Ölkəmizə gələn turistlərin sayı artıb
Sosial həyat

Ölkəmizə gələn turistlərin sayı artıb

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasına dünyanın 171 ölkəsindən 513,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 28,7 faizi Rusiya Federasiyası, 19,3 faizi Türkiyə, 10,3 faizi İran, 7,2 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, hər birindən 2,4 faiz olmaqla Səudiyyə Ərəbistanı və Pakistan, 1,4 faizi Ukrayna, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 18,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 91,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 31,0 faiz artaraq 198,3 min nəfər olmuşdur. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 30,9 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

“Respublika”.