20 illik inkişafın alqoritmi
Siyasət

20 illik inkişafın alqoritmi

Son 20 ildə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli dərəcədə artıb. Ölkəmizdə dinamik iqtisadi inkişaf üçün bütün şərtlər yüksək səviyyədə təmin edilib. Ötən illərin təcrübəsinə baxsaq, ölkəmizdə iqtisadi inkişafın ardıcıllığının təmin olunması üçün hüquqi baza davamlı olaraq möhkəmləndirilib. Prezident İlham Əliyev iqtisadiyyatımızda daxili və xarici imkanların genişləndirilməsini hədəfləyən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Bütün reallaşdırılan islahatlar ölkəmizdə yüksək rəqabət qabiliyyətinə malik liberal iqtisadiyyatın formalaşmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin optimallaşdırılmasına, büdcə daxilolmalarının artmasına münbit zəmin yaradıb. Bütövlükdə, ölkəmizdə aparılan iqtisadi məzmunlu islahatların əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq fərmanla təsdiqlənən strateji yol xəritələrində milli iqtisadiyyatımızın mühüm istiqamətləri üzrə perspektiv inkişaf hədəfləri və onlara çatmaq üçün prioritetlər müəyyənləşdirilib.

Bu gün vergi yükünün səviyyəsindən, vergi inzibatçılığı mədəniyyətindən asılı olaraq istər yerli, istərsə də xarici investorlar yeni biznesə hansı ölkədə başlamaq, hansı həcmdə sərmayə yatırmaq üçün müvafiq qərarlar verirlər. Bütün bu prioritetlərdən çıxış edərək əsas məqsədlərdən biri də Azərbaycan iqtisadiyyatında xarici investisiyanın artırılmasıdır. Statistik rəqəmlərə nəzər salanda aydın olur ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiyanın 50 faizi xarici sərmayəçilərin payına düşür. Deməli, Azərbaycan iqtisadiyyatı ən etibarlı sistemlər sırasına daxildir. Burada xarici investorlar üçün əlverişli biznes mühiti yaradılıb. 190 ölkənin biznes mühitinin qiymətləndirildiyi, Dünya Bankının nüfuzlu biznes hesabatında ölkəmiz 25-ci yeri tutur. Azərbaycan Avropa və Mərkəzi Asiya regionu üzrə ən islahatçı üç ölkədən biri kimi təqdim edilib. Ölkəmizə yatırılan xarici investisiyanın həcminə görə Böyük Britaniya, Türkiyə, İsveçrə, Amerika Birləşmiş Ştatları, Yaponiya, Malayziya, Rusiya, İran və Çexiya sərmayədarları fərqlənirlər. Azərbaycanın isə ən çox sərmayə qoyduğu ölkələr arasında Türkiyə, Gürcüstan, İsveçrə, Rusiya və Böyük Britaniya qərarlaşıb.

Xarici investorların cəlb edilməsi üçün Azərbaycanda kifayət qədər işlər görülür və son rəqəmlər də göstərir ki, investorların da Azərbaycana marağı artıb. Milli iqtisadiyyatımıza investisiyalar xaricdən cəlb olunmalı və burada da prioritet olaraq texnologiya idxal əsas götürülməlidir. Ona görə də, xarici investisiyalar dedikdə sözsüz ki, birbaşa yüksək texnoloji sahəyə istiqamətlənən yüksək əlavə dəyər tutumlu investisiya axınları lazımdır ki, bununla milli iqtisadiyyatın dayanıqlılığını təmin etmək mümkündür. Respublikaya xarici investisiya axınları vasitəsilə milli iqtisadiyyatın artım dinamikasının dünya iqtisadiyyatı ilə müqayisədə daha qabaqlayıcı trayektoriya üzrə inkişafına nail olmaq olar.

Əksər beynəlxalq qurumların məlumatlarından görünür ki, son illərdə Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsuldakı payı iki dəfədən çox azalıb. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2018-ci ildə yaydığı son hesabata görə, Azərbaycanda gizli iqtisadiyyatın ümumi daxili məhsulda səviyyəsi 25 faiz olub. Halbuki, 1991-2015-ci illərdə bu göstərici orta hesabla 54 faiz götürülmüşdü. 2000-ci illərin əvvəlinə kimi isə rəqəmlər 60 faizdən də yüksək olub və Azərbaycan hökumətinin opponentləri gizli iqtisadiyyatın ümumi daxili məhsulun 60 faizinə bərabər olması barədə beynəlxalq qurumların bəyanatlarını vurğulayırdılar. Əslində, bu göstərici daha çox 1990-cı illərin əvvəlinə uyğun gəlirdi. Beynəlxalq Valyuta Fondunun dünya üzrə gizli iqtisadiyyatla bağlı dərc etdiyi son hesabatdan belə görünür ki, hökumətin bu istiqamətdə apardığı mübarizə əbəs olmayıb. Azərbaycan postsovet məkanı üzrə ilk yerlərdən birini tutur. Azərbaycanda hökumətin gizli iqtisadiyyata qarşı mübarizəsi son 5 ildə daha da güclənib. Bu illər ərzində hökumətin iqtisadiyyatın ağardılması üzrə tətbiq etdiyi bir sıra stimullaşdırıcı tədbirlər vəziyyəti radikal surətdə dəyişib.

Dünya Bankının ölkəmizdə yoxsulluq üzrə hesabatlarının birində qeyd olunmuşdur ki, bu, 70-80 faiz arasında dəyişir. Bu isə tamamilə cəfəng statistikadır. Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5.5 faizə enib. Dünya Bankının bu tipli cəfəng statistika dərc etməyinin əsas səbəbi odur ki, ekstraktiv institutlar hələ də mövcud deyil. Azərbaycan müstəqilliyinin ilk illərində belə bu səviyyədə aşağı göstəriciyə malik olmayıb. Həmin dövrdə özəl biznesdən vergi yığmaq təcrübəsi yox idi və bu istiqamətləri zaman-zaman inkişaf etdirilərək təkmilləşdirilib. Azərbaycanın mübarizəsi əsasən gizli iqtisadiyyatı ümumi daxili məhsulun 10 faizindən az olan inkişaf etmiş Qərb ölkələrinin yer aldığı optimal qrupa daxil olmaqdır. Bu, iqtisadiyyata vergi nəzarətini artırmış olar. Hazırda ölkəmizin büdcəsinin vergi və gömrük daxilolmaları ümumi daxili məhsulun 15 faizindən artıq deyil. Məsələn, 2020-ci ildə ölkə büdcəsinə vergi və gömrük daxilolmaları 10 milyard manata yaxın olub. Bu 72,4 milyard manata bərabər, ümumi daxili məhsulun 14 faizi deməkdir. Halbuki, inkişaf etmiş Qərb ölkələrində vergi daxilolmaları ümumi daxili məhsulun 30 faizinə qədər qalxır. Azərbaycanda göstəricinin belə aşağı olması əsasən bir sıra sahələrin - aqrar və hasilatın pay bölgüsü sazişi ilə işləyən sektorların vergidən azad edilməsi ilə bağlı olsa da, gizli iqtisadiyyatın da burada rolu az deyil. Çünki vergidən əsasən vergi dərəcələri yüksək olan sahələr yayınır. Buna görə Azərbaycan üçün vergi yığımlarının optimal səviyyəsini, ümumi daxili məhsulun 18 faizinə bərabər göstərir və tam şəffaflaşma nəticəsində buna nail olunacağını düşünürlər.

"Azərbaycan 2030: sosial iqtisadi inkişafa dair Milli Prioritetlərin əsasında hazırda ölkəmizdə iqtisadiyyatın sosial iqtisadi inkişaf strategiyasına dair sənəd hazırlanmış, dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi ilə bağlı yeni çağırışlar, yeni yanaşmalar məhz bu sənədlərdə öz əksini tapmışdır. Dövlət əmlakının idarə edilməsi sahəsində yeni tələblər, yeni çağırışlar nəzərə alınmaqla, müəssisələrin fəaliyyətin də şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi sahəsində ciddi addımlar atılmaqdadır. Özəlləşdirmə təcrübəsində maraq doğuran məsələlərdən biri də dövlətin uzun illər fəaliyyəti dayanmış perspektivsiz, öz profili üzrə fəaliyyət göstərməyən müəssisələrinin yığılıb qalmış, istismara yararsız, yararlılıq dərəcəsi aşağı olan əmlaklarının restrukturizasiyası və səmərəli idarə olunması ilə bağlı tədbirlərdir. Belə ki, illər boyu işləməyən müəssisələrin fəaliyyətinin öz profili üzrə bərpası müəyyən çətinliklər yaradır. Həmin müəssisələrin istifadəsiz qalmış əmlaklarının dövriyəyə cəlb edilməklə satışı və dövlət büdcəsinə çoxlu miqdarda vəsaitlərin toplanması təmin edilmişdir. Dövlət əmlakının icarəyə verilməsi sahəsində də müvafiq tədbirlər görülmüşdür.

XXI əsrin iki onilliyini yüksək nailiyyətlərlə başa vuran Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə və respublikamızın gələcəyi üçün uğurlu yatırımlar sayəsində bundan sonrakı dövrlərdə də sürətlə inkişaf edən ölkəyə çevriləcək. Bunu beynəlxalq maliyyə institutları və nüfuzlu təşkilatlar da açıq şəkildə bildirir. Bu mənada, XXI əsrin birinci və ikinci onilliyini Azərbaycan üçün siyasi, iqtisadi, sosial sahədə tamamilə yeni bir inkişaf mərhələsi kimi qiymətləndirmək olar. Postneft erasından sonrakı dövrdə - yeni dövrdə innovativ iqtisadiyyata malik olan respublikamız dünya miqyasında siyasi, iqtisadi, sosial, maliyyə gücünə görə strateji mövqeyə malikdir.

Tacir SADIQOV,

"Respublika".