DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL QƏZZA ZOLAĞI İLƏ SƏRHƏDDƏ TƏHLÜKƏSİZLİK ZONASI YARADIR

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhəddə anklav ərazisinin təxminən 16 faizini tuta biləcək təhlükəsizlik bufer zonası yaradır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrailin “Haaretz” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, sərhəd boyu bufer zolağının eni təxminən 1 kilometr olacaq. Qəzetin istinad etdiyi peyk görüntülərinin təhlilində qeyd edilib ki, bu zonada bütün tikililər söküləcək.

Xəbər verilir ki, İsrail Qəzza zolağını iki hissəyə - şimal və cənuba bölməyi planlaşdırır. Bu məqsədlər üçün İsrail qüvvələri daha bir xüsusi bufer zolağı - sektoru qərbdən şərqə doğru keçən və əhalinin hərəkətinə nəzarət etməyə imkan verən “Netzarim” dəhlizi adlanan zolaq yaradır. Bu zaman sərhəd boyu bufer zonasının yaradılması nəzərə alınmaqla Qəzza zolağının eni cəmi 5,5 kilometr olacaq.

Qeyd edək ki, Fələstinin Səhiyyə Nazirliyinin son məlumatına görə, İsrail Qəzza zolağında hərbi əməliyyatlara başlayandan bəri həlak olan fələstinlilərin sayı 32705 nəfərə, xəsarət alanların sayı isə 75190 nəfərə yüksəlib.

KANADANIN UKRAYNAYA YARDIMI SƏBƏBİNDƏN SİLAH ANBARLARI BOŞALIB

Ukrayna silahlı qüvvələrinə kömək edən Kanada hakimiyyəti “anbarı boşaldıb”. “Globe and Mail” nəşrinin verdiyi xəbərə görə, bu barədə Kanadanın müdafiə naziri Bill Bler açıqlama verib.

Nəşrin məlumatına əsasən, müdafiə naziri qeyd edib ki, Kanada tərəfi ötürülə bilən bütün artilleriya mərmiləri və zenit raketlərini Ukraynaya verib.

Eyni zamanda, nəşrin yazdığına görə, kanadalı generallar Ukraynaya kömək etməyə davam edəcəklər, lakin onlar narahatdırlar ki, bu ölkəyə “kritik əhəmiyyətli avadanlıqlar göndərsələr, bu avadanlığın yeri heç vaxt doldurulmayacaq”.

Bir müddət öncə bildirilirdi ki, Kanadanın Müdafiə Nazirliyi Ukraynaya utilazasiya etməyə hazırlaşdığı “hava-yer” raketləri verməyi nəzərdən keçirir.

ABŞ VƏ RUSİYA ARASINDA TİCARƏT DÖVRİYYƏSİ KƏSKİN ŞƏKİLDƏ AZALIB

Son 10 il ərzində Rusiya Federasiyası ilə ABŞ arasında ticarət dövriyyəsi yeddi dəfədən çox azalıb. “TASS” agentliyinin xəbərinə görə, bu qiymətləndirmə ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ketrin Tayın ofisinin mətbuat xidmətinin yaydığı hesabatda yer alıb.

Məlumata əsasən, ABŞ və Rusiya arasında ticarətin həcmi 2013-cü ildəki 38,2 milyard dollardan 2023-cü ildə 5,2 milyard dollara qədər azalıb.

Bununla yanaşı, hesabatda ticarət dövriyyəsinin azalmasına qismən “COVID-19” pandemiyası səbəb olduğu vurğulanıb.

Eyni zamanda, iki ölkə arasında ticarət dövriyyəsinin azalmasına səbəb olan amillər kimi, hesabat müəllifləri həmçinin geosiyasi gərginliyi və Rusiyanın daxilə yönəlmiş sənaye və ticarət siyasətini, o cümlədən idxalı əvəzləmə proqramlarını qeyd ediblər.

Ekspertlərin fikrincə, Amerikanın Rusiyaya qarşı sanksiyaları və ixraca nəzarət tədbirləri də ticarət dövriyyəsinin azalmasına səbəb olub.

SÜNİ İNTELLEKT proqramı HƏKİMLƏRDƏN 10 DƏFƏ TEZ TİBBİ HESABAT HAZIRLAYIR

Alimlər müəyyən ediblər ki, süni intellekt proqramı olan “Chat GPT” həkimlərdən təxminən 10 dəfə tez tibbi hesabat hazırlayır. Araşdırmanın nəticələri “Acta Orthopaedica” jurnalında dərc olunub.

Tədqiqatçıların sözlərinə görə, süni intellektdəki irəliləyişlər sayəsində səhiyyə işçilərinin inzibati yükünü azaltmaq imkanları mövcuddur. Bu yolla həkimlər xəstələri ilə daha çox vaxt keçirə bilərlər.

Eyni zamanda, xəbər verilir ki, tədqiqatçılar “Chat GPT” və işçi qüvvəsini sürət, eləcə də ardıcıllıq baxımından müqayisə edən 6 hadisədən ibarət pilot araşdırma aparıblar.

Araşdırmaya görə, iki ortopedik cərrah tərəfindən hazırlanan pasiyentin xəstəxanadan çıxma kağızları həkimlər və “Chat GPT” tərəfindən doldurulub. Hesabatlar sahə üzrə 15 ekspertdən ibarət komitəyə təqdim edilib.

Mütəxəssislər hesabatlar arasındakı fərqi ayırd edə bilməsələr də, həkimlərin əl ilə hazırladıqları hər hesabat üçün orta hesabla 27,8 dəqiqə, “Chat GPT” isə oxşar keyfiyyətdə hesabat yaratmaq üçün orta hesabla 2,9 dəqiqə vaxt sərf etdikləri müəyyən edilib.

DONALD TRAMP PREZİDENT SEÇİLƏRSƏ ABŞ-I NATO-DAN ÇIXARA BİLƏR

ABŞ-ın keçmiş prezidenti Donald Tramp  qarşıdan gələn prezident seçkilərində yenidən seçilərsə, o, ABŞ-ın NATO-dan çıxması ilə bağlı müzakirələrə qayıdacaq. Bu fikirləri “Le Figaro” nəşrinə müsahibəsində Trampın milli təhlükəsizlik üzrə keçmiş muşaviri Con Bolton bəyan edib.

Nəşr qeyd edib ki, keçmiş müşavirin sözlərinə görə, Donald Trampın Vaşinqtonun NATO-dan çıxmasını siyasi karyerasının ən böyük uğuru hesab edir.

Con Bolton xatırladıb ki, Tramp 2018-ci ildə bu ideya haqqında ciddi düşünüb. Avropa ölkələrinin nümayəndələrində onun bu fikri şok effekti yaradıb. Keçmiş lider daha sonra qeyd edib ki, onlar Rusiya Federasiyasından təbii sərvətləri bu qədər aktiv şəkildə alırlarsa, ABŞ-ın dəstəyinə arxalana bilməzlər. Con Bolton daha sonra avropalılarla əlaqə saxlayıb və Trampın NATO-dan çıxmaqla bağlı yekun qərar verməməsi üçün onları müdafiə xərclərini artırmağa çağırıb.

Xatırladaq ki, bir müddət öncə Con Bolton ABŞ-ın alyansdan çıxacağı təqdirdə Amerika dövlətinin reputasiyasının ciddi şəkildə zədələnəcəyini bildirmişdi.

UKRAYNA HİNDİSTANA XƏBƏRDARLIQ EDİB

Ukrayna Hindistana “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bəyan edib.

XİN başçısının sözlərinə görə, rəsmi Kiyevin vəzifəsi Yeni Dehliyə sadə mesaj çatdırmaqdır: “Rusiya ilə hərbi əməkdaşlıq etmək Ukrayna üçün “qırmızı xət”dir”.

Eyni zamanda, Dmitro Kuleba bildirib ki, Hindistan və Rusiya arasında əməkdaşlıq daha çox sovet mirasına əsaslanır. “Ukrayna Hindistanla əlaqələri gücləndirmək niyyətindədir. Hər iki ölkə ticarət və texnoloji əlaqələrin genişləndirilməsindən fayda görəcək. Biz Hindistanın istehsal etdiyi ağır texnikanın bir hissəsini idxal etməkdə maraqlıyıq”, - deyə XİN başçısı vurğulayıb.

Bununla yanaşı, nazir Hindistanı Ukraynanın müharibədən sonrakı bərpasında iştiraka dəvət edib: “Müharibədən sonra Ukrayna dünyanın ən böyük tikinti layihələrindən birinə çevriləcək. Ukrayna Hindistan biznesinin bu işdə iştirakını istəyir”.

ERMƏNİSTAN RUSİYANIN “MİR” ÖDƏNİŞ KARTLARI İLƏ ƏMƏLİYYATLARI DAYANDIRIB

Ermənistanda “Armenian Card” ödəniş sisteminin iştirakçısı olan bankların əksəriyyəti martın 30-dan Rusiyanın “Mir" kartlarına xidmət göstərməyi dayandırıb. Bu barədə “Trend” agentliyinin xəbərində qeyd olunur.

“Bu gündən sistemimizlə çalışan banklar “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Zərurət olarsa, kartınızı qəbul etməyi dayandırmış konkret banklara müraciət edə bilərsiniz”, - deyə “Armenian Card”ın çağrı mərkəzinin açıqlamasında bildirilir.

Xatırladaq ki, bu yaxınlarda Rusiya mətbuatı Ermənistanda bankların əksəriyyəti martın 30-dan Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını qəbulunu dayandıracağı barədə məlumat yaymışdı.

Məlumata əsasən, “VTB Ermənistan" bankı sözügedən kartlara xidmat göstərməyi davam etdirəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.