Gənclər tükənməz qüvvə, Vətənin nurlu gələcəyidir
Sosial həyat

Gənclər tükənməz qüvvə, Vətənin nurlu gələcəyidir

Ölkəmizdə cəmiyyət quruculuğunun bütün mərhələlərində təmsil olunan gənclər milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində böyük işlər görür və demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi, iqtisadi islahatların həyata keçirilməsində fəal iştirak edirlər.

Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti ilə bağlı ideyaları, irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ulu Öndər həmişə gəncliyə böyük ümidlər bəsləyir və "Azərbaycanın gələcəyi gənclərin əlindədir" deyirdi. Ümummilli Liderimizin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Hələ müstəqilliyimizin ilk illərində Ulu Öndər fəxrlə deyirdi: "Hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır".

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Ölkəmizdə gənclər siyasəti daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin inkişafında, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərimizin rolu danılmazdır. Tarixi inkişaf yoluna nəzər saldıqda, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi oluruq. Bir sözlə, bütün dövrlərdə gənclərin fəaliyyəti dövlətimizin tərəqqisinə öz töhfəsini verib. Hər sahədə olduğu kimi, ordu quruculuğunda da gənclərin rolu əvəzsizdir. Onlar Vətən qarşısında borclarını yerinə yetirmək üçün ləyaqətlə orduda xidmət edirlər.

44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirdi. Müharibənin əsas ağırlığı onun üzərinə düşdü, amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Gənclərimizin fəallığı sayəsində bütün sosial media platformalarında düşmənə adekvat cavablar verildi. Müharibəyə yollanan gənclər döyüşlərdə qəhrəmancasına iştirak etdilər. Hər biri öz igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, zəfər dolu döyüş yolu ilə dillərdə dastana döndü. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.

Bu gün ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərə, Heydər Əliyev ideyalarına sadiq gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, el-obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Buna görə də biz şanlı tariximizdə əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik.

Hazırda ölkəmizdə gənclər siyasətinin mühüm hissələrindən biri də könüllülük fəaliyyətidir. Könüllülük sağlam vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm vasitələrdən biri hesab olunur. Bu fəaliyyət gənc nəslə gələcək həyatı müəyyənləşdirə bilmək üçün yeni bir yol və fürsətlər təqdim edir. Könüllü olmaq biliklərin bacarığa çevrilməsi üçün ən yaxşı platformadır. Könüllülük cəmiyyəti dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, cəmiyyəti irəli aparmağa hədəflənmiş bir fəaliyyət sahəsidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut edirlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Əminliklə demək olar ki, dövlət gənclərə diqqət və qayğısını bundan sonra da əsirgəməyəcək, onların üzləşdikləri çətinliklərin aradan qaldırmaq, cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

Həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu isə günü-gündən artır. Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Azərbaycan gənci fəxr edir ki, qalib ölkənin vətəndaşıdır.

Mustafa KAMAL,

"Respublika".