DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

PAKİSTAN XİN İRANLA BAĞLI BƏYANAT YAYIB

Pakistan İrandakı səfirini geri çağırmaq qərarına gəldiyini açıqlayıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir. Bəyanatda qeyd olunur ki, yanvarın 16-da İran tərəfindən Pakistanın suverenliyinin əsassız və açıq şəkildə pozulması beynəlxalq hüquq və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin pozulması anlamına gəlir.

Eyni zamanda, bəyanatda qeyd olunur ki, bu qanunsuz hərəkət qəbuledilməzdir və heç bir əsası yoxdur. “Pakistan bu qanunsuz hərəkətə cavab vermək hüququnu özündə saxlayır. Nəticələrə görə məsuliyyət tamamilə İranın üzərinə düşəcək”, - deyə bəyanatda vurğulanır.

Məlumata əsasən, Pakistanın İrandakı səfirini geri çağırmaq qərarına gəldiyi və hazırda İranda səfərdə olan İranın Pakistandakı səfirinin hələlik geri qayıda bilməyəcəyi İran tərəfinə bildirilib.

Xəbər verilir ki, Pakistan və İran arasında davam edən, eləcə də planlaşdırılan bütün yüksək səviyyəli səfərlər dayandırılıb.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq həlak olub, 3 nəfər  isə yaralanıb.

KXDR KOREYALARARASI DEPARTAMENTLƏRİ LƏĞV EDİR

Koreya Xalq Demokratik Respublikası Koreyalararası məsələlərlə məşğul olan departamentləri ləğv edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Eyni zamanda, bildirilir ki, iqtisadi əməkdaşlığa cavabdeh qurum, eləcə də Cənubi Koreyanın Kumqanq dağında turizm layihəsini hazırlayan agentlik də ləğv edilib.

Məlumata əsasən, sözügedən qərar Şimali Koreya lideri Kim Çen Inın Cənubi Koreyanın konstitusiyada bir nömrəli düşmən ölkə kimi göstərilməsinə dair bəyanatı ilə əlaqədar qəbul edilib.

RUSİYADAN TAXIL İXRACI İLƏ BAĞLI REKORD

Rusiya ötən il taxıl və paxlalı bitkilərin ixracı üzrə rekordu yeniləyib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə,  bu barədə “Rusaqrotrans” analitik mərkəzi məlumat yayıb.

Bildirilir ki, söhbət 2023-cü il iyulun 1-dən dekabrın 31-dək olan müddətdən gedir. Ekspertlər qeyd ediblər ki, həmin dövrdə taxıl ixracı, təxminən 39 milyon ton təşkil edib ki, bu da əvvəlki maksimum göstəricidən, yəni 2020-2021-ci illər mövsümündəki 32,7 milyon tondan 19 faiz çoxdur.

Eyni zamanda, buğda ixracının həcmi 27,6 milyon ton qiymətləndirilib ki, bu da üç il əvvəlki rekorddan 3,8 faiz çoxdur.

Məlumata görə, dekabrın əvvəlində Rusiyanın ixracına qadağa qoyduğu bərk buğda ixracının həcmi ötən mövsüm üçün 200 min tona qarşı dekabrda 720 min tona çatıb. Analitik mərkəz əlavə edib ki, Rusiya buğdasının ilk beş idxalçısı siyahısına Türkiyə, Misir, Banqladeş, Əlcəzair və Pakistan daxildir.

FRANSADA DOĞUM SƏVİYYƏSİ KRİTİK HƏDDƏ AŞAĞI DÜŞÜB

Fransada 2023-cü ildə yeni doğulmuş körpələrin sayı İkinci Dünya müharibəsindən sonra ilk dəfə 700 mindən aşağı olub. “Report” agentliyinin xəbərinə görə, bu barədə Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun dərc etdiyi hesabatdan bəlli olub.

Məlumata əsasən, ölkədə 2023-cü ildə 678 min, 2022-ci ildə 725 mindən çox, 2010-cu ildə isə 833 minə yaxın insan doğulub.

Bununla yanaşı, sosioloqların qeyd etdiyi kimi, 2023-cü ildə ölkədə 631 min nəfər ölüb. Üstəlik 2022-ci ildə bu rəqəm 675 min olub.

Eyni zamanda, dövlət qurumunun açıqlamasına görə, 2020-2022-ci illərdə ölkədə koronavirus pandemiyası ilə bağlı ölüm hallarında artım müşahidə olunub.

Qeyd edək ki, sosioloqların xəbərinə görə, 2024-cü il yanvarın 1-nə əsasən Fransa əhalisinin sayı təxminən 68,4 milyon nəfərdir.

İRAQ ÖZ ƏRAZİSİNDƏ ƏLAVƏ ABŞ HƏRBÇİLƏRİNİN YERLƏŞDİRİLMƏSİNƏ QARŞIDIR

Rəsmi Bağdad heç bir halda İraq ərazisində ABŞ-ın əlavə hərbi birləşmələrinin yerləşdirilməsinə razı olmayacaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə İraq Nümayəndələr Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndəsi Kərim əl-Məhəmmədai bildirib.

“ABŞ-ın İraqa yeni qüvvələr göndərmək niyyəti ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Nə Nümayəndələr Şurası, nə də İraq hökuməti səbəb və arqumentdən asılı olmayaraq, belə bir addımla razılaşmayacaq”, - deyə deputat vurğulayıb.

Eyni zamanda, Kərim əl-Məhəmmədainin fikrincə, İraqa əlavə ABŞ qüvvələrinin göndərilməsi ilə bağlı bu cür xəbərlər ölkənin hazırkı baş naziri Məhəmməd əl-Sudaninin ölkə ərazisindən Amerika kontingentinin tam çıxarılmasına yönəlmiş səylərinə mane olmaq cəhdidir.

Xəbər verilir ki, Əl-Məhəmmədainin bəyanatı ABŞ mediasında Suriya və İraqa 1,5 min Amerika hərbçisinin göndərilməsi ilə bağlı yayılan məlumatlara cavab olub. Xatırladaq ki, ABŞ-ın bu ölkələrdə artıq 4 minə yaxın hərbçidən ibarət kontingenti mövcuddur.

TÜRKİYƏ VƏ RUSİYA BANKLARI ARASINDA GƏRGİNLİK

Türkiyə bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Komersant” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Türkiyə bankları Rusiyanın demək olar bütün kredit təşkilatları ilə münasibətlərini kəsib, həmçinin müqaviləni rəsmən bağlamadan ödənişləri dayandırıb. Bununla yanaşı, Rusiyanın xarici törəmə bankları üçün istisnaların olduğu bildirilir.

Eyni zamanda, nəşr qeyd edir ki, vəziyyət 2023-cü ilin yayında və dekabrın 22-də ABŞ prezidenti Cozef Baydenin Rusiyaya kömək edən xarici şirkətlərə sanksiyaların tətbiq edilməsi haqda sərəncamından sonra mürəkkəbləşib.

Məlumata əsasən, Rusiyada fəaliyyət göstərən gömrük və logistika sahəsi üzrə mütəxəssis Yuliya Şlenskayanın sözlərinə görə, Türkiyə banklarları əməkdaşlıqda fasilə verib, pul köçürmələri həyata keçirmirlər.

“SOTA Logistika” şirkətinin direktoru İqor Çernişov isə bildirib ki, hətta xidmətlərə görə ödəniş də edilmir, Türkiyə banklarından yalnız biri ödənişlərə icazə verir.

BİLL QEYTS: SÜNİ İNTELLEKT HƏYATIMIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK

“Microsoft” şirkətinin qurucusu, milyarder Bill Qeyts Davos Ümumdünya İqtisadi Forumundakı panel çıxışında bildirib ki, süni intellekt 5 ildən sonra həyatımızı kökündən dəyişdirəcək. O, süni intellektlə bağlı qorxuları XX əsrin əvvəlində texnologiyaya qarşı meydana gələn narahatlıqla müqayisə edib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, Bill Qeyts 1900-cü illərin əvvəlində dünya əhalisinin böyük bir hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu, inkişaf etməkdə olan texnologiyaların insanlarda qorxu hissi yaratdığını xatırladıb. Lakin məhz həmin dövrdə yeni profilli iş yerləri meydana çıxıb və süni intellekt sayəsində də məşğulluğun ən müasir sferaları yaranacaq.

Eyni zamanda, süni intellektin təhsil, texniki dəstək və digər xüsusiyyətlərinin bəşəriyyəti irəliyə doğru aparacağını diqqətə çatdıran Bill Qeyts əlavə edib ki, bütün bu fəaliyyətləri tənzimləyəcək yüksəkixtisaslı kadrlara ehtiyac artacaq.

Xatırladaq ki, bir neçə gün öncə Beynəlxalq Valyuta Fondu son hesabatında süni intellektin qlobal məşğulluğun 40 faizinə mənfi təsir edəcəyini bildirmişdi. Bill Qeyts isə açıqlamasında 5 ildən sonra hər kəsin bir süni intellekt köməkçisi olacağını bəyan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.