QİSAS DÖYÜŞ MEYDANINDA ALINDI
Siyasət

QİSAS DÖYÜŞ MEYDANINDA ALINDI

2024-cü ilin 26 fevral tarixini son 32 illik tariximizdən ayıran çox mühüm bir fərq var: bəşər övladının ən dəhşətli soyqırımlarından birinə şahidlik edən Xocalı artıq azaddır. 2023-cü ilin 15 oktyabrında cənab Prezidentin tariximizə qızıl hərflərlə düşmüş səfərinin ardından Qarabağda yeni mərhələ başlanıb və nəinki Xocalı, eləcə də bütövlükdə Qarabağ son 100 illik tarixində heç olmadığı qədər azaddır, müstəqildir.

1992-ci ilin 25 fevraldan 26 fevrala keçən gecə ermənilər Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366 motoatıcı alayının iştirakı ilə Xocalıda elə bir dəhşətli soyqırımı aktı törətdilər ki, kadrlara baxdıqca, şahidlərin, əsirlərin həmin gecə ilə bağlı xatırladıqlarını dinlədikcə insanın qanı donur. Xocalıdakı cinayətləri ilə ermənilər faktiki olaraq soyqırımı aktı törətdilər, çünki "Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması" haqqında konvensiyanın bütün tələbləri ermənilərin törətdikləri vəhşiliklərdə sırf azərbaycanlıları məhv etməyə  yönəlik xüsusi qəsd amilinin olması; uşaqların, qadınların qəddarlıqla qətlə yetirilməsi adıçəkilən konvensiyanın sadəcə bir neçə maddəsini özündə ehtiva edir. Xüsusi qəsd amilinin olmasını dəstəkləyən digər önəmli faktlar isə budur ki, Xocalı hələ 1991-ci ilin oktyabr tarixindən etibarən mühasirəyə alınır, 1992-ci ilin 28 yanvar tarixində isə sonuncu helikopter Xocalıya eniş edə bilir. Bu tarixdən sonra Xocalının nəinki Azərbaycan, bütün dünya ilə əlaqəsi itir və günlər Xocalını yavaş-yavaş soyqırımına doğru aparır.

Ermənilərin işğal və genosid, eləcə də kultursid və urbisid siyasəti ilə müddəalarını sistematik və kobud şəkildə pozduqları konvensiyaları ard-arda sıralamaq mümkündür: Cenevrə konvensiyasından tutmuş, BMT Baş Məclisinin 1948-ci il tarixli "İnsan Hüquqlarının Ümumi Bəyannaməsi"nə kimi. Lakin təəssüflər olsun ki, hətta dünyanın aparıcı qəzetləri və s. kimi mətbuat orqanlarında, informasiya ehtiyatlarında Xocalının dəhşəti ilə bağlı məlumatlar yer alsa da xüsusilə də qərbdə Xocalı mümkün dərəcə görməzliyə vurulur. İkili standartların maşstabı hətta o həddə gəlib çatıb ki, artıq bunu açıq-aşkar şəkildə, heç bir maskalanmaya ehtiyac duymadan edirlər. Məsələn, biz on illərlə Avropa Şurası ilə yaxşı münasibətlərdə olduq, dəfələrlə Ermənistanın işğalı, qətliamları ilə bağlı məlumatları çatdırdıq, lakin hər dəfəsində aldığımız tək cavab var idi ki, AŞ dövlətlərarası ərazi məsələlərini həll etmir, bu digər platformaların vəzifəsidir. Lakin Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra AŞ birbaşa elə "həmin platforma"ya çevrildi və ölkəmizə qarşı gülünc və əsassız təzyiq mexanizmləri formalaşdırmağa çalışır. Nəticədə isə layiqli cavabını aldı ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz.

Ermənilər Xocalı soyqırımını fərqli siyasi mərtəbələrdə etiraf edirlər. Ermənistanın sabiq prezidenti və bu hadisələrdə əli olan Serjik Sarkisyanın özü belə fərqli platformalarda işğalı dilə gətirir. Maraqlıdır ki, Sarkisyanın özü Xocalı hadisələri zamanı Qarabağda erməni silahlı dəstələrinin komandirlərindən biri idi. 1993-cü ildə isə Ermənistanın müdafiə naziri postuna təyin edilir. Bu təyinatın özü belə onu göstərir ki, Ermənistanda Xocalının işğalı böyük sevinclə qarşılanmışdır. Çünki burada həm hava limanının olması, həm də mühüm yollar üzərində yerləşməsinə görə Xocalı strateji əhəmiyyətə malik coğrafi məkandır.

İşğalçı və soyqırımı siyasətinə  münasibətdə Ermənistanı işğalçı dövlət olaraq tanıyan ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı  oldu. Nəzərə almaq lazımdır ki, İƏT Azərbaycan Respublikasının üzv olduğu ilk beynəlxalq təşkilatdır və İƏT qəbul etdiyi qətnamələrində dünya ictimaiyyəti, xüsusilə də İƏT ölkələrinə həm işğal edilmiş torpaqlarımızla bağlı, həm də 1 milyona yaxın qaçqın problemi ilə bağlı zəruri çağırışlar etmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, İƏT Azərbaycanın Qarabağ həqiqətlərini dünya dövlətlərinin diqqətinə çatdırması üçün önəmli siyasi platforma rolunu oynamışdır.

İƏT ilə müqayisədə BMT TŞ münaqişə ilə bağlı 4 qətnamə qəbul etsə də bu qətnamələr işğalçı qüvvələr tərəfindən rədd edilmiş, hətta 30 ilə yaxın işğalçılıq siyasəti aparmış, yeni təxribatlara cəhd göstərmişlər. Çünki hüquq bizə deyir ki, cəzasızlıq növbəti cinayətlərə zəmin yaradır. Bunun səbəbi isə sülh və təhlükəsizlik, insan hüquqları ilə bağlı mərkəz rolunu oynaması üçün yaradılmış təşkilatların siyasi maraqlar naminə ikili standartlarıdır. ATƏT-in Minsk Qrupu həmsədr dövlətləri ayrılıqda belə Ermənistana təsir üçün kifayət qədər önəmli rıçaqlara sahib ikən, münaqişənin dondurulması və mümkün dərəcə uzadılması istiqamətində çalışmaları keçmiş Qarabağ konfliktinin qlobal effortla həllinin mümkünsüzlüyünü göstərirdi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan-Ermənistan arasında sülh prosesi iki tərəf arasında keçirilir. Çünki üçüncü tərəfin siyasi maraqlarının dəfələrlə hansı məqsədlərə xidmət etdiyini müşahidə etmişik.

Ermənistan Xocalı soyqırımını inkar etsə də bu qətliamda əlini qana batırmış cəlladların bir çoxu artıq Azərbaycanda təcridxanalardadır. Hətta cari ilin fevral ayının əvvəllərində həmin cinayətkarlardan biri olan Beqlaryan Xocalı faciəsi zamanı Qarqar çayın sahili ilə Ağdama qaçan 200-ə yaxın mülki şəxsi Əsgəran qalası yaxınlığında pusquya salaraq vəhşicə qətlə yetirdiklərini etiraf etdi. Qətlə yetirilənlər beynəlxalq humanitar hüquqla müdafiə edilən və hərbi hədəf sayılmayan mülki şəxslərdir və onların kütləvi məhv edilməsi Ermənistanın müharibə cinayətlərinin açıq sübutudur.

Tək sübut isə təbii ki, Beqlaryan deyil. Meşəli soyqırımının təşkilatçılarından olan Vaqif Xaçaturyan da daxil olmaqla xalqımıza qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər, eləcə də separatçı rejimin terrorist  "rəhbərliyi" hazırda Azərbaycan ədaləti qarşısında sorğu-sual olunur və bütün lazımi dəlil-sübutlar toplanır. Beynəlxalq təşkilatların Azərbaycan qarşısında vəzifəsi idi ki, bu faktlar araşdırılsın, torpaqlarımız işğaldan azad edilsin və cinayətkarlar cəzalandırılsın. Lakin biz növbəti dəfə ədaləti öz əllərimizlə təmin edərək, bütün dünyaya nümayiş etdiririk ki, sizin etmədiyiniz təqdirdə bizim özümüz  kifayət qədər güc və siyasi iradəyə sahibik.

Azərbaycan güclü dövlətdir və bizim müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün qarantı müzəffər ordumuzdur.  Prezident İlham Əliyevin yeni dönəmi isə Münxen və ardından Ankarada aparılan danışıqlar və görüşlərlə olduqca məhsuldar başladı. Əminəm ki, önümüzdəki 7 illik müddətdə bütün hədəflərə nail olacaq, bu sınaqlardan alnıaçıq çıxmağı bacaracağıq. Çünki bizim işimiz hər zaman haqq işidir və mövqeyimiz yalnız hüquqa, ədalətə əsaslanır.

Naqif HƏMZƏYEV,

Milli Məclisin deputatı.