Namiq Allahverdiyev
Sosial həyat

Namiq Allahverdiyev

Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Namiq Müslüm oğlu Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə şəhər 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra  fotoqraf kimi əmək fəaliyyətinə başlamışdır.

1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.

1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Namiqi gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Könüllülər sırasına yazılanlardan biri də Namiq oldu. Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. O ilk döyüşünə Qubadlı rayonunda başladı. N.Allahverdiyev 1991-ci ilin avqust ayının 31-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul olunmuş və yenidən döyüş meydanına atılmış, Şuşanın müdafiəsində fəal iştirak etmişdir. Cəsur əsgər Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə fədakarlıqla vuruşmaqla yanaşı, ermənilər tərəfindən əsir alınmış azərbaycanlıların geri qaytarılmasında da yaxından iştirak etmişdir.

N.Allahverdiyev neçə-neçə səngər yoldaşını itirsə də, heç vaxt ruhdan düşmür, hər yerdə azğın düşmənə layiqli cavab verməyə çalışırdı. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər kəndlər erməni basqınçılarından azad edilmişdi. 1992-ci ilin iyulun 9-da erməni millətçilərinin silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edirlər, cəsur əsgərimiz Namiq onların qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqə tutur, elə bu vaxt güclü partlayış eşidilir, tankdan atılan mərmi onun həyatına son qoyur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir. Beyləqan rayonundakı 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır. Rayon mərkəzində Namiq Allahverdiyevin büstü qoyulmuşdur.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb. Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimizin müdafiəsində vətənpərvər oğullarımız yaddaşlarda əbədi yaşayacaqlar.

Onun həyat yolu hər bir gənc üçün örnəkdir və xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaqdır. Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır. Azərbaycan xalqı Namiqin qəhrəmanlığını, döyüşdə göstərdiyi şücaəti heç zaman unutmayacaqdır.  Yaşasaydı, bu gün 55 yaşı tamam olacaqdı qəhrəmanımızın.                                                                        

Bu gün Namiqin ruhu şaddır. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub.

M.CƏFƏROV,

“Respublika”.