VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

25 fevral

  • Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib.
  • Ölkə başçımız Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib.

26 fevral

  • Prezident İlham Əliyev Xocalıda Soyqırımı Memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
  • Macarıstan Milli Assambleyası AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib.

27 fevral

  • Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirini qəbul edib.
  • XİN Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatına münasibət bildirib.

28 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
  • Berlində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsini müzakirə etmək üçün iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ikitərəfli görüş keçirilib.
  • Müdafiə Nazirliyi Ermənistanın dezinformasiya maşınının fəaliyyəti ilə bağlı məlumat yayımlayıb.
  • Laçında daha 24 ailəyə evlərinin açarları təqdim olunub.

29 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın yeni seçilmiş Prezidenti Tamaş Şuyoka təbrik məktubu ünvanlayıb.
  • Milli Məclis Avropa Parlamentinin "Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi" ilə əlaqədar illik hesabatını pisləyib.

Lobbiçilərin korrupsiya çirkabı AP-ni bulandırır

Avropada anti-Azərbaycan blokunun fəaliyyəti əslində bir ovuc fransız, erməni əsilli, korrupsiya bataqlığına batmış rəsmilərin böhtan və təxribatlarından ibarətdir. Saxta ictimai rəy formalaşdırmaq, ölkəmizin artan nüfuzuna xələl gətirmək, əsassız və böhtan dolu iddialarla ittiham etmək sözügedən blokun vərdişinə çevrilib.

Xüsusilə Avropa Parlamentində cəmlənən bu qruplar vahid mərkəzdən idarə olunur, Yelisey sarayının tezisləri əsasında parlamentdə ölkəmizə qarşı mənfi imic formalaşdırılır. Təsadüfi deyil ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi də elə sözügedən rüşvətxorların ideyasıdır. Bu qərarın ardınca Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağırışların yer aldığı yeni qətnamə də qəbul edib. Qətnamədə Azərbaycanın guya Ermənistana hücum edə biləcəyi ilə bağlı reallığa uyğun olmayan, əsassız ehtimallar yer alıb.

Kağız parçasından başqa bir şey olmayan bu qətnamələr ayrı-ayrılıqda anti-Azərbaycan blokunun üzvlərini ifşa edir. Məlumdur ki, parlamentin təzadlarla dolu mövqeyi reallığa uyğun deyil. Azərbaycan bir çox Avropa ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təminatında da ölkəmiz liderliyi ilə seçilir. Bütün bunlara rəğmən, "qoca qitə"dəki yaramazlar bir növ panika yaratmağa çalışırlar. Şübhəsiz ki, bu işdə onların aləti məhz haylardır. Ortaya qoyulan arqumentlərdən də göründüyü kimi, Azərbaycan "etnik təmizləmə", "soyqırımı", "gərginlik yaratma" kimi əsassız ittihamlarla qarşılaşır. Anti-Azərbaycan blokunun "təzyiq aparatı" kimi Avropa Parlamentinin bu yanaşması heç şübhəsiz, Makron, Şvabe, Borrel, Karapetyan kimilərinə yalnız təsəlli ola bilər.

1 mart

  • Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Cənub Qaz Dəhlizinin şaxələndirilməsi imkanları genişdir

Martın 1-də paytaxt Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.

2015-ci ildən bəri hər il baş tutan iclasda Məşvərət Şurasının qrup üzvləri görülmüş işlər və qarşıda duran məsələlərin həllinə dair müzakirələr aparır, eləcə də atılacaq birgə addımları dəyərləndirirlər. Ardıcıl olaraq hər il tədbirin keçirilməsi üç il bundan öncə istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsində müstəsna rol oynayıb. Sözügedən Şuranın yaradılması və bu format çərçivəsində müntəzəm iclasların keçirilməsinin təşəbbüskarı məhz Prezident İlham Əliyev olub və bu, Avropa Komissiyası tərəfindən təqdir edilib. 2022-ci ildən Məşvərət Şurasının toplantısı əvvəlki iclaslardan fərqli fonda keçirilir. Bunun da səbəbi ondan ibarətdir ki, TAP-ın istifadəyə verilməsi ilə layihənin bütün seqmentləri fəaliyyət göstərir. Məşvərət Şurasının VIII toplantısından etibarən istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsinin gələcək inkişafı müzakirə edilir və onun genişləndirilməsi, şaxələndirilməsi imkanları nəzərdən keçirilir. Bununla yanaşı, artıq ikinci ildir ki, yaşıl enerji ilə bağlı Məşvərət Şurasında müzakirələr aparılır.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan ilə Albaniya arasındakı dostluq əlaqələrindən, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının enerjinin şaxələndirilməsi və onun təhlükəsizliyi məsələlərində vacib rol almasından, o cümlədən ölkənin enerji strategiyası və bu xüsusda yaşıl enerjinin əhəmiyyətli yer tutmasından söz açıb. Həmçinin dövlət başçısı qeyd edib ki, Avrasiyanın bügünkü geosiyasi vəziyyəti məhz Məşvərət Şurasındakı görülən işlərin nə dərəcədə düzgün olduğunu sübut edir: "Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar - interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük".

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
  • Antalyada "Cənubi Qafqazda sülh, inkişaf və bu çərçivədə qarşılıqlı əlaqələr" mövzusunda panel iclası keçirilib.

Qlobal diplomatiya və regional dinamikanın yeni körpüsü

Dünyada gedən proseslərə müsbət mənada istiqamət verən ən böyük dövlətlərdən biri, şübhəsiz ki, qardaş Türkiyədir. Aktor rola malik ölkə yeni dünya nizamının formalaşmasında da yaxından iştirak edir. Müvafiq olaraq, son dövrlərə nəzər salsaq, Türkiyə Cümhuriyyətində qlobal miqyaslı problemlərin həlli istiqamətində saysız-hesabsız tədbirlərin keçirildiyinin şahidi olarıq. Bunlardan biri də ilk dəfə 2021-ci ildə Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumudur (ADF).

Forumun əsas məqsədi yaşadığımız təlatümlü dövrdə ümumi düşüncə zəmini yaratmaq, eləcə də davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və antiislamizm, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər, pandemiyalar, genişlənən sosial-iqtisadi dalğalanmalar kimi bir çox mövzularda birgə çıxış yolları axtarmaqdan ibarətdir. Ardıcıl olaraq 2021 və 2022-ci illərdə baş tutan I və II Antalya Diplomatiya Forumunun 2023-cü ilin martında keçirilməsi nəzərdə tutulan III sessiyası fevralın 6-da Kahramanmaraş şəhərində olan güclü zəlzələ səbəbindən təxirə salınmışdı. Ötən gün öz işinə başlayan, dünyanın 110 ölkəsindən təxminən 4600 nümayəndənin qatıldığı III Antalya Diplomatiya Forumunda ölkəmiz də aktiv iştirak edir. Forumda qlobal böhranlar, enerji təhlükəsizliyi, terrorla mübarizə, o cümlədən "Türk dünyasında təşkilatlanma: XXI əsrdə TDT", "Sahil: Təhlükəsizlik risklərindən daimi sabitliyə", "Dəyişən təhlükəsizlik təhdidlərini anlamaq üçün yeni xarici siyasət yanaşmaları", "Qida təhlükəsizliyi: Artan çağırış", "Qloballaşmış dünyada elmi və texnoloji diplomatiyanın rolu", "Avropa İttifaqının qlobal dəyişmələri formalaşdırmaq qabiliyyəti", "İqlim dəyişikliyi: Gələcək nəsillər bizi nə cür xatırlayacaq", "Sülh və inkişafın təşviqində parlamentarilərin rolu", "Artan irqçilik, ksenofobiya və islamofobiya" mövzuları ətrafında fikir mübadilələri aparılır.

  • Kadri Simson Avropada fəaliyyət göstərən bir sıra şirkətə Azərbaycana sərmayə yatırmasını tövsiyə etdiyini bildirib.

2 mart

  • Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib.
  • Azərbaycanın xarici işlər naziri ATƏT-in Baş katibi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edib.           

“Respublika”.