Xocalı və Ağdama səfər
Digər xəbərlər

Xocalı və Ağdama səfər

Qarabağa səfər edən Şimali Kipr Türk Respublikasından (ŞKTR) olan şəhid ailələrindən və ictimai xadimlərdən ibarət nümayəndə heyəti Şuşadan sonra Xocalı və Ağdama gəliblər. Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri müşayiət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalıda şəhid məzarlarını ziyarət edən nümayəndə heyəti ermənilər tərəfindən törədilən vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması barədə məlumatlandırılıb.

Nümayəndə heyəti sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Bildirilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Nümayəndə heyəti daha sonra Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsinə gəlib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov onlara Ağdamın tarixi, indiki vəziyyəti, Ağdam şəhərinin Baş planına uyğun olaraq həyata keçirilən və planlaşdırılan layihələr barədə ətraflı məlumat verib.

Qeyd edək ki, səfər "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.