Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"TASS": Azərbaycanın hakim partiyası növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədini irəli sürüb.

Rusiya mətbuatı xəbər verir ki, bu barədə qərar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında qəbul edilib. Hakim partiya növbədənkənar prezident seçkilərinə İlham Əliyevi namizəd seçib.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış, yəni yanvarın 15-də başlayacaq.

"Anadolu Agentliyi": "Türkiyə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarından məmnundur"

"Anadolu Agentliyi" Türkiyə xarici işlər naziri Hakan Fidanın dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər barədə xəbər yayımlayıb. Yazıda nazirin "Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq" kimi fikirlərinə yer verilib. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarından məmnundur, sülh üçün imkanlar xeyli artıb. Nazir enerji sahəsində əməkdaşlıqdan da danışıb: "Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə, oradan isə Avropaya ötürülməsi prosesinin genişləndiriləcəyini düşünürük".

"Businesslend": Bakı Təşəbbüs Qrupu Cenevrədə tədbir keçirib

BMT-nin Cenevrədəki ofisində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda beynəlxalq konfrans keçirilib.

Bu barədə "Businesslend" nəşri məlumat yayıb. Xəbərdə qeyd olunub ki, konfransda Fransanın keçmiş və indiki müstəmləkələrindən olan nümayəndələr iştirak edib. Onlar rəsmi Parisin bu ölkələrdə davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə məlumat verərək qeyd ediblər ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə sabitliyi, eyni zamanda hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Xəbərdə o da vurğulanıb ki, Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri Qoşulmama Hərəkatının sədri kimi Azərbaycandan bu istiqamətdə onlara dəstək göstərilməsini xahiş ediblər. İştirakçılar, həmçinin onlara göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvlərinə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü ildə keçirilən və kolonializmə qarşı mübarizə aparan, azad olmağa çalışan xalqlara həsr olunmuş IV beynəlxalq konfransdır.

"Hraparak": İrəvanın hərəkətləri üzündən üçtərəfli Bəyanat tam icra olunmadı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın hərəkətləri üzündən üçtərəfli razılaşmanın tam həyata keçirilməsinin mümkün olmadığı barədə bəyanat yayıb.

"Ermənistan tərəfi 2022-ci ildə Praqada Aİ-nin himayəsi altında keçirilən sammitdə Qarabağla bağlı mövqeyini 180 dərəcə dəyişərək, onun Azərbaycana məxsus olduğunu etiraf edib. Bu qərar Rusiya sülhməramlı kontingentinin yerləşmə zonasında vəziyyətini kökündən dəyişdi", - deyə bəyanatda bildirilir.

Rusiya XİN-in məlumatına görə, Ermənistan tərəfinin üçtərəfli razılaşmaları pozaraq Qarabağa silah tədarükü üçün Laçın dəhlizindən istifadə etməsi və İrəvanın Ermənistan silahlı birləşmələrinin regiondan tam çıxarılmasını təmin etməsi mənfi təsir göstərib və bu da böyük ölçüdə sentyabr ayında baş verən hərbi toqquşmalara səbəb olub.

"Nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələsində Baş nazir müavinlərinin həmsədrliyi altında üçtərəfli işçi qrupunun xətti ilə konkret razılaşmaların əldə edilməsini hər cür şəkildə donduran İrəvan idi. Xüsusilə, artıq bir neçə aydır ki, Ermənistan tərəfi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpası üzrə işlərin başlanmasına mane olur, 9 Noyabr 2020-ci il tarixli yüksək səviyyəli Bəyanatın 9-cu bəndinin müddəalarına əməl etməkdən imtina edir", - deyə M.Zaxarova qeyd edib.

"Vestnik Kavkaza": Azərbaycanın "Qarabağ" klubu tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib

"Vestnik Kavkaza" xəbər verir ki, Qurban Qurbanovun komandası turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda vəsiqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini 5:1 hesabı ilə məğlub edib.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

"Respublika".