Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Sağlamlıqla bağlı məlumat verən ağıllı güzgü

Sağlamlıqla bağlı məlumat verən cihazlara daha biri də əlavə edilib. Bu dəfə sağlamlıq vəziyyətini müəyyən edə bilən "Anura Magic Mirror" adlı ağıllı güzgü hazırlanıb.

CES 2024 sərgisində təqdim edilən innovativ güzgü artıq fantastik filmlərdə gördüklərimizi reallaşdırır. Sərginin ən çox diqqətçəkən bu cihazı süni intellektin dəstəyi ilə işləyir və insanların xəstəlik risklərini qiymətləndirir. Bir çox sensor və kameralarla təchiz edilən 21.5 düymlük ağıllı güzgü qarşısında dayanan insanı 30 saniyə ərzində skan edir. Cihaz məhz 30 saniyə ərzində üzdəki qan axınını izləmək üçün patentləşdirilmiş "Transdermal Optik Görüntüləmə" texnologiyasından istifadə olunur. Sensor və kameralar vasitəsilə topladığı digər məlumatlardan istifadə edərək yekunda 100 fərqli sağlamlıq xüsusiyyətini açıqlayır. Belə ki, ağıllı güzgü qan təzyiqi, BMI, ürək ritmi, nəbz dərəcəsi, tənəffüs dərəcəsi, üz dərisinin yaşı da daxil olmaqla bir çox lazımi məlumatı təqdim edə bilir. Bundan əlavə, diabet, ürək-damar, insult, hipertoniya, qaraciyər xəstəliyi ilə yanaşı, ruhi sağlamlıqla da bağlı bir çox məlumatları verən güzgü sınaq müddətində olduğu üçün satış qiyməti açıqlanmayıb. Ekspertlərin fikrincə, cihaz həqiqətən də iddia edilən məlumatları tam dəqiqliklə təqdim edə bilsə yaxın gələcəyin ən innovativ yeniliyi adını qazana bilər.

Bu avtomobillər süni intellektlə təchiz olunacaq

Almaniyanın nəhəng avtomobil istehsalçısı "Volkswagen" Las-Veqasda keçirilən CES 2024 sərgisində "OpenAI"nin süni intellektə əsaslanan chatbotu "ChatGPT"ni bəzi gələcək avtomobillərinin səstanıma sistemlərinə təchiz edəcəyini açıqlayıb. Belə ki, şirkət 2024-cü ilin ikinci rübündən etibarən "ChatGPT" ni elektrik avtomobili ailəsinə, eləcə də "Tiguan", "Passat" və "Golf"a inteqrasiya etməyi planlaşdırır.

Avtomobil sahibləri istilik və kondisioner kimi əsas funksiyaları idarə etmək və ya ümumi məlumat suallarına cavab vermək üçün yeni super güclü səs köməkçisindən istifadə edə biləcəklər. Şirkətin açıqlamasına görə, bu standart səsin tanınmasından daha çox funksionallıq təmin edəcək. Paylaşılan məlumata görə, "Volkswagen" "ChatGPT"ni inteqrasiya etmək üçün "Cerence Chat Pro"dan istifadə edir. Bu, sürücülərə chatbotu ayrıca aktivləşdirməyə, avtomobilinin istifadəçi profili ilə əlaqəli hesabdan ayrıca hesab yaratmağa və ya ayrıca proqram quraşdırmadan ona daxil olmağa imkan verəcək.

NASA Aya uçuş planını təxirə salıb

NASA "Artemis 2" və "Artemis 3" Ay missiyalarını 1 illik təxirə saldığını açıqlayıb. Qeyd edək ki, "Artemis 2" missiyası çərçivəsində amerikalı astronavtların Ay ətrafı uçuşları reallaşdırılacaq. Bu missiyanın daha öncə bu ilin sonunda keçirilməsi planlaşdırılırdı. Lakin NASA "Artemis 2" missiyasını 2025-ci ilin sentyabr ayına kimi təxirə salıb.

"Artemis 3" missiyası çərçivəsində astronavtlar artıq Ayın Cənub qütbünə ayaq basacaqlar. Ayın orbitində yerləşdirilməsi nəzərdə tutulan "Gateway" adlı kosmik stansiyaya astronavtların uçuşlarını nəzərdə tutan "Artemis 4" missiyası isə 2028-ci ildə baş tutmalıdır. NASA sözügedən Ay missiyalarının təxirə salınmasının səbəbinin missiyalarda iştirak edəcək astronavtların təhlükəsizliklərinin təmin olunması ilə əlaqəli olduğunu bildirib. Belə ki, bu missiyalarda iştirak edəcək Orion adlı kosmik gəminin təhlükəsizlik sistemlərinin testləri zamanı müəyyən problemlər ortaya çıxıb. Həmin problemlərin aradan qaldırılması üçün isə NASA mühəndislərinə əlavə vaxt lazım olacaq.

Beyin toxumasından kiber neyron şəbəkə yaradılıb

İndiana Universitetinin alimləri kök hüceyrələrdən yetişdirilən canlı beyin orqanoidlərindən istifadə edərək yeni növ neyron şəbəkə yaradıblar.

"Nature Electronics" jurnalında dərc olunan araşdırmaya görə, orqanoidlərin müəyyən bir toxuma növündən hazırlanmış miniatür obyekt həqiqi insan beynini təmsil edir. Düşüncələri, duyğuları və xüsusilə də şüurunun olmamasına baxmayaraq bu cür struktur insanlar üzərində təcrübə aparmağa ehtiyac olmadan beynin quruluşunu öyrənməyə kömək edir. Bioloji beyinlər tam elektron süni intellekt (AI) sistemləri ilə müqayisədə daha az enerji tələb etdiyi üçün elm adamları neyron şəbəkələri dizaynında orqanoidlərə müraciət ediblər.

"Brainware" adlanan sistem sinir toxumasına elektrik siqnalları göndərmək və orada baş verən elektrik fəaliyyətini oxumaq qabiliyyətinə malikdir. Hazırlanmış kibernetik sistem iki növ tapşırıqda - nitqin tanınması və qeyri-xətti tənliklərin həllində sınaqdan keçirilib. İlk sınaqda yapon dilində ifadələrin deşifrə edilməsinin dəqiqliyi iki gün ərzində 51 faizdən 78 faizə qədər yüksəlib. Bununla belə, alimlər qeyd ediblər ki, yüksək performanslı süni neyron şəbəkələri orqanoid əsaslı süni intellektlə müqayisədə təlimə xeyli vaxt sərf edib.

Tədqiqatçıların fikrincə, onların kəşfi yeni tip kompüter arxitekturasına doğru mühüm addımdır.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".