Cümhuriyyətin son iki gülləsi: Yalama və Sarvan döyüşləri
Tarix

Cümhuriyyətin son iki gülləsi: Yalama və Sarvan döyüşləri

Bu gün Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 104-cü ildönümüdür. Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə XI qırmızı ordu 1920-ci il aprelin 27-də Bakıya daxil olub və Azərbaycan Demokratik Respublikasını devirib. Bununla da yeni müstəqillik qazanmış xalqımızın azadlıq səsi boğulub. Lakin qırmızı ordu Bakıya gələnə qədər bir neçə maneə ilə üzləşmişdi ki, bunlardan da ən rezonans doğuranları Yalama və Sarvan döyüşləri idi. On minlərlə bolşevik əsgərinin qarşısında sayı 100-dən az olan azərbaycanlıların demək olar ki, əliyalın mübarizəsi xalqımızın qəhrəmanlıq dastanına yeni səhifələr əlavə etmişdir.

Yalama döyüşü. 1920-ci ilin aprelində süquta doğru gedən Azərbaycan Xalq Cümhuriyyəti ordusunun varlığını qoruyub saxlamaq üçün son cəhdlərdən biri olub. Bu döyüş haqqında çox az məlumat var. Məlum olan tək şey isə odur ki, döyüşün iştirakçılarının hər biri qəhrəmandır. Çünki 1920-ci il aprelin 27-də Bakıya 70 minlik sovet ordusu yaxınlaşırdı. Onların qarşısında isə 350 nəfərlik Quba alayının Yalama qarnizonu dayanmışdı. Özündən 200 dəfə böyük qüvvəyə qarşı dayananların silahları elə də güclü deyildi. Texnika cəhətdən də vəziyyət eyni idi. Yalama qarnizonunun bir neçə top və pulemyotu var idi. Düşmən isə Bakıya hazırlıqlı gəlmişdi. Buna baxmayaraq, həmin əsgərlər XI qırmızı orduya 2 saatdan çox tab gətirə bilmişdilər. Həmin qəhrəmanlardan isə adı bizə məlum olan yeganə şəxs döyüşün komandiri Ağəli Babazadə idi. Bəs nəyə görə XI qırmızı ordunun qarşısına cəmi 350 nəfər qüvvə çıxmışdı? Səbəb çox sadədir. Bütün dövrlərdə olduğu kimi, 1920-ci ildə də erməni xisləti bir daha özünü göstərmişdi. Qızıl ordunun Azərbaycanı istila etmək üçün hazırlaşdığını eşidən riyakarlar Qarabağda qiyam qaldırmışdılar. Bu baxımdan, nizami ordumuzun əksər hissələri üsyanı yatırmaq üçün göndərilmişdi. Ehtiyatda cəmi bir neçə min əsgər qalmışdı, onların da hərəsi fərqli istiqamətlərə də bölüşdürülmüşdü. Yalama stansiyasında 350 nəfər əsgər yerləşdirilmişdi.

Həmin dövrdə sovet hökumətində üsyan qaldıran ağqvardiyaçı general Anton Denikin məğlub edilmişdi. Artıq Lenin Azərbaycan Xalq Cümhuriyyətinin işğal edilməsi üçün göstəriş vermişdi. Bundan sonra XI qızıl ordu şimal hissədən hücuma hazırlaşırdı. Yeganə maneə isə Gürcüstan hesab olunurdu. Lakin əsl həqiqətlər tam fərqli idi. Azərbaycanın Gürcüstanla müttəfiqlik haqqında 1919-cu ildə imzalanmış müqaviləsi vardı. Amma buna baxmayaraq, artıq 20-ci ilin əvvəllərində gürcülərlə və ruslarla danışıqlara başlamışdılar. Çünki Rusiyada hakimiyyətdə bolşeviklər idi, Gürcüstanda isə menşeviklər. Yəni hər ikisi də sosialist quruluş idi. Digər tərəfdən sovet hökumətinin növbəti rəhbəri olacaq İosif Vissarionoviç Stalin həmin dövrdə millətlər komissarı vəzifəsində çalışırdı və buna görə də Gürcüstanı bu məsələdən uzaqlaşdıra bilmişdi. Hətta tarixi mənbələrdə belə bir məlumat da var ki, AXC-nin süqutundan sonra, 1920-ci ilin mayında Moskva müqaviləsi imzalanır və Gürcüstanın müstəqilliyi tanınır.

Qısası bütün bu hadisələr o demək idi ki, Gürcüstan Azərbaycanla ittifaq müqaviləsi (1919) olmasına rəğmən qızıl ordunun qarşısını kəsməyəcək və bizə dəstək verməyəcəkdi. Bir daha qeyd edək ki, 70 minlik ordunun qarşısında bir neçə yüz əsgər dayanmışdı. Lakin onların güclü silahları olmasa da, vətən sevgisi ilə silahlanmışdılar.

AXC hökuməti də həmin dövrdə vəziyyəti artıq başa düşmüşdü. Hökumət Moskvaya nota verərək qırmızı ordunun nəyə görə sərhəddə qoşun topladığını soruşurdu. Lakin sovet hökuməti hər dəfə məsələdən yayınaraq heç bir cavab vermirdi. Bu baxımdan AXC hökuməti Quba alayının Yalama qarnizonu komandanı Ağaəli Babazadəyə diqqətli olmasını tapşırmışdı. Lakin o dövrdə sərhəddə vəziyyətin elə də ciddi qəbul edilməməsi, sovet hökuməti tərəfindən kəşfiyyat aparılmasını asanlaşdırmışdı. Son məlumatları da əldə edən qızıl ordu nəhayət aprelin 27-də üç zirehli qatarla hücuma keçdi. Keşikçilər cəmi bir neçə nəfər idi, təbii ki, onları dəf etmək elə də çətin olmamışdı. Yalama stansiyasına yaxınlaşanda XI qızıl ordu elə zənn edirdi ki, buradan çox rahatlıqla keçib gedəcəklər. Lakin Ağəli Babazadənin komandanlığı ilə şiddətli müqavimət baş tutdu. Yalama qarnizonunun əsgərləri yanan qatarı qızıl ordunun üstünə göndərərək sürətli hücum planının qarşısını almağı planlaşdırır. Lakin bunu başa düşən qızıl ordu həmin qatara uzaqdan atəş açmağa başlayır və bu plan baş tutmur. Daha sonra isə əsgərlər arasında döyüş başlayır. Düşmənin heyrətlə qarşıladığı həmin döyüşdə 350 nəfərlik dəstə həlak olur. Düşmən tərəfdən isə 14 nəfər öldürülür.

Sarvan döyüşü. Beləcə Yalama stansiyası ələ keçirilir və qızıl ordu irəliləməyə davam edir. Qarşıda isə onları indiki Şabran rayonu ərazisində, Sarvan stansiyası yaxınlığında qaçaq Mayılın dəstəsi qarşılayır. Tarixdə qaçaqların hökuməti dəstəkləməsi elə də çox rast gəlinmir. Amma məhz Qaçaq Mayıl Azərbaycan Xalq Cümhuriyyətini dəstəkləyirdi.

Qısa zaman kəsimində baş verən elə hadisələr var ki, ilk baxışdan əhəmiyyətsiz və kiçik görünsə də, tarixi kimlik və məzmun etibarilə böyük önəm daşıyır. Xalq ona kimliyini xatırladan bu cür hadisələri öz yaddaşında hifz edir və heç zaman unutmur. Tam 104 il öncə Quzey Azərbaycanda baş verən hadisələrdən biri məhz bu cür idi. Miqyasca kiçik ola bilərdi, lakin tarixi əhəmiyyəti olduqca böyük idi. 1920-ci il aprelin 27-də müstəqil Azərbaycan Cümhuriyyəti bolşevik Rusiyasının işğalı nəticəsində süqut etdi. Azərbaycanın XX əsr tarixinin Moskvanın istəyinə uyğun şəkildə yazılmasında iştirak edənlər 28 aprel 1920-ci ildə XI qızıl ordunun heç bir müqavimətlə üzləşmədən, xalqın böyük qisminin dəstəyi ilə Bakıya gəlib çıxdığını və gül-çiçəklə qarşılandığını təbliğ ediblər. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra tariximizin 1920-ci illər dövrü üzərindən pərdələr götürüldü. Acı gerçəklər gün işığına çıxdı və aydın oldu ki, bolşevik Rusiyasının işğalçı ordusu Bakıya əl-qolunu sallayaraq daxil olmayıb, hətta Rusiya-Azərbaycan sərhədini keçdiyi andan bəri bir neçə dəfə ordu bölmələrimizin və yerli əhalinin sərt müqaviməti ilə üz-üzə gəlib. Bu gün Azərbaycan ictimaiyyətinə məlumdur ki, 27 aprel 1920-ci ildə XI ordunun zirehli qatarı gecə yarısı Samur körpüsünü keçərək Azərbaycan ərazisinə daxil olub. Bolşevik ordusunu gətirən zirehli qatar aprelin 28-nə keçən gecə Bakıya tərəf hərəkət edərkən ona sərt müqavimət göstərilib. Yüzlərlə Azərbaycan oğlunun 70 minlik bolşevik ordusuna qarşı vuruşub şəhid olduğu bu qeyri-bərabər döyüşlərdən biri də Sarvanda olub. Bu döyüş indiki Xaçmazla Şabran arasında Sarvan adlanan yerdə Dərbənd-Bakı dəmir yolu üzərində baş verib. Mixail Yefremov və Mixail Levandovskinin rəhbərlik etdiyi XI ordunu gətirən zirehli qatar gecəyarısı Yalama stansiyasında sərt müqavimətlə üzləşdikdən sonra Xudat stansiyasını sürətlə keçib Xaçmaza tərəf yol aldı. Qatarda gələnlər arasında Serqo Orcenikidze, Anastas Mikoyan və erməni bolşeviki Kamo ilə bərabər, həm də vətən xaini Qəzənfər Musabəyov da vardı. Knyaz Tumanovun rəhbərliyi ilə Azərbaycan ordusunun bölmələri zirehli qatarın artıq Xudatdan keçdiyini xəbər alaraq gecə ilə Xaçmaz stansiyası yaxınlığındakı körpünü yandırıb dəmir yolu relslərinin bir hissəsini sökdülər. Lakin bu bolşevik ordusu qatarının hərəkətini çox az bir müddətdə ləngitdi. Zirehli qatar bərpa olunan dəmir yolu ilə hərəkətinə davam etdi.

Qarşıda Sarvan stansiyası vardı. Qubalı Mayıl Ağa Cümhuriyyət ordusunda xidmət edən oğlu İbrahim bəyin təklifi ilə əli silah tutan hər kəsi işğalçı bolşevik ordusunun önünü kəsmək üçün gecə ilə toplaşmağa çağırmışdı. Zirehli qatarın Xaçmazı keçdiyi xəbərini alan kimi dəstə sürətlə Sarvan tərəfə yol aldı. Bolşevik ordusunu gətirən qatarın Xaçmazda ləngiməsi Mayıl ağaya Dəvəçi yaxınlığındakı Sarvanda reysləri sökdürməyə, barrikadalar qurmağa və qatarı dayandırmaq üçün mövqe seçməyə imkan vermişdi. Səhər açıldıqdan bir qədər sonra XI ordunu gətirən "III İnternasional" zirehli qatarı gəlib çıxdı. Yolun kəsildiyini, relslərin söküldüyünü və onları silahlı dəstənin gözlədiyini görən qırmızı ordu komandanlığının tapşırığı ilə qatardan səsgücləndirici ilə qarşı tərəfə Azərbaycan türkcəsində "atmayın, sözümüz var" deyə müraciət edildi. Az sonra qatarın önündəki parovozun qapısı açıldı. Mayıl ağanın oğlu, İbrahimin məktəb yoldaşı və şimal bölgəsində çox insanın hörmət bəslədiyi Həmdulla Əfəndinin dayısı oğlu Qəzənfər Musabəyov əlində səsgücləndirici ilə çölə çıxıb ətrafdakılara səsləndi.

- İbrahim, mənəm, Qəzənfərdi. Yol verin, keçək. Bizim sizinlə işimiz yoxdur. Siz də bilirsiniz ki, önümüzü kəsməyiniz Türkiyəyə ziyandır. XI ordu Anadoluya köməyə gedir. Yanımızda türk zabiti Nicat Paşa da var. Odur ki, yolu açın.

Bu sözlər Mayıl ağanın dəstəsində bir qədər çaşqınlıq yaradır. Parovozun önündə yanbayan asılmış oraq-çəkicli bolşevik bayrağı və ay-ulduzlu türk bayrağına baxan İbrahim bəy isə "bunun dediyinə inanmıram, bolşevikdir" deyir. Qəzənfər Musabəyov çaşqınlıqdan istifadə edib İbrahimə tərəf baxaraq deyir: "Bizimlə vuruşsanız özünüzə ziyan edəcəksiniz. Qırmızı orduya qalib gəlmək mümkün deyil. Yolu açın, geri çəkilin, əsgərlər relsləri düzəltsinlər". Mayıl Ağa və Həmdulla Əfəndi istəyirlər ki, stansiyadan paytaxt Bakıdakı hökumətlə əlaqə saxlayıb onlardan durumu dəqiq öyrənsinlər. Onlar düşünüb qərar verənə kimi Qəzənfər Musabəyov sözünü bitirib cəld içəri daxil olur. Gənc İbrahim bəy isə Qəzənfərin ağ yalan danışdığını başa düşüb qəzəblə mauzerini (tapança) çıxarır və bərkdən "satqın, əclaf!" deyərək Qəzənfərin ardınca güllə atır. Güllə parovozun bağlanan qapısına dəyir. Həmin an zirehli qatardan qarşı tərəfin üstünə pulemyotlardan atəş açılır. Mayıl ağanın dəstəsi dərhal atəşə atəşlə cavab verir və döyüş başlanır. Müqavimət göstərən dəstənin top və pulemyotları olmadığı üçün bolşevik ordusu qüvvələri onlara qarşı qeyri-bərabər döyüşə girmiş bu dəstəni dağınıq hala salır. Qatardan tökülüşən çoxsaylı əsgərlər isə Mayıl ağanın dəstəsini sıxışdırmağa başlayır. Üç saatdan çox çəkən döyüşdə itkilərin çoxaldığını və dəstəsinin tükəndiyini görən Mayıl ağa ilə Həmdulla Əfəndi döyüşçülərə geri çəkilmək əmrini verir və sağ qalan dəstə Siyəzən tərəfə çəkilir. Bakıda hakimiyyətin devrilməsindən və bolşeviklərin iqtidara gəlməsindən sonra Mayıl Ağa dəstəsi ətrafında toplanan əksinqilabçılarla birlikdə Babadağa çəkilib orada möhkəmlənir və Qaçaq Mayıl adı ilə tanınaraq uzun müddət bolşevik hökumətinin ordusuna qarşı müqavimət göstərir.

Doğrudur, Sarvan döyüşü nəticə etibarilə Azərbaycanın XI ordu tərəfindən işğal edilməsini durdurmadı, Bakıda bolşevik çevrilişi baş verdi və Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldı. Lakin nəzərə alaq ki, dünyanın ən böyük ölkəsini təpədən dırnağa silahlanmış, o dövr üçün böyük üstünlük sayılan zirehli qatarı və güclü artilleriyası olan 70 minlik ordusuna qarşı bir neçə 100 nəfərlik dəstə saatlarla vuruşub və çoxlu sayda bolşevik əsgərini məhv edə bilib. Bu döyüşü Azərbaycanın işğalçılara qarşı dirəniş və müqavimət tarixində mühüm bir hadisə kimi qeyd etmək lazımdır. Bu döyüşün qəhrəmanları məğlub olacaqlarını bilə-bilə ölümün gözünün içinə düz baxaraq güclü olana qarşı əldə silah cəsarətlə çıxış edən və Vətəninin azadlığı yolunda çəkinmədən canlarını fəda edən Vətən övladlarıdır. Azərbaycan xalqı bu gün də onların ruhlarını ehtiramla yad edir. Müstəqil Azərbaycan onun yolunda canından keçmiş istiqlal carçılarının və şəhidlərin çiyinləri üzərində bərqərar olub və şəhidlərin xatirəsi hər zaman yaşayacaq.

Tacir SADIQOV,

"Respublika".