Ermənistanın absurd komediyası
Siyasət

Ermənistanın absurd komediyası

Oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edən BMT missiyası yekun bəyanat yayıb. Bəyanatda bildirilib ki, missiya burada yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olub. Missiya üzvləri Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəymədiyini bildiriblər. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı həmsöhbətlər tərəfindən şikayət olunmayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.

Missiyaya BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəhbərlik edib. Komandanın tərkibində həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasingham, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentindən texniki qrup olub. Ağdamdan səfər edən missiya Xankəndi şəhərində yerli əhali və müvafiq tərəflərlə görüş keçirib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olub. Şəhərin bəzi yerlərində onlar mülki ictimai infrastrukturda, o cümlədən xəstəxanalarda, məktəblərdə, yaşayış binalarında, mədəni və dini strukturlarda heç bir ziyan qeydə almayıblar. Şəhərdə çox az sayda yerli əhalinin qaldığı qeyd olunub. Bildirilib ki, Qarabağ bölgəsində 50-1000 arasında etnik erməni qalıb. Onlar Laçın sərhəd-keçid məntəqəsində Ermənistana doğru hərəkət edən mülki avtomobillərə rast gəlmədiyini bildiriblər. Xankəndidə isə missiya Ermənistana gedən onlarla sərnişin daşıyan avtobusun şahidi olub. Missiya Azərbaycan tərəfindən bərpa edilmiş ərazilərin bir hissəsi olan Ağdamdan keçərkən dağıntıları, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib. BMT-nin Azərbaycandakı nümayəndəliyi bildirib ki, Azərbaycan Respublikası hökuməti və digər maraqlı tərəflər və tərəfdaşlarla əməkdaşlıq çərçivəsində buradakı yerli əhalini və geri qayıtmaq istəyənləri dəstəkləməyə hazırdır.

BMT missiyasının Qarabağ regionuna səfərinin yekunları ilə bağlı Azərbaycan tərəfinə xoş sözlər bildirməsi və yaydığı bəyanat Ermənistanın bəzi hakim dairələrinə əsl "soyuq duş" effekti yaradıb. Belə ki, bəyanatdan dərhal sonra Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan missiyanın qərəzli olduğuna dair əsassız fikirlər səsləndirib. Bu isə tam olaraq absurd komediyadır. İllərdir "insan hüquqları", "sülh" kimi erməni milliyyətçiliyinə xas olmayan fikirlərlə BMT-də Azərbaycana qarşı aparılan riyakar təbliğatlar və 907-ci qətnamədən qalxan kimi istifadə edən Hayastanın son ümid ocaqları da bir-bir sönür. Son 3 ayda BMT-nin kürsüsündən dəfələrlə Azərbaycana qarşı səsləndirilən tutarsız çıxışlar Ermənistanı bir növ ifşa edib. Qarabağa səfər edən BMT missiyası öz bəyanatı ilə əslində bu çıxışların heç bir əsası olmadığını göstərib. Azərbaycanın reinteqrasiya prosesinə verdiyi töhfələr, atılan təqdirəlayiq addımlara ermənilər yenə də özlərinə xas cavablar veriblər...

Qarabağdakı sülhməramlı kontingent oktyabrın 2-də atəşkəs rejiminin pozulması faktını qeydə alıb. Belə ki, Xankəndi şəhərində naməlum şəxs snayper silahından istifadə etməklə Rusiya-Azərbaycan birgə patruluna atəş açıb. Ölən və yaralanan olmayıb. Sentyabrın 30-da isə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə snayper silahından atəş açması nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub. Son 2-3 gün ərzində ardıcıl baş verən təxribatların səbəbi BMT ilə bağlıdır. Ermənistan BMT Qarabağda olduğu zaman Azərbaycanın bu addımlara cavab verə bilməyəcəyini düşünür.

Ölkəmiz 2020-ci ildə Ermənistanla hərb, bəzi nəhəng dövlətlər ilə isə siyasi arenada müharibə apardı və qalib gəldi. Keçirilən son lokal xarakterli antiterror tədbirləri ilə isə növbəti dəfə bəzi dairələri öz yerinə oturtdu. Təbii ki, bunlar əbəs deyil. Adını tarixə qızıl hərflərlə yazdırmağı bacaran İlham Əliyev Qarabağı xilas etdi. Ötən əsrin 90-cı illərində Azərbaycanı parçalanmadan xilas edən Heydər Əliyev yolu cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tacir SADIQOV,

"Respublika".