İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Portuqaliyada uğurlu çıxış

Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında ölkəmizi təmsil edən paraüzgüçü Raman Saley uğurlu çıxış edib. O, yarışın ilk günündə qızıl medal qazanıb. Finalda 100 metr məsafəyə arxası üstə üzmə üsulunda finişə birinci çataraq qızıl medal qazanıb. 100 metr məsafəyə kəpənək üzmə üsulunda isə gümüş medala yiyələnub.

Üzgüçülük üzrə çempionat keçiriləcək

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyi, AÜF və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı və dəstəyi ilə baş tutacaq. Aprelin 24-dən 27-dək Bakı Su İdman Sarayında təşkil olunacaq yarışda 3-cü idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafəyə sərbəst üsulla, 50,100, 200 metr məsafəyə arxası üstə, brass və batterflay üsulu ilə üzəcəklər. Birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, ölkənin digər şəhər və rayonlarından da üzgüçülərin turnirə qatılacağı nəzərdə tutulur. Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib. Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən müvafiq diplomlarla təltif olunacaqlar.

Qalib “qızıl set”də bəlli olub

Kişi voleybolçuların Yüksək Liqasında bu mövsümün son oyunu keçirilib. Final qarşılaşmasında "Azərreyl" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün "qızıl set" oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar. Bununla da "Azərreyl" 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb. Qeyd edək ki, Yüksək Liqada bürünc medalları "Neftçi" klubu əldə edib. O, MOİK-ə 3:0 hesabı ilə qalib gəlib.

Nərgiz İSMAYILOVA,

"Respublika".