MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Aymani Kadırova və ya "Ana ürəyi" məscidi

Rusiya Federasiyasının Çeçenistan Respublikasında tikilən əzəmətli məscid ölkənin ilk prezidenti Axmat Kadırovun xanımı Aymani Kadırovanın şərəfinə adlandırılıb. Arqun şəhərinin tam mərkəzində ucaldılan bu dini kompleks türkiyəli memar Deniz Baykanın layihəsi əsasında "İnkomstroy" tikinti şirkətinin mühəndisləri tərəfindən tikilib. Regional İctimai Fondun hesabına başa gələn "Ana ürəyi" məscidinin açılışı 16 may 2014-cü ildə baş tutub. Rusiya ərazisində ilk müasir dini obyektin tikintisində qabaqcıl texnologiya və materiallardan istifadə olunub. Dörd mərtəbədən ibarət məscidin üç mərtəbəsi kişilər üçün, ayrıca girişi olan dördüncü mərtəbə isə qadınlar üçün ayrılıb. 26 giriş qapısı olan məbəd 700 ton mərmər və 250 ton qranitdən hazırlanıb. İslam memarlığının bariz nümunəsi olan bu məbədin günbəzinin bəzədilməsində məşhur xəttat Hüseyn Kutlunun əl yazısı həkk edilib.

Geniş parkın ərazisində inşa olunan və ultramodern dizayna malik məscidin ümumi sahəsi 6950 kvadratmetrdir. Əsas ibadət zalının hündürlüyü 23, diametri isə 24 metrdir. Məscidin günbəzinin üstündə hündürlüyü 55 metrlik üç minarə, girişində isə İslamın rəmzi olan nəhəng aypara yerləşir. İbadət zalının mərkəzində asılan və diametri 30 metr olan çilçıraq da aypara şəklindədir, onun çəkisi isə beş tondur. İbadət evinin döşəmələrini Türkiyədən gətirilmiş və çəkisi 36 ton olan xalça bəzəyir.

Zvinger saray kompleksi

Saksoniyanın paytaxtı Drezdendə inşa olunan Avropanın ən böyük və qədim iqamətgahı Zvinger adlanır. Alman dilindən tərcümədə "qəfəs" mənasını verən bu abidə "Daxili Köhnə Şəhər"in şimal-qərb hissəsində - Altstad rayonunun keçmiş kral iqamətgahının yaxınlığında ucaldılıb. Alman barokkosu və ya "sakson üslubu"nda inşa olunan Zvinger saray kompleksinin ilk binası 1715-ci ildə tikilib. 1719-cu ildə şahzadə III Avqustun Habsburq imperatoru I İosifin qızı şahzadə Mariya ilə toy mərasimi ərəfəsində sarayın açılışı baş tutub. Bir əsr sonra memar Matthaus Daniel Pöppelman və heykəltəraş Baltazar Permozerin layihəsi əsasında binaya yeni muzeylər əlavə olunub. Adolf Hitlerin hakimiyyəti dövründə nasistlər müasir modernist və mücərrəd rəssamların bir neçə kolleksiyasını müsadirə edərək yandırıb, şəkilləri isə "degenerativ sənətin varlıqları" elan ediblər. Onların arasında dünya şöhrətli rəssam Edvard Munkun da əsərləri olub. İkinci Dünya müharibəsindən sonra Drezden SSRİ-nin işğal zonasında qalıb, ancaq sənət əsərləri Sovet İttifaqından götürülüb. 1955-ci ildə isə Nikita Xruşşovun təşəbbüsü ilə 1500-ə yaxın sənət əsəri Drezdenə qaytarılıb.

Bu gün mədəni sərvətlərin xəzinəsi adlandırılan Zvinger sarayında İntibah dövrü rəssamlarının bir çox sənət əsərləri sərgilənir. Burada məşhur Drezden İncəsənət Qalereyası, Fizika və Riyaziyyat Muzeyi, Farfor Muzeyi və Heykəltəraşlıq Kolleksiyası kimi muzeylər fəaliyyət göstərir. Həmçinin maarifçilik dövrünə aid Avropanın ən böyük orijinal elmi alətlərinin sərgiləndiyi salon da burada yerləşir.

Aula Medica auditoriyası

Avropanın ən böyük və ən qədim tibb universitetlərindən biri olan Karolinska Tibb İnstitutu 1810-cu ildə İsveçdə yaradılıb. Uzun illər ərzində burada əsaslı təmir işləri aparılsa da, institutda beynəlxalq konfransların və mühazirələrin keçirilməsi üçün böyük auditoriya olmayıb. Bu səbəbdən də 2000-ci ildə universitet rəhbərliyi konfrans zalı tikmək üçün isveçli rəssam Gert Vinqordun "Wingardhs" memarlıq şirkətini dəvət edib və geniş zalın layihəsi üçün müsabiqə elan edilib. Lakin institut üçün ayrılan ərazidə binalar çox sıx olduğundan tikinti işləri uzun müddət gerçəkləşməyib. İllərlə davam edən mübahisələrdən sonra institut rəhbərliyi ərazini dəyişdirmək qərarına gəlib və layihə yenidən hazırlanıb.

Nəhəng gəmi şəklində dizayn edilən kompleksin fasadı rəngli şüşədən ibarətdir. Məhz bu fasad sayəsində auditoriyalara günəş işığı nüfuz edir, otaqlar geniş və işıqlı görünür. Binada 1000 nəfərlik auditoriyadan başqa, institut rəhbərliyi üçün müəllimlər klubu da yerləşir. Binanın interyeri və tavanı küknar ağacından hazırlanan elementlərdən ibarətdir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".