Zaqatalada sel suları və daşqınlara qarşı mübarizə tədbirləri
Region

Zaqatalada sel suları və daşqınlara qarşı mübarizə tədbirləri

Mərkəzi Aran bölgəsində əkin sahələrinin suvarılması mövsümü başa çatıb, lakin dağlıq və dağətəyi bölgələrdə sel suları və çay daşqınlarına qarşı mübarizə tədbirləri davam etdirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Zaqatala rayonunda əkin sahələrinin suvarılmasını təmin etmək, o cümlədən sel sularına və daşqınlara qarşı mübarizəni gücləndirmək məqsədilə təxirəsalınmaz işlər görülür. Suvarılan torpaq sahələrinə vaxtında suyu çatdırmaq üçün torpaq məcralı kanallar lildən təmizlənir, su itkisinin qarşısını almaq üçün isə kanallara beton üzlük çəkilir. Bütün bu işlər Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən həyata keçirilir.

Cari ildə suvarma kanallarının 425 min kubmetr hissəsinin lildən təmizlənməsi nəzərdə tutulub. Qobu çay suvarma kanalının davamı olaraq 2,3 kilometr torpaq məcralı Qandax kanalının 1 kilometr uzunluğunda beton üzlüklə əvəzlənməsi və üzərindəki qurğularla birlikdə təmir edilməsi planlaşdırılıb. Hazırda kanalda işlər sürətlə davam edir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2022 - ci il üçün təsdiqlənmiş istismar tədbirləri planına uyğun olaraq Zaqatala Suvarma Sistemləri İdarəsi cari il ərzində rayon ərazisindən axan mövcud çaylarda selə qarşı mübarizə tədbirləri ilə əlaqədar, çay yatağının təmizlənməsi və sahilbərkitmə işlərinin görülməsini də həyata keçirir.

Muxax çay sistemi üzrə 304 min, Tala çay üzrə 188 min, Katex çay üzrə 15 min, Bəkməz çay üzrə 17 min, Micqar çay üzrə 14 min kubmetr olmaqla çaylarda ümumilikdə 538 min kubmetr məcratəmizləmə işləri yerinə yetirilib. Suvarmanın təşkilində əhəmiyyətli yerə malik olan suvarma kanallarında isə 290 min kubmetr iş görülüb.

Qeyd edək ki, Zaqatala Suvarma Sistemləri İdarəsi balansında olan 15560 hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edir. Hər il bu sahələrdə müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkilir və suvarılması tam olaraq həyata keçirilir. İndi suvarma mövsümü başa çatıb, lakin sel suları və daşqınlara qarşı mübarizə tədbirləri həmişə aktualdır və bu sahədə işlər uğurla davam etdirilir.

Nəriman CAVADOV,

"Respublika".