Erməni vandalizmini unutmamalıyıq
Tarix

Erməni vandalizmini unutmamalıyıq

Hələ dünyanın düz vaxtında, mənfur qonşularımızla mehribanlıq şəraitində yaşadığımız zamanlarda dünyagörmüş babam bir insan haqqında pis fikirdə olduğunu bildirmək üçün "elə bil ermənidir" deyərdi. O vaxtlar bu sözün mənasını tam dərindən anlamırdım, amma mənə belə gəlirdi ki, o, bunu deyərkən nəyisə xatırlayır, gözlərinin önündə hansısa hadisəni canlandırırdı və bir müddət alnının qırışı açılmazdı... Çox sonralar bildim ki, 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından "könüllülük" prinsipi ilə köçürülənlər arasında babamgilin ailəsi də olub...

Dünyanın dörd bir tərəfinə səpələnmiş, yeri-yurdu olmayan bu toplum Azərbaycan torpaqlarında məskunlaşdırıldıqdan sonra münbit əraziləri ələ keçirməyə, bu yerlərin əsl sahiblərini sıxışdırmağa, onlara qarşı soyqırımları, deportasiyalar törətməyə, toponimlərini dəyişməyə başlayıblar. 1905-1907-ci illərdə minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. 1918-1920-ci illər xalqımızın yaddaşında erməni qəsbkarlarının xüsusi qəddarlığı ilə yadda qalıb. Həmin illərdə İrəvan, Dərələyəz, Zəngəzur, Göyçə, Tiflis, Naxçıvan, Bakı, Gəncə, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Muğan və Göyçayda on minlərlə dinc azərbaycanlı əhali erməni soyqırımına məruz qalıb, yaşadıqları yerlərdən qovulub, onlara işgəncələr verilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq, yerlə-yeksan edilib. 1948-1953-cü illərdə qədim İrəvan torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Ötən əsrin sonlarında isə Ermənistanı monodövlətə çevirmək niyyəti ilə insanlıq adına sığmayan vəhşiliklər nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdundan qovuldu. "Dənizdən-dənizə böyük Ermənistan" xülyası ilə torpaqlarımızın 20 faizdən çox hissəsi zəbt edildi. Get-gedə azğınlaşaraq daha böyük ərazi iddialarına düşən ermənilərə "dur" deyən olmadı, əksinə işğalçılıq siyasətinə bu və ya digər formada dəstək verənlər onları daha da şirnikləndirdilər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonları işğal edən Ermənistan düz 30 il tarixi torpaqlarımızın köksündə od qaladı, el-obanı viran qoydu, şəhərləri, kəndləri dağıtdı, xalqımıza məxsus tarixi abidələri, mədəni irs nümunələrini yer üzündən sildi.

30 il... Bu müddət ərzində torpaqları Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazi bütövlüyünün bərpası, yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi üçün bütün mümkün vasitələrdən istifadə etdi, münaqişənin sülh yolu ilə həllinə çalışdı. Nüfuzlu beynəlxalq təşkilatlardan, siyasi qurumlardan Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün hərəkətə gəlmələrini tələb etsə də, dünya gücləri nəinki düşmən ölkəyə təzyiq göstərmədilər, hətta onu silahlandırmaqla, arxasında durmaqla daha da qızışdırdılar. Gözdən pərdə asmaq üçün isə ara-sıra kağız üzərində qalan bəyanatlar imzalamaqla münaqişənin hərbi yolla mümkün olmadığını israr etdilər. Bu barədə fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Prezident İlham Əliyev demişdir: "...Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı".

Bəli, zaman ən böyük hakimdir. Azğınlaşmış ermənilərin səngiməyən təxribatlarının cavabını verməyin vaxtı çatmışdı. Rəşadətli Ordumuz 27 sentyabr 2020-ci ildə işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı 44 günlük əks-hücum əməliyyatlarını qələbə ilə başa vurdu. Vətən müharibəsi böyük zəfərimizlə başa çatdı. Ordu-xalq-dövlət olaraq tarixin böyük sınağından, imtahanından üzüağ çıxdıq. Yüksək kürsülərdən Qarabağ məsələsinin hərbi yolla həlli yoxdur deyənlərə layiqli cavab verdik. Azərbaycan son iki əsrlik tarixində ilk dəfə ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdırdı.

Müharibə bitdi, münaqişəyə son qoyuldu. Xalqımız bu zəfəri yalnız ermənilər deyil, onun havadarları üzərində də qazandı. Amma Azərbaycan onun qalibiyyəti ilə barışmayan, onunla soyuq müharibə aparan, Ermənistanı silahlandırmaqla yeni münaqişəyə sövq edən ermənidən daha çox erməni olanlara qarşı hələ də mübarizə aparır. Bu məqamda babamın sözləri yerinə düşür: "elə bil ermənidir"lər...

Mehparə ƏLİYEVA,

"Respublika".