Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir
Siyasət

Şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir

Bütün sahələrdə inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan enerji təhlükəsizliyində mühüm tərəfdaş kimi Avropaya qaz təchizatının coğrafiyasını getdikcə daha da genişləndirir. Dayanıqlı enerji mənbələrinə malik olan, son illərə qədər əsasən neft-qaz hasilatçısı kimi tanınan ölkəmiz bu gün "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"na əsasən Avropa ölkələrinin əksəriyyəti ilə enerji dialoqu aparır.

Qitənin altı ölkəsinə təbii qaz nəql edən, nəhəng enerji infrastrukturu ilə bütövlükdə Avrasiyanın enerji xəritəsini dəyişən Azərbaycan dünya ölkələri ilə enerji əməkdaşlığının müxtəlif aspektlərini müzakirə edərək həm enerji marşrutlarının, həm də mənbələrin şaxələndirilməsində mühüm addımlar atır. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sahədə yeni təchizat coğrafiyası formalaşdırıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusilə diqqət çəkib: "Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub - biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir - şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir".

2023-cü ildə Avropa bazarlarına 12 milyard kubmetr təbii qaz ixrac edən ölkəmizdə bu il 49 milyard kubmetrə yaxın qaz hasilatı gözlənilir ki, bunun da 24 milyard kubmetrinin ixracı nəzərdə tutulur. Ümumiyyətlə isə 2027-ci ilə qədər bu rəqəmin 20 milyarda çatdırılması hədəflənir. Bu kontekstdə, "Şahdəniz"dən sonra ikinci nəhəng mənbə olan, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda böyük potensiala malik "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı qarşıya qoyulan hədəfin reallaşmasına geniş imkan yaradır. Dövlət başçımız bildirib ki, "Abşeron" qaz-kondensat yatağı gələcək şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək.

Strateji tərəfdaş olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə əhəmiyyətli layihələrin reallaşdırılması, eyni zamanda enerji səmərəliliyi və bərpaolunan enerji sahəsində uğurlu nəticələr Avropa bazarlarına qaz nəqlini artırmağa imkan verir.

Enerji təhlükəsizliyinin tam təmin olunmasında neft və qaz təchizatı əsas amil kimi çıxış etsə də, bu gün "yaşıl enerji"yə transformasiya prioritetdir və Azərbaycan bu prosesdə aparıcı ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, iqtisadi potensialı isə 27 QVt-dır. Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 QVt külək enerjisi mövcuddur. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 qiqavat günəş və külək enerjisi istehsal olunacaq ki, bu da Azərbaycanın yaxın gələcəkdə Avropa enerji bazarlarına təkcə təbii qaz ixracatçısı deyil, həm də "yaşıl enerji" ixracatçısı kimi daxil olacağını göstərir. Qeyd edək ki, "yaşıl enerji zonası" elan edilən Qarabağ və Şərqi Zəngəzurun külək enerjisi potensialı təxminən 7200 meqavat, günəş enerjisi potensialı isə 2000 meqavatdan çoxdur. Təbii ki, bərpaolunan enerjiyə qoyulan sərmayə artdıqca bir o qədər də təbii qaza qənaət ediləcək ki, bu da ixracı əhəmiyyətli dərəcədə artıracaq.

Ümumavropa qaz təchizatçısı adlandırılan Azərbaycan "yaşıl enerji" layihələrini dəstəkləməkdə maraqlıdır. Belə ki, "yaşıl enerji" zonalarının yaradılması və tədricən dekarbonizasiya prosesi sayəsində son illərdə ölkəmizin enerji sektorunda davamlı inkişafa nail olunub. Enerji sahəsində aparıcı şirkətlərdən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik stansiyası, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa olunan 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası 2030-cu ilə qədər enerji sistemində bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasında mühüm rol oynayacaq. O cümlədən işğaldan azad olunmuş ərazilərin 2050-ci ildə sıfır tullantılı zonaya çevrilməsi planlaşdırılır.

"Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına çıxarılması ölkəmizin dayanıqlı enerji təhlükəsizliyi sahəsində müəyyənləşdirdiyi uğurlu strategiyadır. Bu strategiyanın həyata keçirilməsi üçün bərpaolunan enerji sahəsində elektrik stansiyalarının tikintisi, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvanın da yaşıl enerji zonasına çevrilməsi, Böyük Britaniyanın bp şirkətinin investiyası hesabına Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının işə salınması, eləcə də Azərbaycandan Avropaya "yaşıl enerji"nin nəqli üçün Qara dənizin dibi ilə sualtı kabelin tikintisi layihəsinin icrası planlaşdırılır.

Bərpaolunan enerji sahəsində böyük potensiala sahib olan, qlobal və regional enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycan yenilənən enerji sahəsinin inkişafında mühüm layihələr reallaşdırmaqla böyük energetika şirkətlərinin ölkəmizin bərpaolunan enerji mənbələrinə sərmayə yatırmasına imkanlar yaradır. Artıq bir çox dövlətlərin ölkəmizin bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı planlaşdırması dünya ölkələri ilə enerji dialoqu aparan Azərbaycanın alternativ enerjiyə uğurlu keçidin nümunəsi olduğunu isbat edir.

Mehparə ƏLİYEVA,

"Respublika".