Acı bir həyat hekayəsi...
Sosial həyat

Acı bir həyat hekayəsi...

Şəhidlərin xatirəsinə

1990-cı il 20 Yanvar... O gün müstəqillik uğrunda mübarizəmizin ilk şəhidlərini verdik. Arasında uşaq da vardı. Elə Xocalıda öldürülən 613 nəfərin də 63-ü uşaq idi. Əslində bu millətin qanına susayan ermənilər körpə, günahsız balalarımızın qətliamına çoxdan başlamışdı. Uzaq deyil, yaxın tariximizin qanlı səhifələrini vərəqləyirik: 1988-ci ildə soydaşlarımız əzəli torpaqları olan Qərbi Azərbaycandan qovulanda 23 uşaq qətlə yetirilmişdi. Həmin ilin dekabrında Hamamlıda (Spitak rayonu) 17 azyaşlı uşağı iri diametrli boruya doldurub hər iki tərəfini kip bağlayaraq öldürmüş, yenə də həmin vaxtda Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlı uşağı eyni üsulla qətlə yetirmişdilər. 1989-cu ildə isə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimovların da həyatına son qoyulmuşdu.

Atəşkəs olsa da yenə də şəhidlər verir, yenə də körpə övladlarımızı itirirdik. 2011-ci il martın 8-də Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov, 2016-cı il aprelin 4-də Ağdam rayonunun Üçoğlan kənd sakini 16 yaşlı Pakizə Məhərrəmli, 2016-cı il iyulun 14-də Tovuz rayonunun Əlibəyli kəndində 12 yaşlı Nərmin və onun 8 yaşlı qardaşı Tuncay öldürüldü. Həmin gün Əlibəyli kəndində başqa bir faciə də baş verdi. Tovuz çayından tapdığı oyuncağa yerləşdirilmiş partlayıcı mexanizmin işə düşməsi nəticəsində 13 yaşlı Aygün Şahmalıyeva həlak oldu. Ermənistanda istehsal olunan bu oyuncaq məqsədli şəkildə çaya atılmışdı.

2017-ci il iyulun 4-də Füzuli rayonu Alxanlı kənd sakini 2 yaşlı Zəhra Quliyevanın qətli bütün ölkəni sarsıtdı. Səsimizi ucaltsaq da duyan olmadı.

Gözü kor, qulağı kar, dili lal, bağrı daş dünya birliyi həmişə olduğu kimi, bunu da görmək, eşitmək istəmədi.

Düz 33 il əvvəl bir qış günü bütün arzuları qar üstünə qanı ilə yazılan bir şəhid məktəblinin acı hekayəsini, fəryadını da duyan, eşidən olmadı!

Şəhidlər Xiyabanı... Məktəbli Larisanın məzarı önündəyəm. "Bax, Azərbaycan əsgəri qisasınızı aldı", - dedim. Lal baxışlar dilə gəldi...

Bəs deyilmi, töküldü qan, axdı qan...

Eh, ədalətsiz dünya, sən heç dəyişməmisən, elə əvvəlki kimisən. Toplar, silahlar gurlayır, qanlar tökülür, torpaq göz yaşından su içir yenə. Uşaqlar ölür, arzuları gözündə qalır...

Bir gün mənim də cocuqluğum yarıda qaldı, zaman durdu, həyat dayandı. Müdhiş bir gecənin qurbanı oldum mən də. İndi o gecədən düz 33 il keçir. 33 il... Onda mənim 13 yaşım vardı. Bu yaşda uşaqlar hakimiyyətdən, siyasətdən nə anlar ki?!.

 Deyirlər, şəhidlər ölmür, onların ruhları daim oyaqdır. Bəlkə mən də ölməmişəm, ölsəm belə ruhum duyur hər şeyi, dünya heç dəyişməyib, yenə günahsız insanlar öldürülür Yer üzündə. Bəs deyilmi? Axı, insan itkisinin nə qədər ağır olduğunu duyan, o acıları yaşayan da sizsiniz. Bu nə övkə, bu nə hirs? Tanrının əmanət etdiyi cana tək bir o özü hakimdir. Əcəl deyilən bir şey var. Qəfil gülləyə tuş gəlmək də əcəldir, bax mənim kimi...

Mən meydan, mitinq bilməzdim, çərxi fələyin oxu fırlanıb-fırlanıb məni seçdi o gecə... Mənsiz keçən bu illərdə doğmalarım, əzizlərim necə yaşadı, necə dözdü? Hər şey bir anda oldu, yer-göy titrədi, gurultudan özünü itirən atam sükanı əlində güclə saxlayırdı, hara sürəcəyini, hara gedəcəyini də bilmir, elə hey məni səsləyirdi. Mən keyimişdim, ciyərlərim yanırdı, axı bir dəqiqə əvvəl hər şey yaxşı idi, mən dərsdən evə dönürdüm, həmişəki kimi atamın idarə etdiyi avtobusun pəncərələrindən ətrafa boylanır, zülmətə bürünmüş şəhərin küçələrində ora-bura qaçan adamlara baxır, heç nə anlamırdım. Biz gedir, gedir, gedirdik, qaranlıq bir tunelin içindən keçirdik. Bu yollar mənə tanış deyildi, heç vaxt keçməmişdim. Hara gedir, məni hara aparırdı? Hərdən bir səs gəlirdi qulağıma: "Bir az döz, sən yaşayacaqsan, sən yaşayacaqsan!" Mən ölürdümmü? Yox, yox, ölmək istəmirəm, axı çiçək arzularım öndədir. Ay ölüm, sən də eşit, mən ölmək istəmirəm, ölsəm də sənə güc gələcəm. Ölümü öldürüb bütün dünyanı ölümün üstünə güldürəcəm. Mən ölmək istəmirəm, axı doğmalarım kədərə, yasa bürünər. Ömrümü yarıda qırma, məni qatarımdan ayırma, anamın gözlərini yaşlı qoyma, Allahım! O soyuq, kiçik məzara necə sığaram?! Mən yaşamaq, yaşamaq istəyirəm!

O gecə məni heç kəs eşitmədi, heç kəs duymadı. Damarlarımda qanın donduğunu hiss edirdim, səsimə səs vermirdi heç kəs. Artıq danışmağa, nəsə deməyə heyim qalmamışdı, nitqim tutulur, gözlərim qaralır, qollarım, ayaqlarım taqətdən düşürdü. Deyəsən, nağıla dönürdüm, sabah isə bir qara daş olacaqdım...

Bu nə izdiham, bu nə qələbəlik idi, əllərdə gül-çiçək dəstələrinin sayı-hesabı yox idi, hamının da gözü yaşlı... Bu qədər də insan olarmı? Ağır yerişlərlə hara gedirdilər, başlarının üstündə də üçrəngli bayrağımız dalğalanırdı. Mən də onların arasında idim, onlarla birgə gedirdim, çiyinlərində, tər, al qərənfillərə bürünmüşdüm. Hə, anladım, son mənzilimə aparırdılar...

 O gündən doğmalarımın bütün həyatı alt-üst oldu, hər gün məzarımın başına gəlib göz yaşlarıyla isladırdılar, ən çox da anam. Mən ona hər dəfə deyirdim: "Ay ana, ağlama, sən ağlayanda məzarım damır axı, ancaq... Ev-eşiyə sığmırdı, qoxumu əşyalarımdan, son günədək əlimdən düşməyən gəlinciklərimdən alırdı, yığıb gətirmişdi hamısını məzarımın üstünə. Yəqin elə bilirdi ki, yenidən doğulacaq şirin ana laylalarıyla buğda-buğda böyüyəcək, məktəbə gedəcək, dərsdən evə dönüb kitab-dəftərlərimi töküb-töküşdürüb həmin gün olub-keçənlərdən danışacam, müəllimlərimdən, sinif yoldaşlarımdan söhbət açacam. Dərslərimi, ev tapşırıqlarımı tamamlayıb, bir az televizoru seyr edəcək, sonra bir-birimizə şirin yuxular diləyib yatağıma uzanacam. Səhər yenə onun doğma, şirin səsinə oyanacam... həmişə olduğu kimi.

Hər səhər onun səsinə oyanırdım, məzarımın başında dil deyib ağlayırdı, hərdən acığım tuturdu, eh, bu qədər də ağlamaq olar? Sonra tez hisslərimi cilovlayırdım, sevinirdim, bax atam da, anam da burdadır, onları görür hiss edir, duyur, səslərini eşidirəm. Bir tək danışa bilmirəm, danışsam da lal baxışlarımla anlatmağa çalışıram. Bilmirəm anlada bilirəmmi? Mən burda tək deyiləm, gör nə qədər məzar var, hamısı da şəhid məzarı. Elə Şəhidlər Xiyabanı da ona görə deyirlər gələni-gedəni çoxdur. Bağça uşaqları, məktəblilər, gənclər, qocalar, müharibə veteranları... axın-axın ziyarətə gəlirlər. Məktəblilər demiş... oxuduğum məktəbi, yoldaşlarımı da xatırlayıram, indi yaşa dolublar, əksəriyyətinin mənim yaşımda övladları da var, bəlkə də...

O müdhiş gecədən sonra uzun müddət barışa bilməmişdilər mənim yoxluğumla, oturduğum partanı uzun müddət boş saxlamışdılar, üstünə hər gün qırmızı qərənfillər düzürdülər, məzarımı da ziyarət etmişdilər.

Heç bu yaşda da şəhid olar? İllər nə tez ötüb keçdi? 33 ildir, mən məzara, qara daşa dönəli... Deyirlər, qara daşlar göyərəcək əgər o qara daşın altında çiçək açmamış arzular, nakam ömürlər uyuyursa, onların müqəddəs ruhları bu qara daşları göyərdəcəkdir. Bilirsiniz nə vaxt? Anaların nisgilinə, həsrətinə son qoyulanda, 2 yaşlı Zəhranın, Farizin, Nicatın, Nadirin, Nərminin... və düşmən gülləsinin qurbanı olan yüzlərlə uşağın qanı yerdə qalmayanda. Yaranışından bəri dünyamızı bölüşə bilməyənlərin vicdanı oyananda, bir araya gəlib bu suala cavab tapanda: cocuqların günahı nə?!.

Şəhidlər Xiyabanı... sıralanan məzarlar arasında bir qız çocuğunun da məzarı var: şəhid məktəbli Məmmədova Larisa Fərman qızı. Məzar daşından boylanan lal baxışları səssiz-səssiz deyir: qanımız yerdə qalmadı…

Ölümlərilə ölümü öldürənlərin ruhuna ehtiramla, hamının bildiyi, acı həyat hekayəsini bir daha anlatdı:

Zümrüd QURBANQIZI,

"Respublika".