60 ilin işığında
Region

60 ilin işığında

Bura bizim şəhərdir - Şirvan şəhəri. 1963-cü ildə şəhər statusu alıb və ondan cəmisi 4 il sonra gənc mütəxəssis kimi mən təyinatla bu şəhərdə işləməyə gəlmişəm. Əksər yeniliklər, dəyişikliklər gözlərim qarşısında, mətbuat sahəsində çalışıb gördüklərimi qələmə aldığımdan, demək mümkünsə, həm də müəyyən qədər mənim iştirakımla baş verib. Doğma Azərbaycanın palitrası o qədər zəngindir ki, hər regionun, hər yaşayış məkanının özünəməxsus üstünlükləri var. Bu günün özündə də aktual olan statistik rəqəmlərə istinad etsək, adambaşına düşən yaşıllığın həcminə görə Şirvan şəhəri respublikamızda ön sıralardan birində dayanır. Aranda yerləşən və quru iqlimi olan bu şəhərdə yaşıllıq yaratmaq böyük əziyyət hesabına başa gəlir. Lakin sakinlər illərdir ki, şəhərin yaşıllıqlarını qoruyub saxlaya bilirlər. Ölkənin paytaxtı Bakı şəhərindən Şirvana cəmi bir saatdan bir az artıq yol olduğundan sakinlər paytaxta asanlıqla gediş-gəliş edə bilirlər ki, bu da Şirvanın bir başqa üstünlüyüdür. Digər misallar da çəkmək olar. Bunları sadalamaqda məqsəd odur ki, 60 il bundan əvvəl olduğu kimi, Şirvanda çalışıb işləmək həvəsində olanlar indinin özündə də az deyil. Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar şəhər ərazisində genişmiqyaslı abadlıq və təmir-bərpa işləri həyata keçirilir.

Müxtəlif illərdə "Papanin", "Zubovka" adlanan, sonralar sovet inqilabçısı Əli Bayramovun adını daşıyan şəhərin maraqlı tarixi var. 30 ildən də artıq müddət ərzində kənd təsərrüfatı rayonu kimi tanınıb. 1955-ci ildə ilk kəşfiyyat quyusu fontan vurandan sonra bu yaşayış məkanının inkişaf istiqaməti dəyişib. Kür çayı üzərində yerləşən şəhərdə Avropada Birinci Açıq Tipli Elektrik Stansiyasının tikintisinə başlanılıb və Əli Bayramlı şəhər statusu alandan cəmisi 3 il sonra 7 bloklu, o dövr üçün möhtəşəm hesab olunan stansiya istifadəyə verilib. Bir-birinin ardınca yağ emalı, süni dəri, dəzgahqayırma, saxsı boru, cihazlar, sənaye avtomatika və telemexanika, yeyinti konsendratları, hidrogenizasiya və digər sənaye müəssisələri işə düşüb. Əli Bayramlı kənd təsərrüfatı rayonundan respublika tabeliyində iri şəhərlərdən birinə çevrilib. Sənaye infrastrukturu ilə yanaşı, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının sayı artıb və əldə olunan artım, inkişaf bu il böyük təntənə ilə 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin şəxsi göstərişləri, qayğı və diqqəti sayəsində həyat vəsiqəsi alıb. Bu gün Şirvan şəhəri tanınmaz dərəcədə dəyişib. Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmişdir. Ölkə başçısı dəfələrlə Şirvan şəhərinin qonağı olub, hər gəlişində öz tövsiyələri ilə davamlı inkişafa yeni impuls verib. Artıq bir neçə ildir ki, Şirvan şəhərində "Nümunəvi məhəllə", "Bizim həyət" devizi altında hərəkat başlanmış və davam etməkdədir. 2020-ci ildə Şirvan şəhəri ərazisində xüsusilə, genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasına start verildi. Məhəmməd Füzuli adına Şirvan şəhər parkı xüsusi layihə əsasında, yüksək keyfiyyətlə, zövqlə yenidən quruldu. Parkın girəcəyində Şirvan şəhərinin "Qırxçıraq" adlandırılmasını simvolizə edən 40 çıraqdan ibarət sütunlar quraşdırıldı, mərkəzi hissədə uşaq əyləncə, idman qurğuları tikildi, parkı əhatə edən süni göl genişləndirildi, "Qəmgin ana" abidəsi yenidən quruldu.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Şirvan şəhəri Naxçıvan küçəsində 8.11 hektar torpaq sahəsində 1264 mənzildən ibarət "Yeni Şirvan" yaşayış kompleksinin inşasına başlanılmışdır. "Bakı Abadlıq Xidməti" MMC və Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin küçə və prospektləri yeni işıqlandırma sistemləri ilə təchiz olunmuş, layihə çərçivəsində şəhərin 135 ünvanında, o cümlədən 122 küçə, 2 xiyaban, 8 məhəllədaxili, 1 nümunəvi məhəllə, 1 meydan və 1 dairədə ümumilikdə 134 152 metr yeni işıq xətti çəkilmiş, 3 996 işıq dirəyi, 502 690 vatt ümumi gücü olan 5 417 işıq nöqtəsi quraşdırılmışdır.

"Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı Şirvan su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmış, cari ildə şəhərin küçə və prospektlərində ümumilikdə 10 505 metr müxtəlif diametrli su xətləri və 3 043 metr kanalizasiya xətləri çəkilmiş, 105 ədəd kanalizasiya baxış quyusu, 588 ədəd mexaniki su sayğacı quraşdırılmışdır.

"İDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində Heydər Əliyev prospekti, Tofiq İsmayılov küçəsi və 20 Yanvar küçələrində 2 nümunəvi məhəllə, 20 Yanvar küçəsində 1 abad məhəllənin salınması işlərinə başlanılmışdır. Ümumi sahəsi 2,3 hektar olan, 3000 nəfərdən çox sakinin yaşadığı 3 məhəllədə idman və uşaq əyləncə qurğularının, yeni oturacaqların, söhbətgahların, müasir işıqlandırma sisteminin quraşdırılması, əraziyə tamet tavaların döşənməsi, meydançaya süni örtüyün sərilməsi, beton səki daşlarının, bordürlərin düzülməsi, məhəllədaxili yollara, avtomobil dayanacaqlarına və blokların giriş hissələrinə asfalt örtüyün vurulması nəzərdə tutulmuşdur.

Bu günlərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində yaradılan "Ürək Mərkəzi"də ətrafdakı 6 şəhər və rayon üzrə kardioloji xəstələrə xidmət göstərir. Regional Mərkəz əhalinin sağlamlığına göstərilən qayğının parlaq təzahürüdür. Şəhərin simasının daha da gözəlləşdirilməsi və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə abadlıq və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilməkdədir.

44 günlük Vətən müharibəsində Şirvan şəhərindən olan gənclər də əsl igidlik nümunəsi göstərmişlər. Doğma torpaqları erməni işğalından azad edərkən şirvanlılardan 149 nəfər şəhidlik zirvəsinə yüksəlmişdir. Bu gün şəhid övladlarımızın müqəddəs ruhu böyük ehtiramla yad edilir. Şəhərdə salınan Şəhidlər Xiyabanında demək olar ki, hər gün qələbəlik nəzərə çarpır. Şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri şəhid məzarları önünə gül dəstələri qoyur, xatirələrini əziz tutur, valideynlərinə dərin hüznlə başsağlığı verirlər. Məməmməd Füzuli adına parkda tikilən "Zəfər" xiyabanında ucaldılan "Zəfər" abidə-kompleksi şəhər sakinlərinin daimi ziyarət etdikləri məkana çevrilmişdir. Şəhərin yubiley bayramında şəhidlərin müqəddəs ruhu da şirvanlılarla birgədir.

Tofiq HÜSEYN,

"Respublika".