Şəki: İntensiv fındıq bağları salınır
Region

Şəki: İntensiv fındıq bağları salınır

Respublikamızda regionların davamlı sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən aqrar islahatlar və görülmüş məqsədyönlü tədbirlər nəticəsində kənd təsərrüfatının bütün sahələrinin inkişafında mühüm uğurlar əldə olunub. Dövlət dəstəyinin göstərilməsi nəticəsində kənd təsərrüfatının perspektivli sahələrindən sayılan fındıqçılıq respublikanın ən böyük aqrar rayonlarından olan Şəkidə də geniş inkişaf etdirilir.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov “Monte-Ferro” şirkəti tərəfindən rayonda yeni salınan intensiv fındıq bağlarına baxaraq burada yaradılan müasir şəraitlə tanış olub.

Şəhər icra hakimiyyətindən verilən məlumata görə, “Monte Ferro” şirkəti 2017-ci ildən rayon ərazisində fəaliyyət göstərir. Şirkət əsasən icarəyə götürdüyü dövlət, bələdiyyə və pay torpaqlarında fındıq bağları salmaqla məşğuldur. Fəaliyyət göstərdiyi dövrdə şirkət tərəfindən Şəki rayonu ərazisində ümumilikdə 1362 hektar sahədə yeni fındıq bağları salınıb. Onun 570 hektarı Bideyiz kəndi, 432 hektarı Biləcik kəndi, 360 hektarı isə İnçə kəndi ərazisində yerləşir.

Qeyd olundu ki, yeni salınan fındıq bağlarında əsasən “Ata-bala”, “Zaqatala-9” və s. kimi yerli fındıq sortlardan istifadə edilir. Bu sortların tingləri Qax və Zaqatala rayonlarından əldə edilir. Şirkət 2023-cü ilin əkinində İtaliyadan gətirilmiş “Romana” və “Nokiana” fındıq sortlarının tinglərindən də istifadə etmişdir. Yeni salınan bağlarda 6X5 əkin sxemindən istifadə edilmiş və bir hektara 320 ədəd ting əkilmişdir.

Şirkət tərəfindən müasir texnologiya əsasında salınan yeni fındıq bağları intensiv bağlardır. Bağlarda suvarma işlərinin aparılması üçün damla-suvarma sistemi quraşdırılaraq istifadəyə verilmiş, suvarma suyuna olan tələbatın ödənilməsi üçün yeni salınan bağların ərazisində 8 ədəd subartezian quyusu quraşdırılmış, 4 ədəd 10 min kubmetr sututumu olan hovuzlar inşa edilmişdir. Şirkətin yeni saldığı fındıq bağlarında elektrik xətlərinin  çəkilməsi, yolların salınması və digər infrastrukturun yaradılması təmin edilmişdir.

Hazırda müəssisə tərəfindən yeni icarəyə götürülən 960 hektar (onun 130 hektarı Bideyiz kəndi, 830 hektarı isə İnçə-Zunud kəndləri ərazisində) torpaq sahələrində təmizlik - hazırlıq işləri aparılır və qarşıdakı illərdə həmin sahələrdə intensiv fındıq bağlarının salınması nəzərdə tutulmuşdur.

M.NƏRİMANOĞLU,

“Respublika”.