Qoşulmama Hərəkatında formalaşan etibarlı tərəfdaşlıq
Siyasət

Qoşulmama Hərəkatında formalaşan etibarlı tərəfdaşlıq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu sürətlə artır. Dövlətimizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaması, eləcə də ölkə daxilində beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin uğurla icra olunması qlobal güclərin Azərbaycana marağını artırır. Artıq təkcə Qərb və Şərq ölkələri deyil, Afrika dövlətləri də rəsmi Bakı ilə siyasi, iqtisadi əlaqələrin qurulmasına böyük əhəmiyyət verir. Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana səfər etməsi bunun bariz nümunəsidir. Prezident cənab İlham Əliyev konqolu həmkarı ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edərək bildirdi ki, rəsmi Bakı və Brazzavil arasında imzalanan Əməkdaşlıq haqqında Bəyannamə iki ölkənin dostluq əlaqələrinin qurulmasına böyük təkan verəcək və uğurla inkişaf etdirilməsinə zəmin yaradacaq.

Nəzərə almalıyıq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Konqo dövləti hər zaman ölkəmizə öz dəstəyini göstərib. Məlum olduğu kimi, bu 4 illik müddətdə təsisat beynəlxalq aləmdə nüfuzlu quruma çevrilib. Məhz Azərbaycanın rəhbərliyi ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platforması yaradılıb. Həmçinin dünyada neokolonializmə qarşı mübarizə məsələsi ön plana çəkilib. Azərbaycanın təşəbbüsü ilə bu məqsədlə yaradılan Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də dünyada böyük hörmət qazanıb. Uzun illər ərzində müstəmləkəçilik siyasətinə məruz qalan Konqo ilə münasibətlər bu istiqamətdə atılan addımlardan sonra fərqli müstəviyə daşınıb.

Digər tərəfdən, Azərbaycan bir sıra dövlətlərdə böyük investisiya layihələrinin icrasını həyata keçirir. Konqo Respublikası ilə imzalanan sənədlərə əsasən ölkəmiz rəsmi Brazzavilin iqtisadiyyatının bir sıra sahələrinə investisiya yatırmaq haqqında qərar qəbul edib. Növbəti mərhələdə Azərbaycanla kənd təsərrüfatı, mədənçilik, energetika və bərpaolunan enerji sahələrində Konqo dövləti ilə əməkdaşlıq əlaqələri qurularaq inkişaf etdiriləcək. Sosial və humanitar sahədəki yüksək səviyyəli əlaqələr gələcəkdə iki dövlət arasında strateji əməkdaşlığa da zəmin yaradacaq.

Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı.