Elxan Şahinoğlu: Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın haqlı mövqedə olduğunu təsdiq etdi
Siyasət

Elxan Şahinoğlu: Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın haqlı mövqedə olduğunu təsdiq etdi

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ədalət Məhkəməsi  Ermənistanın “Laçın sərhəd-keçid məntəqəsinin qanunsuzluğuna və Azərbaycan Respublikasının hərbçilərinin Laçın yolundan çıxarılmasına dair” tələbi ilə bağlı 12 may 2023-cü il tarixli vəsatətini rədd edib. Bu, düşmənin aldığı ilk rədd cavabı deyil.  Belə olduğu halda qərb qonşumuzun imici yerlə-yeksan olur, bütün dünya bir daha dövlətimizin haqlı mövqeyindən agah olur.  

Məsələ ilə bağlı Elxan Şahinoğlu “Respublika”ya verdiyi açıqlamasında bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın haqlı mövqedə olduğunu təsdiq etdi: “Hər bir ölkənin sərhədi mövcuddur və onun qorunması vacibdir. Azərbaycan tərəfindən Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması, heç də qanunsuz və qeyri-adi bir addım deyil. Ermənilər sadəcə məntiqsiz iddialar irəli sürməklə düşünürlər ki, ölkəmizin ərazisindən istədikləri kimi istifadə edə bilərlər. Beynəlxalq Ədalət Məhkəməsi də hüquqi baxımdan bu cür qanunsuzluğun qarşısını aldı”. 

Politoloq, həmçinin düşmənin öz xainliklərindən əl çəkmədiyini də qeyd edib: “BƏM-dən rədd cavabı gəlməsinə baxmayaraq, erməni seperatçıları və onlara yan çıxan mərkəzlər Azərbaycana qarşı informasiya savaşını gücləndirməyə cəhd edirlər. Amma ölkəmiz öz haqq yolundan əsla dönmür. 44 Günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə onu göstərir ki, Qarabağda məhz Azərbaycanın qanunları keçərlidir. Heç kim bu məsələlərdə bizə müdaxilə edə bilməz”. 

Nəzrin ELDARQIZI, 

“Respublika”.