Xan Sarayı böyük maraq doğurub
Region

Xan Sarayı böyük maraq doğurub

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min Şəkidə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşüb. İcra başçısı səfirə Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verib. Bildirib ki, Şəkidə qədimdən ipəkçilik və sənətkarlıq yüksək səviyyədə inkişaf edib. Şəki, həm də qədim tarixi-memarlıq abidələri ilə məşhurdur.

Səfir qonaqpərvərliyə görə minnətdarlq edib, Şəkidə olmağından çox məmnun olduğunu bildirib. Görüşdə Çin Respublikasının Sıçuan əyalətinin Lianşan-İy Muxtar Dairəsi ilə Şəkinin qardaşlaşmasına dair Memorandumun imzalanması ilə bağlı müzakirə aparılıb, səfir xanım Qo Min Şəkidə keçiriləcək “İpək Yolu“ XII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək Çin ansamblı və nümayəndə heyəti haqqında məlumat verib.

Şəkiyə səfəri çərçivəsində xanım Qo Min Kiş kəndində Alban məbədi və "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə tanış olub. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq çinli diplomatda böyük maraq doğurub. Səfir, həmçinin, "Azəripək” MMC-də və Şəki şərab zavodunda istehsal prosesi ilə tanış olub.

M.QULUYEV,

“Respublika”.