Sağlam həyat
Maraqlı

Sağlam həyat

Ana südü gələcəkdə bu problemin qarşısını alır

Amerikalı elm adamları ana südü ilə piylənmə arasında əlaqə tapıblar. Alimlər körpələrin sağlam qidalanmamasının gələcəkdə onlarda piylənmə riski yarada biləcəyini müəyyən ediblər. Tədqiqatçılar belə qənaətə gəliblər ki, 6 aydan çox ana südü ilə qidalanan  uşaqların sonrakı yaşlarda piylənmə riski süni qidalananlara nisbətən daha azdır.

Tədqiqat zamanı ananın həyat tərzinin uşağının böyüməsinə və inkişafına necə təsir etdiyi izlənilib. Bu məqsədlə 700-dən çox ana və körpənin məlumatları araşdırılıb. Məlumatlar göstərib ki, uşaqların yarıdan çoxu (65 faiz) ən azı 6 ay ana südü ilə qidalanır. Bunlardan 73 faizinə 5 aydan, 86 faizinə isə 18 aydan sonra əlavə qidalar təklif edilib. Uşaqlarda yağ kütləsi faizi qiymətləndirilib. 6 aydan az ana südü ilə qidalanan uşaqların 9 yaşında bədən yağında daha çox ana südü ilə qidalananlara nisbətən orta hesabla 3,5 faiz artım olduğu müəyyən edilib. Bundan əlavə, 18 aydan əvvəl sərinləşdirici içkilərlə tanış olan körpələrin 9 yaşında ilk dəfə qazlı su içənlərə nisbətən 7,8 faiz daha çox piyli olduğu ortaya çıxıb.

"Əvvəlki bir çox tədqiqatlarda körpələrin qidalanması ilə uşaqlıqda artıq çəki və ya piylənmə riski arasındakı əlaqə bədən kütləsi indeksinə əsaslanaraq araşdırılıb. Yeni tədqiqatımız həmin araşdırmaları genişləndirmək məqsədi daşıyır", - deyə ABŞ-ın Kolorado Universitetinin Anşutz Tibb Kampusunun aparıcı tədqiqatçısı Ketrin Koen bildirib.

Çayın dadı mikroblardan asılı imiş

Çinli elm adamları çayla bağlı maraqlı bir faktı ortaya çıxarıblar. Belə ki, Fujian Kənd Təsərrüfatı Universitetinin alimləri çayın dadının təkcə onun çeşidi və hansı şəraitdə yetişdirilməsindən deyil, həm də köklərindəki torpaq bakteriyalarından asılı olduğunu müəyyən ediblər.

Alimlər belə qənaətə gəliblər ki, çayın kökündəki mikroblar ammonyakın udulmasına təsir göstərir, bu da öz növbəsində içkinin dadını müəyyən edən teaninin artmasına səbəb olur. Tədqiqatçıların fikrincə, təcrübə məqsədilə yaradılan, tərkibində mikroblar olan "SynCom" adlı süni çaydan keyfiyyətsiz çay çeşidlərini stimullaşdırmaq üçün istifadə edilə bilər. Bundan əlavə, mikroblar azotun udulmasını yaxşılaşdırır ki, bu da gübrə ehtiyacını azaldır. Elm adamları bu kəşfin gələcəkdə yüksək proteinli düyü və digər bitkilərin yetişdirilməsinə kömək edəcəyinə ümid edirlər.

Araşdırmanın nəticələri "Current Biology" elmi jurnalında dərc olunub.

Ona əbəs yerə "kralların ədviyyatı" demirlər

Milli mətbəximizdə ən çox istifadə olunan ədviyyatlardan biri də hildir. Çaya, yeməklərə, xüsusilə şirniyyatlara əlavə etdiyimiz bu bitki dünyada da  geniş yayılmışdır. Sağlamlıq baxımından bir çox faydaları olan hili çox vaxt "kralların ədviyyatı" adlandırırlar. Amerikalı alimlər bu yaxınlarda onun daha bir faydasını ortaya çıxarıblar. Texas Kənd Təsərrüfatı və Həyat Elmləri Kollecinin tədqiqatçıları müəyyən ediblər ki, hil iştahı artırsa da, arıqlamağa kömək edir.

Heyvanlar üzərində aparılan təcrübələrin nəticələri göstərib ki, hil iştahaçıcı təsirə malik olmasına baxmayaraq,  enerji sərfiyyatını artırdığı üçün bədəndəki yağları azaldır. O yağ toxumasını parçalayır, qaraciyərdə, həmçinin skelet əzələlərində enerji istehsalını tənzimləyən sinir zəncirinə təsir edir. Alimlər müəyyən ediblər ki, çəkisi 60 kiloqrama yaxın  insan üçün hilin təxmini aktiv dozası ən azı 77 milliqramdır (yəni hər gün 8-10 ədəd). Araşdırma zamanı həmçinin hilin iltihab əleyhinə xüsusiyyətləri də təsdiqlənib. Alimlərin fikrincə, bu ədviyyat bir sıra xəstəliklərin inkişafına səbəb ola biləcək iltihabı müəyyən qədər azalda bilər.

Araşdırmanın təfərrüatları "International Journal of Molecular Sciences" jurnalında dərc olunub.

Suşi sevənlərin nəzərinə

Yapon mətbəxinin dünyada tanınan ən məşhur yeməklərindən olan suşi (sushi) son dövrlər artıq ölkəmizdə də çox geniş kütlə tərəfindən sevilməyə başlayıb. Bu qidanın tərkibi böyük miqdarda vitamin kompleksi, mikroelementlər, zülal, omeqa-3 yağları ilə zəngin olsa da, onun insan sağlamlığına ciddi təhlükə yarada biləcəyi ortaya çıxıb. Belə ki, Norveçin Elm və Texnologiya Universitetinin alimləri suşi və digər xam dəniz məhsullarının antibiotiklərə davamlı bakteriyaların mənbəyi ola biləcəyini müəyyənləşdiriblər.

Alimlər dəniz məhsullarında "Aeromonas" bakteriyasının müxtəlif növlərini aşkar ediblər. Tədqiqatın nəticələri göstərib ki, balıq məhsullarının zəif emalı sözügedən bakteriyaların məhv olmasına zəmanət vermir. Alimlərin fikrincə, bu bakteriyaların əksəriyyəti patogen olsa da, insan sağlamlığı üçün risklidir. Mütəxəssislər suşi, saşimi və soyuq hisə verilmiş balıq məhsullarının tərkibindəki bakteriyaların immun sistemi zəif olan insanlar, uşaqlar, xüsusilə də yaşlılar üçün ciddi təhlükə yarada biləcəyini söyləyirlər.

Qeyd edək ki, hazırda müalicəsi çətin olan və bəzi hallarda heç bir antibiotikin təsir edə bilmədiyi davamlı bakteriyalar ciddi problem yaradır. Mikroblar heyvanlar, insanlar arasında qida və ətraf mühit vasitəsilə ötürülür.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".