Brüssel görüşü heç nəyi dəyişməyəcək
Siyasət

Brüssel görüşü heç nəyi dəyişməyəcək

Brüssel şəhərində keçirilən məlum üçtərəfli görüşdən öncə ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin Prezident İlham Əliyevə zəng etməsi dövlət başçımızın beynəlxalq müstəvidəki nüfuzunun göstəricisi və  hər iki tərəfin Paşinyanla görüşdən öncə Azərbaycanla hesablaşması kimi xarakterizə olunmalıdır.

Bununla da deyə bilərik ki, Azərbaycan Brüsseldəki görüşdə iştirak etməsə də, prosesə müəyyən qədər müdaxilə etməyi bacarıb. Artıq dünyanın əsas güc mərkəzləri belə regionun taleyini Azərbaycansız həll etməyin mümkün olmadığını anlayıblar.

Aprelin 5-də Prezident İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib. Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. 

Brüssel görüşünün region üçün heç bir fayda verməyəcəyini təkcə rəsmi Bakı deyil, 4 aprel tarixində Türkiyə də bəyan etmişdi. "Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi, bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək". Türkiyə XİN-in aprelin 4-də yaydığı bəyanatda  bu fikirlər xüsusi yer alıb. Beləliklə, Rusiyanın ardınca Türkiyədə üçtərəfli görüşlə bağlı narahatlığını ifadə edib.

Regiona qonşu olan ölkələr ard-arda məsələni şərh etsələr də hələ ki, müəmmalı şəkildə, necə deyərlər,  ağzına su alıb oturan İrandan səs çıxmır. Hər zaman "3+3" formatını dəstəklədiyini bildirən Tehran rəsmiləri, regiondakı problemlərin elə həmin ölkələr tərəfindən həll olunmasını daha məqbul hesab etdiyini qeyd edib. Amma nədənsə İranın qardaş hesab etdiyi Ermənistan kürəyini Qərbə söykəməsinə narazılıq etmir. Halbuki, rəsmi  İran dəfələrlə regiona kənar qüvvələrin gəlməsini özünün "qırmızı xətti" olduğunu deyib. Lakin özünə düşmən bildiyi Qərbin Cənubi Qafqaza yerləşməsini sakitçiliklə seyr edir.

Qərbin, xüsusilə Fransanın regionda ikili yanaşma sərgiləməsi "qoca qitə"nin bəzi ölkələri tərəfindən qınağa çevrilib. Ötən həftə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin açıqlaması yayılıb. Açıqlamada bildirilib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinə üçüncü tərəflərin müdaxiləsi əlavə gərginlik yarada bilər. Açıqlamada Fransa tərəfinə sülh səylərinə maneçilik törədən addımlardan çəkinməyə çağırış edilib.

Fransanın belə çağırışlardan nəticə çıxarmaq əvəzinə, hər vəchlə  regionda sabitliyi pozmağı qarşıya məqsəd qoyduğu açıq-aydın görsənir. Həmin ölkənin İrəvandakı səfiri Olivye Dekotti "Fransa KTMT üzvü olan Ermənistana texnika tədarük etməklə qadağanı pozan ilk NATO ölkəsidir" deməsi Parisin əsl niyyətinin nə olduğundan xəbər verir. Deməli, birbaşa etiraf edir ki, rəsmi Paris Cənubi Qafqazda ikinci cəbhə yaradır. Ekspertlər hesab edirlər ki, bu cür açıqlamaların verilməsi və İrəvanın dəstəklənməsinin səbəbi belə izah olunur ki, Ermənistan müdafiə olunmalıdır. Amma maraqlı olan budur ki, 30 ildir işğal siyasəti aparan, Azərbaycanı yeni müharibələrlə hədələyən elə Ermənistan olub. Lakin Fransa kimi dövlətlər davamlı olaraq bir məsələni tez-tez diqqətə gətirirlər:  Azərbaycan Ermənistana hücum edəcək.  Prezident İlham Əliyev isə dəfələrlə bu fikirləri təkzib edib.

Beləliklə, dünən Brüssel paktı imzalandı. 5 aprel görüşündə Nikol Paşinyan mətbuata açıqlamasında ölkəsinin Azərbaycanla münasibətlərin normallaşması prosesinə sadiq olduğunu bildirib. Təbii ki, bu gözdən pərdə asmaqdan başqa bir şey deyil. Əgər Nikol Paşinyan  dediklərində səmimi olsaydı, regionun problemini uzaqlarda axtarmazdı.

Ermənistana müəyyən adlar altında edilən yardımlar, şərti sərhədin möhkəmləndirilməsi, Qərbin regionda sülhü pozması və digər çirkin addımlar  ilk növbədə, rəsmi İrəvanın ziyanına olacaq. Çünki Azərbaycan ən çətin prosesin öhdəsindən gəlib və  torpaqlarını işğaldan azad edib. Ermənistan və onun havadarlarının dəstəklədiyi separatçı qüvvələri birdəfəlik sərhədləri daxilindən kənarlaşdırıb. Sonda əsas məsələ sülhün əldə olunmasıdır ki, burada da yekun sözü Ermənistan deyəcək. Ya razılaşacaq, ya da son illərdəki kimi yenə də kor-peşman olacaq. Dünənki görüşdə əldə olunmuş hər hansısa bir razılaşma yaranmış reallıqlara təsir edə bilməyəcək.

Musa BAĞIRLI,

"Respublika".