İQTİSADİYYAT

"Acwa Power" şirkətinin sədri ilə Azərbaycanda həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb

Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla keçirilən onlayn görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a İqtisadiyyat Nazirliyindən bildirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "Acwa Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşündə qeyd edib ki, Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpaolunan enerjinin səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir. Bu istiqamətdə bərpaolunan enerji resursları sektorunda aparıcı şirkətlərdən olan "ACWA Power" şirkəti ilə əməkdaşlığa önəm verilir. Ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpaolunan enerji baxımından gözlənilən böyük dəyişikliklərdən xəbər verir.

Görüşdə ölkəmizdə "yaşıl enerji" layihələrinin reallaşdırılması məqsədilə tətbiq olunan stimullar barədə məlumat verilib, şirkətin Azərbaycanda həyata keçirdiyi külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması layihəsi, eləcə də SOCAR ilə potensial əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.