Bu il 180 mindən çox Asan İmza sertifikatı verilib
Digər xəbərlər

Bu il 180 mindən çox Asan İmza sertifikatı verilib

Cari ilin yanvar-aprel ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 229 min 81 şəxs qəbul edilib, onlara 346 min 225 sayda xidmət göstərilib ki, bunların 128 minə yaxını şifahi xidmətlərə (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 57 mindən çoxu isə elektron xidmətlərə (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) aiddir.

"Respublika" Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ümumi elektron xidmətlərin 89 faizini 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

- Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; Vergiödəyicisinin fəaliyyətinin dayandırılması; Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; Asan İmza sertifikatının verilməsi; Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;

- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi; Vergiödəyicisinə arayışların verilməsi; Vergiödəyicisinin fəaliyyətinin bərpası; Fiziki şəxsin uçotdan çıxarılması.

Hesabat dövrü ərzində vergiödəyicilərindən daxil olmuş 11 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 4,9 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.

Yanvar-aprel aylarında 2261 vergiödəyicisinin iştirakı ilə 119 görüş keçirilib, 1887 vergiödəyicisinə ünvanlı xidmət göstərilib, vergiödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 1,2 milyondan çox SMS göndərilib.

Bu ilin əvvəlindən mayın 1-dək ümumilikdə 110 min 54 müraciət üzrə 180 min 527 Asan İmza sertifikatı verilib.