Aşqabadda Dəmiryollarının Əməkdaşlığı Təşkilatının iclası keçirilir
İqtisadiyyat

Aşqabadda Dəmiryollarının Əməkdaşlığı Təşkilatının iclası keçirilir

Türkmənistanın paytaxtında Dəmiryollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) rəhbərləri və məsul nümayəndələri Konfransının 38-ci iclası işə başlayıb. 

"Respublika" təşkilatın mətbuat açıqlamasına istinadla xəbər verir ki, aprelin 19-dək davam edəcək tədbirdə DYƏT-in 19 üzv ölkəsinin, habelə təşkilatda müşahidəçi qismində təmsil olunan Finlandiya, Fransa, Almaniya və Yunanıstanın nümayəndələri iştirak edirlər.

Təşkilatın iclasının gündəliyinə DYƏT-in yük daşımaları, sərnişin daşımaları üzrə komissiyalarının, infrastruktur və hərəkət vasitələri Komissiyasının, kodlaşdırma və informatika üzrə Daimi işçi qrupun hesabatlarının dinlənilməsi, həmçinin maliyyə və tənzimləmə məsələləri daxil edilib.

İclasın əvvəlində Türkmənistan Nazirlər Kabinetinin Nəqliyyat və Kommunikasiyalar Baş agentliyinin rəhbəri Mammetxan Çakıyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun müraciətinin mətnini oxuyub.

İclasda DYƏT-in 2023-cü il üçün Fəaliyyət Hesabatının, 2025-ci il və sonrakı illər üçün Fəaliyyət Proqramının, təşkilatın büdcəsinin (2024-cü il üçün yekun və 2025-ci il üçün ilkin) təsdiqi də nəzərdə tutulur.

Bundan başqa, iclas iştirakçıları DYƏT-ə üzv ölkələrin dəmir yolu nəqliyyatı müəssisələrinin rəhbərlərinin və məsul nümayəndələrinin Konfransının 39-cu iclasının ilkin gündəliyinin, tarixi və yerinin müəyyən edilməsi məsələsinə də baxacaqlar.

İclasın yekunlarına əsasən, DYƏT-ə üzv ölkələr arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmiş mühüm sənədlərin imzalanacağı gözlənilir.