VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

26 may

  • Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı icra olunub.

27 may

  • Azərbaycan Prezidenti İlham Əliyev İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransın iştirakçılarına müraciət məktubu ünvanlayıb.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "Crescent Bay" layihəsinin təqdimatı və "Crescent Mall" ticarət mərkəzinin açılışında iştirak ediblər.

28 may

  • Müstəqillik Gününün 106-cı ildönümüdür.

"Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"

Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür. Bu tarix artıq 4 ildir ki, işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda da qeyd olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı idi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə ehtiva edən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin təzahürü idi. Əfsuslar olsun ki, Cümhuriyyət gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşaya bildi. Qısa fəaliyyət dövründə bir sıra mühüm uğurlara imza atıldı. Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün böyük uğur hesab edilirdi. Çünki dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrini əhatə edən mütərəqqi siyasət müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynadı.

  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Böyük Qayıdışın Xocalı səhifəsi

Doğma yurdumuzu azad, firavan və abad görmək başda xocalılılar olmaqla bütün soydaşlarımızı sevindirir. Mayın 28-də Xocalı şəhərinə gəlib çatan köç karvanındakı 20 ailə (81 nəfər) artıq öz evlərində yerləşdirilib. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Onlara evlərin açarları təqdim edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonunun Şotlanlı, Nəmirli, Güllücə, Tağıbəyli kəndlərinin təməlini qoyub.

Ölkə başçımız artıq 4 ildir ki, öz ad günlərini, əlamətdar bayramları işğaldan azad olunmuş ərazilərdə xalqla birgə keçirir və bu zaman verdiyi şad xəbərləri ilə hər kəsi sevindirir. Belə ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Müstəqillik Günü - mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

29 may

  • Prezident İlham Əliyev "CVC Capital Partners" şirkətinin həmtəsisçisi və sədrini qəbul edib.
  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfər edib.

30 may

  • Zəngilanda "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda konfrans keçirilib.

Böyük Qayıdışa başlıca əngəl

Mayın 30-da Zəngilanda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə "Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması" mövzusunda beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. İlk növbədə qeyd etmək lazımdır ki, bu cür tədbirlər Ermənistan tərəfindən insanlıq əleyhinə törədilən cinayətlərin dünyaya bəyan edilməsi və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən, hələ də separatçıların müdafiəsində dayanan bəzi dövlətlərə açıq mesajdır.

Minaları yerləşdirmək asan, onları təmizləmək isə qat-qat çətin və mürəkkəb prosesdir. Azərbaycan bu məqsədlə dünyada tətbiq olunan ən müasir və qabaqcıl texnologiyalardan istifadə edir. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir.

31 may

  • Laçına növbəti köç karvanı baş tutub.

1 iyun

  • Birinci vitse-prezident Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.
  • Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilib.

“Respublika”.