Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Boris Yeltsin

Onun siyasi fəaliyyəti istər öz ölkəsində, istərsə də xarici dövlətlərdə birmənalı qarşılanmayıb. Onunla bağlı fikirlərin, rəylərin fərqli və müxtəlif olmasına baxmayaraq, adı Rusiya Federasiyasının ilk prezidenti kimi tarixə düşüb. Söhbət mətbuat katibini çaya tullayan, işdən çıxarıldığı üçün intihara cəhd edən, Qorbaçovu "taxtdan salan", barmaqlarını qumbara aparan, yeni il təbriki ilə istefa verən Boris Yeltsindən gedir...

Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin xalq arasında populyarlığı ilə yanaşı, həyatındakı qeyri-adi olaylarla da yaddaşlarda iz buraxıb. Hətta dövlət başçısı olduğu dövrdə də prezident statusuna uyğun olmayan ağlasığmaz hərəkətləri ilə insanları təəccübləndirməyi bacarıb.

Sverdlovskun Butka kəndində anadan olan prezident nadincliyinə görə yeddinci sinifdə məktəbdən xaric olunub. Sonradan müəllimləri və valideynləri qarşısında ağıllı və tərbiyəli olacağına söz verən gələcək prezident orta məktəbi əla qiymətlərlə bitirib. Uşaqlıqda dəcəlliyinin ucbatından Yeltsin sol əlinin iki barmağını da itirib. Belə ki, həmyaşıdları ilə birgə hərbi anbarın ətrafından tapdıqları qumbara onun əlində partlayıb. Kirov adına Ural Politexnik İnstitutunun tikinti fakültəsini bitirən Yeltsin bu ali təhsillə yanaşı, bir neçə il ərzində 12 peşəyə də sahib olub - sürücü, daşyonan, kran maşinisti və s.

O, kəskin çıxışları, bəyanatları ilə fərqlənən siyasətçi olub. Məhz bu kəskin çıxışlarına, Qorbaçovun siyasətini tənqid etdiyinə görə, onu Moskva Şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad ediblər. Bunu haqsızlıq kimi qəbul edən Yeltsin hətta dəftərxana qayçısı ilə özünə qəsd etmək də istəyib. Sonralar yenidən siyasətə qayıdan Yeltsin 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib.

Ziyafətlərdə onun ən çox sevdiyi əyləncələrdən biri qaşıqları stola döyəcləyərək hansısa mahnının ritmini tutmaq olub. Hədsiz dərəcədə spirtli içkilərin aludəçisi olan prezident Almaniyaya səfərlərinin birində o qədər sərxoş olub ki, hərbi orkestrin qarşısından dirijoru kənara itələyərək öz "maharətini" orada da göstərib.

Deyilənlərə görə, bir dəfə Yeltsin Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən gecə sərxoş halda alt paltarında iqamətgahdan çıxmağa cəhd edib. Lakin mühafizəçilər buna imkan verməyib. Sonradan məlum olub ki, Rusiya prezidenti pitsa almaq üçün çıxıb yolda taksi saxlatdırmaq fikrindəymiş.

Boris Yeltsin Krasnoyarskda olarkən vilayət rəhbərliyi onun istirahəti üçün Yenisey çayında teploxodla gəzinti təşkil edib. Dövlət başçısının vəziyyətinin "yaxşı" olduğunu görən prezidentin mətbuat katibi Vyaçeslav Kostikov zarafatla Yeltsinə ilişməyə başlayıb. Bundan hiddətlənən Yeltsin mühafizəçisinə əmr edib ki, mətbuat katibini çaya atsınlar. Əmr dərhal icra olunub.

28 sentyabr 1989-cu ildə Boris Yeltsinlə bağlı baş vermiş qeyri-adi hadisə isə kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilməklə yanaşı, həm də SSRİ Ali Sovetinin iclasında ictimai müzakirəyə çıxarılıb. Ali Sovetin fəaliyyəti tarixində ilk dəfə olaraq belə müzakirələr aparılıb. Nə baş vermişdi? Boris Yeltsin bu dəfə hansı hadisə ilə ölkənin diqqət mərkəzində dayanmışdı? Məhz həmin gün Boris Yeltsini körpüdən Moskva çayına atıblar. Hadisənin necə baş verməsi haqqında uzun illər müxtəlif versiyalar irəli sürülüb.

Yeltsinin öz söylədiyinə görə, seçicilərlə görüşdən sonra o, dostunun bağına getmək istəyib. Xidməti avtomobilini buraxan Yeltsin piyada getmək qərarına gəlib. Bir az getdikdən sonra körpünün yaxınlığında "Jiquli" markalı avtomobildən düşən bir neçə nəfər adam ona hücum edib, başına torba keçirərək Moskva çayına atıblar. Lakin bu versiya hüquq-mühafizə orqanları tərəfindən qəbul olunmayıb. Digər bir versiyaya görə isə seçicilərlə görüşdən sonra alkoqolla gərginliyini çıxaran Yeltsin yaxınlıqda yaşayan məşuqəsi ilə görüşə gedib. Həmişə olduğu kimi, bir ayıqla bir sərxoşun söhbətinin tutmaması bu görüşdə də özünü göstərib. Yeltsin əsəbi halda və sərxoş vəziyyətdə evdən çıxaraq, ayılmaq üçün özünü çaya atıb. Uzun illər bu məsələ qaranlıq qalaraq müzakirələrə səbəb olub.

Boris Yeltsin hədsiz dərəcədə idman həvəskarı olub. Hətta bu o dərəcədə olub ki, azarkeşlik etdiyi komanda məğlub olanda, həkimlərin müdaxiləsinə də ehtiyac yaranıb. Özü isə ən çox voleybol və tennis oyunlarına üstünlük verib. Sol əlində iki barmağının olmamasına baxmayaraq, Yeltsin voleybol üzrə idman ustası dərəcəsini alıb.

Yemək zövqü ilə də hər kəsdən seçilən prezident səfərlərdə ona təklif edilən ekzotik yeməklərdən imtina edib. Xüsusilə quş əti, vəhşi qaban və maral ətinə üstünlük verib. Ən sevimli yeməyi isə dana ətindən hazırlanmış fıstıqlı kolbasa idi. İçki qismində isə o sərt içkiləri - araq və ya keyfiyyətli konyakı bəyənirdi.

Yeltsin Anastasiya adlı xanımla ailə qurub. Qayınatası Anastasiyaya ilk gündən Naina kimi müraciət etdiyindən, hamı onu bu adla çağırıb. Sonralar Anastasiya rəsmi şəkildə adını dəyişərək pasportda və digər sənədlərdə Naina edib. Cütlüyün iki qız övladı dünyaya gəlib. Lakin prezidentin qız övladından xoşu gəlmirmiş. Deyilənə görə, ikinci qız övladı dünyaya gələndə Yeltsin hədsiz dərəcədə əsəbləşib. Hətta həyat yoldaşı doğum evindəki həkimlərə söyləyib ki, əri onu evə buraxmayacaq. Bundan sonra Yeltsin "daha doğmayacağıq" deyə qohumlar qarşısında bu məsələyə son qoyduğunu bildirib.

Boris Yeltsin prezdentlik müddəti başa çatmadan könüllü istefa verib. 31 dekabr 1999-cu ildə günorta saatlarında o, televiziya vasitəsilə xalqı yeni il münasibətilə təbrik etdikdən sonra istefasını bəyan edib... 76 yaşında vəfat edən prezident Moskvada, Novodeviçye qəbiristanlığında dəfn olunub.

Klod Debüssi

İmpressionizm cərəyanının banisi fransız, habelə dünya musiqisində yeni bir səhifə açmış, Şopendən sonra ən böyük piano bəstəkarı hesab olunan Klod Debüssi... Bəstəkar yaradıcılığı ilə yanaşı, eşq həyatı ilə də yaddaşlarda qalıb...

Parisdə anadan olan bəstəkar Manuel-Axille Debüssi və Viktorin Manurinin ailəsində dünyaya göz açıb. Balaca Klod hələ kiçik yaşlarında ikən italyan musiqiçisi Jan Ceruttindən piano dərsləri alıb.

Qadınları əlcək kimi dəyişən bəstəkar hələ Konservatoriyada oxuduğu illərdə musiqiçi Henri Vasnierin həyat yoldaşı müğənni Mari ilə eşq yaşayıb. Onların münasibəti 7 il davam edib. Deyilənlərə görə, sonralar Mari yenidən ərinin yanına qayıdıb.

Madam Vasnierdən ayrıldıqdan qısa müddət sonra Klod Qabrielle Dupont adlı dərzi qızı ilə tanış olub. Münasibətlərin başlamasından 3 il sonra Klod və Qabi Parisdə birlikdə yaşamağa başlayıblar. Eyni zamanda Debüssi müğənni Teres Rocerlə də münasibət qurub və bir müddət sonra onlar evləniblər. Lakin "sevimli vərdişindən" əl çəkməyən bəstəkar həyat yoldaşına xəyanət edir. Bundan xəbər tutan xanımı hətta intihara belə cəhd göstərir. Bəstəkarın bu hərəkəti bir müddət ictimaiyyət arasında qınaq obyektinə çevrilir.

Debüssinin ən çox ifa olunan nümunələrindən parlaq, bayram əhvali-ruhiyyəli "Sevinc adası" pyesi, eləcə də "Berqamas süitası" fortepiano üçün yazdığı əsərlər sırasında xüsusi qeyd olunmalıdır. Onun uşaqlar üçün bəstələdiyi əsərlər: "Uşaq guşəsi" fortepiano süitası, "Oyuncaqlar qutusu" baleti də bəstəkar irsinin ən gözəl, dəyərli incilərindəndir. Bəstəkarın incə, zərif, yüksək zövqlü, poetik musiqisi dünya musiqi salnaməsinə əbədi daxil olmuşdur.

Görkəmli bəstəkarın bütün həyatı yoxsulluq içində keçib. Deyilənlərə görə musiqi dərsləri verən Klod öz toy günündə hətta dərs deməyə davam edib ki, alacağı pulun qarşılığında gələn insanlar üçün qonaqlıq təşkil edə bilsin.

Klod Debüssi ömrünün son 10 ilini kolorektal xərçəngindən əziyyət çəkib və bu xəstəlik səbəbindən 55 yaşında vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".