İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

Boks millimiz ən çox lisenziya qazanan ölkələr sırasında

İtaliyanın Busto Arsizio şəhərində keçirilən boks üzrə I Dünya Olimpiya təsnifat turniri başa çatıb. Yarışlar 9 gün davam edib. Turnirdə 113 ölkədən 602 boksçu lisenziya uğrunda mübarizə aparıb. Ölkəmizi kişilərdən ibarət yığma komanda təmsil edib. 51 kiloqram çəkidə qüvvəsini sınayan Nicat Hüseynov bütün rəqiblərinə qalib gələrək Fransa paytaxtında iştirak hüququ qazanıb. O, boks millimizin olimpiadaya lisenziya qazanan üçüncü təmsilçisidir. Nicat Hüseynova qədər Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) buna nail olublar. Busto Arsizioda keçirilən turnirdə kişilərin mübarizəsində yalnız 21 ölkənin kişi boksçuları lisenziya qazanıblar. Ümumi siyahıda isə Azərbaycan 7-11-ci yerləri bölüşür. Yığmamızla yanaşı, ABŞ, Türkiyə, İtaliya və İrlandiya da 3 lisenziyaya sahibdir.

Millimiz xizək alpinizmi turnirini iki medalla başa vurub

"Şahdağ" Turizm Mərkəzində keçirilən Beynəlxalq Xizək Alpinizmi yarışına yekun vurulub. Yarışın son günündə vertikal növ üzrə üç yaş kateqoriyasında 11 ölkədən 60-dək idmançı mübarizə aparıb. İki gün davam edən turnirdə Azərbaycan təmsilçisi Nəzrin Qəribova yığmanın aktivinə iki medal yazdırıb. U-23 kateqoriyasında çıxış edən idmançı sprint yürüşü üzrə gümüş, vertikal növ üzrə bürünc medala yiyələnib.

Güləşçimiz Türkiyədə gümüş medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Musa Ağayev Antalyada keçirilən "Yaşar Doğu & Vehbi Emre" turnirində uğurla çıxış edib. 65 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı gümüş medala sahib olub. Yığmanın digər üzvləri - Zirəddin Bayramov, Murad Haqverdiyev (hər ikisi 65 kiloqram), Cəbrayıl Qadjiyev, Murad Yevloyev (hər ikisi 74 kiloqram) və Qadjimurad Maqomedsaidov (97 kiloqram) isə mükafatçılar siyahısına düşə bilməyiblər.

İki boksçumuz uğurla çıxış edib

Monteneqronun Budva şəhərində keçirilən gənc boksçular arasında ənənəvi "Adriatik incisi" beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi təmsil edən iki idmançımız uğurlu çıxış edib.  İdmançılarımızdan Zidan Hümbətov (51 kq) qızıl, Bilalhəbəşi Nəzərov (48 kq) isə gümüş medal qazanıblar.

Nərgiz İSMAYILOVA,

"Respublika".