Böyük infrastruktur yenidən qurulur
Siyasət

Böyük infrastruktur yenidən qurulur

Növbəti illərdə ölkəmizin qarşısında duran başlıca vəzifə içməli su və suvarma layihələrinin reallaşdırılmasıdır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələri icra edilir. Su anbarlarının, kanalların tikintisi infrastruktur layihələr arasında həmişə prioritet olub. Azərbaycanın müstəqilliyinin ilk illərində meliorasiya və irriqasiya sistemi bərbad vəziyyətə düşmüşdü. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının inkişafında mühüm rol oynadığına böyük önəm verən ulu öndər Heydər Əliyev bu sahənin inkişafına əsaslı vəsait qoyulmasını başlıca vəzifə kimi müəyyənləşdirmiş, ilk xarici sərmayəni bu istiqamətə yönəltməklə onun beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına zəmin yaratmışdır.

Münbit iqlim şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsulları əsasən suvarılan torpaqlarda istehsal edildiyindən onun daimi kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Müasir meliorasiya və irriqasiya sisteminin təməlinin hələ keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Ulu Öndərin şəxsi təşəbbüsü ilə bu sahədə böyük quruculuq işləri aparılmış, güclü istehsal bazası, tikinti və istismar təşkilatları, elmi-tədqiqat və layihə institutlarına malik ixtisaslaşmış meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdır. 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunu bu işi daha da stimullaşdırdı. Bu sahəyə diqqət və qayğı əhəmiyyətli dərəcədə artırıldı. Aqrar sahədə aparılan islahatlarla paralel meliorasiya və su təsərrüfatında da məqsədyönlü tədbirlər həyata keçirildi.

Ölkəmizdə bu sahəyə diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bir çox irimiqyaslı layihələr reallaşdırılır. Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan həcmlərdə təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizənin davam etdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Hazırda əksər şəhərlərimizdə içməli su və kanalizasiya layihələri icra olunur. Ölkə başçısının söylədiyi kimi: "Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. Əgər biz bu layihələri icra etməsəydik, bu gün ölkəmizin dayanıqlı inkişafı mümkün ola bilməzdi". Bu baxımdan, xüsusən kənd təsərrüfatının dayanıqlı inkişafı su təminatı ilə bilavasitə bağlıdır. Fermer təsərrüfatlarında, taxılçılıqda məhsuldarlıq hər hektardan 50, 60, hətta 70 sentnerə çatır. Bu, Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğundur. Aydın məsələdir ki, suvarma olmadan hər hansı məhsuldarlıqdan söhbət gedə bilməz.

Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su və suvarma layihələri olacaqdır. Artıq genişmiqyaslı proqramın işlənib hazırlandığını vurğulayan dövlət başçısı deyib: "Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir. Ancaq artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir".

Qeyd edək ki, 1958-ci ildə istifadəyə verilən və ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Yuxarı Şirvan kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan çox əkin sahəsini suvarma və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Kanal Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təminatını yaxşılaşdıran əsas arteriyalardan biridir. Yuxarı Şirvan suvarma kanalının infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və səmərəli şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın suburaxma qabiliyyətinin artırılması məqsədilə aprelin 8-də Prezident İlham Əliyev Şirvan suvarma kanalının yenidən qurulması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilərək Şirvan suvarma kanalı adlandırılıb. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Nəticədə suvarılan əkin sahələri iki dəfədən çox artırılacaq, yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu, suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihədir.

Azərbaycanda ümumi uzunluğu 90 min kilometrdən çox olan 1,35 milyon hektar sahəni suvarma qabiliyyətinə malik su nəqledici kanallar mövcuddur. Respublikamızda uzunluğu 182,8 kilometr, su sərfi 55 kubmetr/saniyə olan Samur-Abşeron kanalı, uzunluğu 172,4 kilometr və su sərfi 113 kubmetr/saniyə olan Yuxarı Qarabağ kanalı, uzunluğu 122 kilometr, su sərfi 78 kubmetr/saniyə olan Yuxarı Şirvan kanalı və uzunluğu 107,9 kilometr, su sərfi 40 kubmetr/saniyə olan Taxtakörpü-Ceyranbatan kanalları böyük su kütləsini ayrı-ayrı regionların əkin sahələrinə ötürür. Azərbaycanda nəhəng su layihələrinin vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarının tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Taxtakörpü su anbarı suvarma işləri ilə bərabər, Bakının da içməli su ilə təmin edilməsində önəmli infrastrukturdur. Çünki Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə saxlanmasına şərait yaratmışdır. Ölkə başçısı qeyd edib ki, vaxtilə Taxtakörpü su anbarı və su kanalı tikilməsəydi, Bakıda çox kəskin su problemi olacaqdı. Taxtakörpü su anbarından sonra Şəmkirçay su anbarı inşa edilmiş, beləliklə, ölkəmizin həm şimal, həm də qərb bölgələrində vaxtilə suvarılmayan on minlərlə hektar torpağa su verilmişdir. Artıq bu, özünü kənd təsərrüfatı istehsalının, məhsuldarlığın artmasında da göstərir. Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə də danışıb. Hazırda bu layihə üzərində işin aparıldığını bildirən dövlət başçısı deyib ki, layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə edəcəyik. Dünyanın bir neçə ölkəsi suyun duzsuzlaşdırılması sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, bu imkandan da istifadə edəcəyik.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz təmin edilib. Bu gün öz su mənbələrimizə də tam sahib olmuşuq. Torpaqlarımızın, o cümlədən mühüm əhəmiyyət kəsb edən Suqovuşan, Sərsəng və Araz çayı üzərindəki Xudafərin su anbarlarının işğaldan azad olunması ölkə iqtisadiyyatının, xüsusən aqrar sahənin inkişafı üçün geniş imkanlar yaradacaq. Yeni su ehtiyatları hesabına 100 min hektarlarla əlavə torpaq sahələri suvarılacaq.

Mustafa KAMAL,

"Respublika".