Azərbaycan diasporunun yeni yol xəritəsini müəyyən edən tarixi hadisə
Diaspora

Azərbaycan diasporunun yeni yol xəritəsini müəyyən edən tarixi hadisə

Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında koordinasiya təkmilləşir. Bu da çox vacibdir.

2001-ci ilin noyabr ayında Bakıda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Heydər Əliyev həmin qurultayda demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar azad ediləcək, Azərbaycan xalqı öz ata-baba torpaqlarına qayıdacaqdır. Prezident İlham Əliyev birinci qurultaydan sonra keçirilmiş Dünya azərbaycanlılarının qurultaylarında çıxış edərkən demişdir ki, biz heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun öz torpaqlarımızı işğaldan azad edəcəyik.

2023-cü ilin aprelində dünyanın diqqəti yenidən Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəldi. Tarixi zəfərimizdən sonra keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər qurultayı kimi daxil oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarının qarşısında proqram xarakterli nitqində həm qələbəmizə gedən yola, həm Azərbaycan ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallığına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlara, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə nəzər saldı, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı. Zəfərimizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmasına çağırışlar edildi.

Zəfər qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Şuşaya aparan Zəfər yolu, ölkəmizin müxtəlif guşələrində Zəfər muzeylərinin yaradılması və sair kimi mühüm məqamlar özündə böyük bir mənanı ehtiva edir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Ölkə başçımızın qeyd etdiyi kimi, zəfər xalqımıza çox yaraşır.

Zəfər qurultayındakı nitqində dövlət başçısı bildirdi ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin qazanılmasında misilsiz xidmətləri var. Bu gənclik müstəqillik illərində ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. Gənclərimiz silaha sarılaraq qanları, canları ilə tarix yazdılar və bir daha sübut etdilər ki, torpaq əgər uğrunda ölən varsa, Vətəndir.

2022-ci ildə Şuşada keçirilən Zəfər qurultayında Azərbaycan diasporunun qarşısında mühüm vəzifələr qoyuldu. Qeyd olundu ki, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatırmalıdırlar.

Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycan diasporunun monolit qüvvəyə çevrilməsində mühüm vəzifələr müəyyənləşdirdi. Diqqətə çatdırıldı ki, Vətən müharibəsində Qarabağın azad edilməsi ilə Azərbaycan diasporunun qarşısında duran vəzifələr də dəyişib. Əgər İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor təşkilatlarımızın əsas vəzifəsi torpaqlarımızın işğalı, Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizin yerlə-yeksan edilməsinin, Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz qalmasının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Zəfər qurultayından sonra diaspor nümayəndələri azərbaycançılıq məfkurəsi əsasında daha sıx birləşməli, sosial şəbəkələrdə fəallığı artırmalı, dünya ictimaiyyətinin diqqətini Qarabağdakı real vəziyyətə, mina probleminə və Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə yönəltməlidirlər.

Qədir ASLAN,

"Respublika".