İmişli şəhərində pandemiya qaydaları nəzərə alınmaqla rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradovun, Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyevin, Gənclər və İdman İdarəsinin rəisi Ceyhun Əbdülovun və Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun iştirakı ilə “YARAT” Təhsil və Karyera Mərkəzi MMC-nin açılış tədbiri keçirildi.
Mərkəzin direktoru Ziya Rzayev mərkəz haqqında məlumat verərək, bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlara, xüsusən gənc sahibkarlara göstərdiyi diqqət və qayğı hər zaman hiss edilməkdədir. Rayon icra hakimiyyətinin məsul əməkdaşı Rüfət Muradov çıxışı zamanı “YARAT” təhsil mərkəzinə, şagird və müəllim heyətinə RİH başçısı Elçin Rzayevin adından uğurlar arzulayaraq belə bir mərkəzin fəaliyyətinin olduqca önəmli bir məsələ olduğunu qeyd etdi. Həmçinin digər çıxışçılar da Təhsil Mərkəzinə uğurlar arzulayaraq cəmiyyətə, millətə, dövlətə daha yüksək xidmət edəcəklərinə inamlarını bildirdilər.
Sonra mərkəzin direktoru Z.Rzayev qonaqları bina ilə tanış etdi. Təhsil mərkəzinin binası ümumilikdə 120 nəfər yerlikdir və müasir avadanlıq, həmçinin invertarlarla təmin edilmiş 10 otaqdan ibarətdir. Sonda İmişli Rayon İcra Hakimiyyəti tərəfindən Təhsil mərkəzinə çoxfunksiyalı “Canon” markalı printer hədiyyə edildi. Tədbirdə iştirak edən qonaqlar mükafatlarla təltif olundular.
Qeyd edək ki, “YARAT” Təhsil və Karyera Mərkəzi 21 may 2021-ci il tarixində Azərbaycan Respublikası Kiçik və Orta Biznesə Dəstək Agentliyinin dəstəyi ilə təsis və təsdiq edilmişdir. Mərkəz abituriyent hazırlığı, kompüter və danışıq klubu kimi fəaliyyətlərlə xidmət göstərəcək. Mərkəzdə xüsusilə şəhid övladları və həssas ailə qruplarına daxil olan ailələrin övladları tam ödənişsiz təhsil alacaqlar.
Ərəstun ABDULOV,
“Respublika”.