Haylar yeni müharibə üçün ruhlandırılır
Siyasət

Haylar yeni müharibə üçün ruhlandırılır

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda çıxış edib. O bildirib ki, Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökür və Ermənistanda qeyri-real fikir formalaşdırırlar. Dövlətimizin başçısı qeyd edib: "... Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir".

Hazırda İrəvana göstərilən bu dəstəyin, sürətli silahlandırma cəhdlərinin arxasında böyük dövlətlərin maraqlarının dayandığı hər kəsə aydındır. Təbii ki, Parisin Ermənistanı silahlandırmaqla onun müdafiəsini gücləndirməyi hədəfləməsini düşünmək sadəlövhlük olardı. Tarixən müstəqil siyasət yürüdə bilməyən Ermənistana diplomatik dəstək verən, silahlarla başını aldadan Qərb onsuz da havadarları tərəfindən idarə olunmağı adət etmiş İrəvanı şirnikləşdirir. Tarix sübut edir ki, böyük qüvvələrin "dəstəyinin" səbəbi sadəcə öz maraqlarıdır. Bunu Gürcüstan, Ukrayna və Yaxın Şərqdəki ssenarilər də təsdiqləyir. Təəssüf ki, Ermənistan da yalan vədlərə aldanır.

Fransa Ermənistanı silahlandırır, Ermənistan isə bundan məmnunluq duyur, bununla da İrəvandakı revanşist fikirlər alovlanır. Belə ki, erməni hərbi ekspert Ayk Nahapetyan deyib: "Yeri gəlmişkən, bu zirehli maşınları adi qumbaraatanla sıradan çıxarmaq olar. İndi bu 50 maşın Ermənistana çatdırılıb və burada hamı "dana" səsilə qışqırır: "Baxın, baxın, Fransa bir-iki silah da göndərsə, Türkiyəni də alacağıq". Bununla da görünür ki, bu silahlandırma müdafiə məqsədinə deyil, revanşist fikirləri yenidən canlandırmağa xidmət edir.

İkinci Qarabağ müharibəsindən sonra Qərbin Cənubi Qafqazda xüsusi canfəşanlığı hiss olunur. Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Fransanın neokolonist əməllərini ifşa etməsini fürsət bilən erməni lobbisi "fransız" variantını işə salıb. Digər dövlətlərin üstüörtülü maliyyə və diplomatiya dəstəyinin əksinə rəsmi Parisin Ermənistana silah təchizatı məkrli siyasətin bariz nümunəsidir.

Revanşist lobbi 30 ildir hərəkət etdirməyə ehtiyac görmədiyi anti-Azərbaycan dairələrinin 3 ildə əhəmiyyətli dərəcədə canlanmasına rəvac verib. Ölkəmizi beynəlxalq arenada müttəfiqsiz qoymaq üçün Azərbaycanla dost ölkələrə təzyiq etməkdən belə çəkinməyən dairələrin bu planı uğursuzluğa düçar olub. Çünki Azərbaycanın özünə seçdiyi müttəfiqlər daimi ölkəmizi beynəlxalq arenalarda dəstəkləyib və heç bir qərəzli siyasətə qurban getməyib. İstər türk dövlətləri, istərsə də dünyanın digər müttəfiq ölkələri daim erməni provokasiyasına qarşı ölkəmizin yanında olub. Bu baxımdan, lobbi öz qanından olan insanları müharibəyə ruhlandıraraq diplomatik məğlubiyyətin əvəzini hərb meydanında çıxmağı, ya da ən azından buna zəmin yaratmağa cəhd edir. Lakin görünür, ermənilər üçün tarix anlayışı fərqlidir. Onlar 3 il əvvəlki müharibənin acı nəticələrini unudur, yeni müharibəyə təşviq edildiklərini anlamırlar. Bütün bunlar isə ölkəni sonluğa doğru aparır. Qərb dairələri yeni müharibə situasiyasının formalaşması üçün Ermənistana əllərindən gələn bütün imtiyazları verir. Qeyd edildiyi kimi, bu prosesdə ən aktiv icraçı isə Parisdir.

Fransa aydın formada İrəvana dəstək göstərir. Parisin bu addımı onun xarici siyasətdə necə qeyri-ciddi, ədalətsiz, qərəzli mövqe tutduğunun sübutudur. Paşinyan isə xalqının gələcəyini məhv etmək naminə, Fransanın sözlərinə inanır. Bu gün Azərbaycan bölgədə sülh və sabitlik üçün hər vəchlə çalışır. Cənubi Qafqazda maraqları olan bəzi qüvvələr isə burada yenidən qarışıqlıq yaratmaq istəyirlər. Lakin qalib ölkəmiz buna izn verməyəcək. Bölgədə yeni bir müharibə baş verərsə, bu, artıq Azərbaycanın ərazisində olmayacaq, çünki dövlətimiz onunla təzyiq dilində danışmaq istəyənlərə layiqli cavabı verib. Azərbaycan hansısa ölkənin təhdid və təzyiqini qəbul etməyib və bundan sonra da bu belə olacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".