik. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bizi iki hədəfimizdən yayındırmamalıdır: İki ildən sonra Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsinə nail olmalı; Qarabağ separatçılarını ərazilərimizdən çıxarmalıyıq.

M.BAĞIRLI,

"Respublika".