Abdulkadir Emin Önen: Asiya Parlament Assambleyasının Bakı iclası yüksək səviyyədə təşkil edilib
Digər xəbərlər

Abdulkadir Emin Önen: Asiya Parlament Assambleyasının Bakı iclası yüksək səviyyədə təşkil edilib

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyənin APA-dakı nümayəndə heyətinin rəhbəri, qurum sədrinin təmsilçisi Abdulkadir Emin Önenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunaraq qeyd edilib ki, iki ölkə arasında qardaşlıq, dostluq əbədidir və bu münasibətlər bir çox ölkələr üçün nümunədir. Vurğulanıb ki, münasibətlərimiz Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına uyğun olaraq hər gün daha da inkişaf edir və genişlənir. İki ölkənin bütün platformalarda bir-birini dəstəklədikləri qeyd olunaraq bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə BMT Baş Assambleyasındakı çıxışında qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu, bizim haqq işimizə davamlı dəstəyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Görüşdə 44 günlük Vətən müharibəsi dövründə də Türkiyədən olan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsi və ölkəmizə siyasi-mənəvi dəstək verməsi xatırlanaraq əlavə edilib ki, Azərbaycan da hər zaman Türkiyənin yanında olduğunu dəfələrlə nümayiş etdirib.

Azərbaycan və Türkiyənin qanunverici orqanları arasında da münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Qeyd edilib ki, digər sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrimiz də həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində uğurla inkişaf edir.

Görüşdə regionda baş verən son hadisələr barədə də qonaqlara məlumat verən Milli Məclisin sədri bildirib ki, erməni təxribatlarına cavab olaraq Azərbaycan regionda lokal antiterror tədbirləri həyata keçirməyə məcbur olub.

Sahibə Qafarova, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qayıtmaları üçün görülən tədbirlər barədə də məlumat verib.

Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının yüksək səviyyədə təşkil edildiyini, tədbirdə müzakirə olunan mövzuların aktuallığını diqqətə çatdırıb.

O, dost və qardaş ölkələrimiz arasında münasibətlərin zamanın sınaqlarından uğurla çıxaraq daha da möhkəmləndiyini və bu gün bütün sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.