ABŞ-ın növbəti Cənubi Qafqaz təxribatı
Siyasət

ABŞ-ın növbəti Cənubi Qafqaz təxribatı

ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də "Dağlıq Qarabağın gələcəyi" mövzusunda dinləmələr keçirilib. Qərbin Cənubi Qafqaz marağı gündən-günə artır. Çalışırlar ki, Ermənistan vasitəsilə ölkəmizə və ətraf dövlətlərin daxili məsələlərinə müdaxilə etsinlər. Lakin bu, mümkün deyil. Azərbaycan Qarabağ məsələsini 3 ildir ki, həll edib. ABŞ Konqresinin Nümayəndələr Palatasının bu dinləmələri birbaşa olaraq qeyri-obyektiv yanaşmanın təzahürü və təxribat xarakterli addımdır.

Məsələ ondadır ki, siyasi-coğrafi məkan olaraq tarixdə həmişə "Dağlıq Qarabağ" deyil, bütöv halda, yəni bölgənin bütün ərazisini - dağlarını, düzənlərini əhatə edən Qarabağ anlayışı olub. Onu da qeyd edək ki, "Dağlıq Qarabağ" anlayışı son dövrlərin "məhsuludur". Bu ad separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilib. Əgər "Dağlıq Qarabağ" varsa, deməli, düzən və ya aran Qarabağ bölgəsi də var. Reallıq da belədir ki, bu gün Azərbaycanda bütöv Qarabağ mövcuddur. Tarix boyunca həm dağlıq hissə, həm də aran hissə Azərbaycan torpaqları olub. Deməli, Qarabağın gələcəyi də bizim daxili işimizdir. Bu məsələnin hansısa dairələrdə Azərbaycanın razılığı və nümayəndələri olmadan müzakirə olunması isə ölkəmizə qarşı yönəlmiş təxribatdır.

Azərbaycan Qarabağ bölgəsində yaşamış bütün erməni əsilli vətəndaşlara öz evlərində rahatlıqla qala biləcəklərinin təminatını verib. Qarşıya qoyulan şərt isə Azərbaycan Respublikasının Konstitusiyasına əməl etmək və vətəndaşlıq qəbul etməkdir. Burada hər hansısa bir "narahatlıq" yaradan situasiyadan söhbət gedə bilməz. Ölkəmiz oradakı əhali üçün ərzaq, qaz, işıq və sair yardımlar da göstərib. Əgər respublikamızın pis bir niyyəti olsaydı, bölgəyə müşahidə üçün missiyalar çağırmazdı. Gələn nümayəndələr öz bəyanatlarında da vurğuladılar ki, heç bir mülki şəxsə ziyan dəyməyib, bölgədən gedən erməni əsilli vətəndaşlar öz istəkləri ilə buranı tərk edir və onların təhlükəsiz formada mənzilbaşına çatmaları üçün Azərbaycan tərəfindən tədbirlər görülür.

ABŞ-ın bu addımları birmənalı olaraq dağdan gəlib, bağdakını qovub, özü ağalıq etmək siyasətidir. Qərbin yenidən bölgədə müharibəni alovlandırıb, sülhü gecikdirmə cəhdləri şübhəsiz ki, əbəsdir. Çünki Azərbaycan nə ABŞ, nə də Konqres qarşısında öhdəlik daşımır.

Qərbin Üçüncü Dünya müharibəsini başlatmaq istəyi onun təxribatçı mövqeyindən xəbər verir. Şərqi Avropa, Yaxın və Orta Şərqdə katalizator rolunu oynamağa çalışan ABŞ dünyanın müxtəlif bölgələrində baş verən müharibələrə, dövlət çevrilişləri, vətəndaş müharibələrinə müdaxilə edir. Şübhəsiz ki, Liviya, Suriya, İraq və Əfqanıstandakı bugünkü durum məhz həmin dağıdıcı xarakterli siyasi kursun nəticəsidir. ABŞ Əfqanıstanı narkotik plantasiyasına çevirmişdi. Buranı tərk etdikdən sonra isə ölkədə narkotik plantasiyalarının həcmi 20 dəfədən çox azalıb. 20 il Əfqanıstanı işğal altında saxlayan ABŞ bu ölkədə bir dənə də olsun obyekt tikməyib, yol salmayıb. Bu, eynilə Ermənistanın 30 il müddətində Qarabağda yürütdüyü siyasətə bənzəyir. Qərb qarşısında aynası olan Ermənistanla əməkdaşlıq edərək, Cənubi Qafqazda da bu niyyətlərini həyata keçirməyə çalışır. Sözsüz ki, bu mümkün olmayacaq bir xülyadır.

Ağ Ev "parçala, hökm sür" siyasətini indi bölgəmizdə tətbiq etmək istəyir. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Qərbdir. Avropanı Rusiyanın enerji resurslarından məhrum edən ABŞ bu böyük bazarı özününküləşdirməyə çalışır. Bundan başqa, Azərbaycanın İranla Naxçıvan Muxtar Respulikasına Zəngilandan çəkiləcək yolla bağlı müqaviləni də tənqid edib. Həmçinin Ağ Ev, bu layihənin uğursuz olduğunu da bildirib.

Bəli, Konqresdə çıxış edənlər bildirdilər ki, ABŞ Azərbaycana yardım etməyəcək. Lakin unudurlar ki, Azərbaycanın heç bir ölkənin yardımına ehtiyacı yoxdur. ABŞ-ın Cənubi Qafqaz üçün qurduğu planlar elə kağız üzərində də qalacaq. Çünki Azərbaycan xalqı uzun illər bu pisliyi, riyakarlığı görüb, hiddətlənib. Lakin öz gücünə ayağa qalxıb və suveren hüququnu bərpa edib. Ölkəmiz heç bir dövlət və ya təşkilatın hədə-qorxusuna boyun əyməyəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".