30 ildir bağlı qalan sərhədin açılması Paşinyanın gündəmində
Siyasət

30 ildir bağlı qalan sərhədin açılması Paşinyanın gündəmində

"Ermənistan-Türkiyə sərhədinin başqa ölkələrin vətəndaşları üçün açılması ilə bağlı tezliklə yaxşı xəbər olacaq". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışında bildirib. Baş diplomat qeyd edib ki, "3+3" platforması üzrə İranda reallaşan görüş çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla bir araya gələrək normallaşma məsələsini müzakirə ediblər. Mirzoyanın sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi rəsmi İrəvan üçün kritik əhəmiyyət daşıyır. Siyasi şərhçi Turab Rzayev bildirir ki, bu açıqlama ilə bağlı diqqətçəkən məqamlar var.

"İlk baxışdan Ermənistan rəsmilərinin türklərlə yaxınlıq etmək arzusu mücərrəd görünür. Amma hadisələrin gedişatına baxsaq görərik ki, İrəvan reallıqları nəzərdən keçirməyə başlayıb. Belə ki, əgər Ermənistan Rusiyanın təsirindən uzaqlaşmaq, qərbə inteqrasiyaya, eyni zamanda ölkənin müstəqil iqtisadi siyasi kursunu müəyyən etməyə çalışırsa, o zaman Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələri bərpa etməli, bütün nəqliyyat və kommunikasiya xətlərini açmalıdır. Çünki sərhədin açılması həm Türkiyəni, həm də Ermənistanı Mərkəzi Asiya-Avropa-Yaxın Şərq arasında tranzit ölkəyə çevirə bilər. İndiki reallıqda Türkiyə yükləri İran və Gürcüstan üzərindən Ermənistana daxil olur ki, bu da xərcləri artırır. Nəticədə Ermənistanın sosial-iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək yüksək qiymətlər ortaya çıxır. Sərhədin açılması ilə artıq bu uzun marşrutlardan istifadə olunmayacaq. Görünür sərhədin açılmasının gətirə biləcəyi iqtisadi dividendlər Paşinyan Administrasiyasını hərəkətə keçirib. Paşinyan Tbilisidə keçirilən konfransda verdiyi açıqlamada bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyəyə daha çox ehtiyacı var, nəinki sözügedən dövlətlərin Ermənistana. Üstəlik, Paşinyan öz dili ilə dəfələrlə sərhədlərin açılmasından danışıb. Bütün bunlar isə onu göstərir ki, İrəvan hökuməti sistemli iş görməyə başlayıb. Hakan Fidanla görüşün xüsusi olaraq qabardılması isə ona işarə edir ki, Ermənistan Türkiyə ilə siyasi yaxınlaşmanı prioritet kimi müəyyənləşdirib.

Amma unutmamalıyıq ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasının kökündə İrəvanın Bakı ilə yaşadığı problemlər dayanır. Türkiyə açıq şəkildə bəyan edib ki, Ermənistan Azərbaycanla daimi sülh bağlamayınca bu sərhədlər açılmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının oktyabrın 3-də Astanada keçirilən zirvə görüşündə də bu məsələni gündəmə gətirərək deyib ki, İrəvan qonşu dövlətlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Amma rəsmi Ankaranın sərhədi açmamasının yalnız sülh sazişi deyil, həm də bu ölkənin irəli sürdüyü ərazi iddialarıdır. Belə ki, hazırda Ermənistanın dövlət gerbində, otel adlarında, mətbuat orqanlarının emblemlərində Ağrı dağının təsvirini görmək mümkündür. Amma başqa bir ölkənin ərazisində yerləşən dağı dövlət simvolunda istifadə etmək, bu ölkənin ərazisindəki subyektlərə sahib olmağın simvolik ifadəsidir ki, bu da qəbulolunmazdır. Yəni sərhədlərin açılması üçün ermənilərin həm də Ağrı dağı ilə bağlı iddialardan əl çəkməsi, konstitusiyalarında bununla bağlı dəyişiklik etməsi lazım gəlir.

İndiki məqamda görünən odur ki, Ermənistan nə etməli olduğunu yaxşı bilir. Məhz bunun nəticəsidir ki, Paşinyan dərs kitablarından Ağrı dağının çıxarılması ilə bağlı göstəriş verib. Ardınca baş nazir əhali ilə görüşündə Ağrı dağının deyil, Alagöz dağının Ermənistanın ən yüksək zirvəsi kimi qəbul edilməli olduğunu bildirib. Yəni hökumət rəhbəri hər vəchlə göstərir ki, Ağrı dağı iddiası yoxdur və Türkiyə ilə münasibətlərin normallaşmasına çalışır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanla sülhün imzalanmasından sonra Ermənistan-Türkiyə sərhədinin açılması reallaşacaq".

Jalə QASIMZADƏ,

"Respublika".