Ağcabədi: Şəhər görkəmini dəyişir
Region

Ağcabədi: Şəhər görkəmini dəyişir

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son illərdə aparılan nəhəng quruculuq işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min kilometr uzunluğunda yeni qaz, su təchizatının yaxşılaşdırılması üçün bölgələrdə 13 min kilometr uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modul tipli sutəmizləyici qurğu quraşdırılıb, 706 min nəfər əhali içməli su ilə təmin edilib. Uzunluğu 16 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib.

Dövlət proqramları həyatiliyini və faydalılığını əyani şəkildə sübut edir, gələcək inkişafa doğru inamlı addımların atılmasına böyük töhfə verir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Qarabağ iqtisadi rayonuna daxil olan Ağcabədidə uğurla yerinə yetirilir. Tarixə qovuşan 2022-ci il rayonda quruculuq ili kimi yadda qaldı. Şəhərin siması gündən-günə dəyişir, yeni tikililər diqqəti cəlb edir, abadlıq işləri həyata keçirilir.

Ağcabədi şəhərinin 10 əsas mərkəzi küçəsinə yenidən asfalt döşənir, 2 küçədə isə qum və çınqıl işləri görülür. Şəhərin Şamil Cəmşidov, Qarabağ, Əli Muxtarov və digər küçələrində asfalt örtüyünün döşənməsi başa çatdırılıb. Qeyd edək ki, adları çəkilən küçələrdə asfaltlanma işlərinə başlamazdan əvvəl yolçəkənlər çətinliklə qarşılaşdılar. Belə ki, 2018-ci ildə içməli su üçün çəkilən borularda yaranan problemlər bu küçələri yararsız hala salmışdı. Ümumi uzunluğu 1400 metr, eni isə 6 metr olan bu küçələr yararlı vəziyyətə gətirilərək sakinlərin ixtiyarına verilib. Ümumlikdə, şəhərdaxili küçələrdə 24850 kvadratmetr ərazinin asfalt örtüyünün bərpası nəzərdə tutulub. Hazırda şəhərin Tofiq İsmayılov və Üzeyir Hacıbəyli küçələrinə qum və çınqıl döşənməsi işləri aparılır. Əsas küçələrdən biri olan Xəlfərəddin küçəsinin də asfaltlanması nəzərdə tutulub. Eyni zamanda şəhərdəki küçələrin işıqlandırılması da aparılır. Şəhərin ümumi uzunluğu 56 kilometr olan daxili küçələri ən müasir "Filips" işıq plafonları ilə təmin edilir. Bir sözlə, yüksək keyfiyyətlə və sürətlə görülən işlər nəticəsində mövcud küçələrin işıqlandırılması tezliklə başa çatdırılacaq.

Salman ALIOĞLU,

"Respublika".