Növbəti köç karvanı Füzuliyə çatıb
Region

Növbəti köç karvanı Füzuliyə çatıb

Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan və respublikanın müxtəlif bölgələrindən yola salınan növbəti köç karvanı erməni işğalından azad olunan və Azərbaycan dövləti tərəfindən yenidən qurulan Füzuli şəhərinə çatıb.

"Respublika" Azərtac-a istinadən xəbər verir ki, Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 39 ailə olmaqla, 150 nəfər Füzuli sakini öz yurduna qovuşub.

Bugünki köç karvanı Bakı şəhərindən 32 (122 nəfər), Sumqayıt şəhərindən 5 (22 nəfər), Şirvan şəhərindən 1 (3 nəfər), Füzuli rayonundan 1 ailə (3 nəfər) olmaqla yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət olub.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 37 ailə Qaradağ rayonunun “Qobu Park-3” köçkün şəhərciyindən, Şirvan şəhəri və Füzuli rayonundan olan 2 ailə isə məskunlaşdıqları ərazidən yola salınıblar.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.