DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

YUNANISTAN XİN: TÜRKİYƏ İLƏ QARŞILIQLI RAZILIQ ƏLDƏ OLUNUB

“Türkiyə ilə münasibətlərin həllində qarşılıqlı razılığa gəlmişik”. Bunu Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis “Anadolu” agentliyinə müsahibəsində bəyan edib.

XİN başçısının sözlərinə görə, iki ölkə arasındakı anlaşılmazlıqlar diplomatiyanın davam etməsi üçün əngəl deyil. Nazir əlavə edib ki, mövcud problemləri bir qırağa qoymaq barədə razılıq əldə olunub.

Eyni zamanda, yunan nazir vurğulayıb ki, iki ölkə arasında müdafiə və hərbi sahədə etimad mühiti yaradan addımların atılmasına, əlaqələrin inkişafına ehtiyac var. “Sülhün təmin olunması üçün birlikdə çalışmalıyıq. Hər iki ölkədə əlaqələrin inkişafına qarşı çıxanlar var. Bu, gözlənilən idi. Lakin birlikdə yaşamağa məcburuq. Gərginliyin daha da azaldılmasının tərəfdarıyam”, - deyə nazir bildirib.

Georgios Gerapetritis qeyd edib ki, fikir ayrılıqlarına deyil, ortaq məqamlara köklənmək lazımdır. Onun sözlərinə görə, iki ölkə arasında yaxın gələcəkdə iqtisadiyyat, turizm, mədəniyyət sahələrində sazişlərin imzalanması ilə bağlı artıq “yol xəritəsi” mövcuddur.

FİNLANDİYA-RUSİYA SƏRHƏDLƏRİ TAM ŞƏKİLDƏ BAĞLANIR

Finlandiya Rusiya ilə sərhəddə sonuncu nəzarət-buraxılış məntəqəsini noyabrın 30-da bağlamağı planlaşdırır. “Trend” agentliyinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova noyabrın 29-da brifinq zamanı bildirib.

Mətbuat katibinin sözlərinə görə, çərşənbə günü Finlandiyanın Moskvadakı səfirliyi məsələ ilə bağlı Rusiya hökumətinə rəsmi nota göndərib.

Notada Finlandiya hakimiyyətinin noyabrın 30-da Rusiya ilə sərhəddəki “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlayacağı qeyd olunub. Bununla da, Rusiya-Finlandiya sərhəddində bütün nəzarət-buraxılış məntəqələri bağlanacaq.

Xatırladaq ki, Finlandiya Rusiya ilə sərhəddə dörd buraxılış məntəqəsini noyabrın 18-nə keçən gecə bağlayıb. Finlandiyanın baş naziri Petteri Orponun sözlərinə görə, bu tədbir “üçüncü dünya ölkələri vətəndaşlarının” axınının qarşısını almaq məqsədi daşıyır.

İLON MASK HƏMAS-IN DƏVƏTİNİ QƏBUL ETMƏDİ

“SpaceX”, “Tesla” və “X” sosial şəbəkəsinin sahibi İlon Mask HƏMAS-ın Qəzzaya səfər dəvətini qəbul etməyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, İlon Mask bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu dəvət hazırda bir qədər təhlükəli görünür, lakin inanıram ki, Qəzzanın uzunmüddətli tərəqqisi bütün tərəflər üçün yaxşıdır”, - deyə İlon Mask vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə İlon Mask İsrailin baş naziri Benyamin Netanyahu ilə birlikdə oktyabrın 7-də HƏMAS-ın hücumuna məruz qalmış bölgəyə səfər edib. Bundan sonra HƏMAS İlon Maskı Qəzza zolağına səfər etməyə çağırıb.

“Biz İlon Maskı Qəzza zolağına səfər etməyə çağırırıq ki, o, Qəzzada baş verənlərlə yaxından tanış olsun”, - deyə HƏMAS nümayəndəsi açıqlamasında bildirib.

BİOLOJİ YANACAQLA İŞLƏYƏN TƏYYARƏNİN İLK UÇUŞU BAŞ TUTUB

Böyük Britaniyanın “Virgin Atlantic” aviaşirktinin əsasən yağ tullantılarından hazırlanan aşağı emissiyalı yanacaqla işləyən “Boeing 787” təyyarəsi ilk dəfə olaraq transatlantik kommersiya uçuşunu həyata keçirib. “Trend” agentliyinin məlumatına görə, Londondan Nyu-Yorka uçan təyyarənin göyərtəsində havaya atılan karbon miqdarını qiymətləndirən tədqiqatçılar, həmçinin, aviaşirkətin üzvləri və siyasətçilər, o cümlədən Böyük Britaniyanın baş naziri Rişi Sunak da olub.

Məlumata əsasən, bioloji yanacağın effektivliyini nümayiş etdirən “Virgin Atlantic” aviaşirkəti istehsalı artırmaq niyyətindədir. Lakin ekoloji fəallar bunun problemli olduğunu düşünürlər. Belə ki, emissiyaları azaltmaq üçün bu tip yanacağı kifayət qədər istehsal etmək çətin prosesdir.

Bununla yanaşı, tədqiqatçılar bioloji tullantılardan uzun məsafələrə gedən yük maşınları, avtobuslar və gəmilər üçün yanacaq istehsalı üzərində də çalışırlar. Bioloji yanacaq ümumi aviasiya yanacağının yalnız 0,1 faizini təşkil edir və rəsmi London 2030-cu ilədək təyyarə yanacağının on faizini bioloji mənbələrdən əldə etməyi hədəfləyib.

ERMƏNİSTAN RUSİYANIN BU ADDIMINA GÖRƏ Aİİ-NİN TƏCİLİ İCLASINI ÇAĞIRDI

Ermənistan, Rusiya tərəfdən “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsindən yüklərinin qəbul edilmədiyi üçün Avrasiya İqtisadi İttifaqının (Aİİ) növbədənkənar toplantısını çağırıb. “TASS” agentliyinin xəbərinə görə, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

“Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti tərəfindən dərc edilmiş materiallar məsələnin məğzini anlamaq üçün müvafiq qurumlarımız tərəfindən araşdırılır”, - deyə nazir vurğulayıb.

Vaan Kerobyanın sözlərinə görə, Ermənistan məhsullarının Rusiya Federasiyasında mövcud standartlara nə qədər uyğun gəlmədiyi hazırda yoxlanılır: “Qəribədir ki,  il ərzində cəmi 35 avtomobil, iki gündə isə 35 avtomobil geri qaytarılır”.

İqtisadiyyat naziri qeyd edib ki, bu müddət ərzində məhsulun keyfiyyəti dəyişməyib. “Sözügedən məsələlərə aydınlıq gətirilməsi üçün iki gün ərzində Aİİ-nin təcili müşavirəsini çağırırıq”, - deyə V.Kerobyan əlavə edib.

ÇİNDƏN DÜNYA İQTİSADİYYATI İLƏ BAĞLI CİDDİ XƏBƏRDARLIQ

Dünya ölkələri qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının qarşısını almalıdırlar. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Çinin Dövlət Şurasının baş naziri Li Çian bəyan edib.

“Biz qlobal təchizat və istehsal zəncirlərində əməkdaşlığa mane olan  ifrat siyasiləşdirmə və təhlükəsizliyin ümumiləşdirilməsi kimi tendensiyaların şahidi oluruq. Bu səbəbdən qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir”, - deyə Li Çian vurğulayıb.

Bununla yanaşı, baş nazir qeyd edib ki, dünya ölkələri təchizat zəncirləri və sənaye zəncirlərində sabit əməkdaşlıqdan faydalanırlar. Əgər əməkdaşlıq çətin olarsa, hər kəs bundan əziyyət çəkər.

“Bu, bizim qaydalara əməl etməyimizi, ümumi tendensiyanı tanımağımızı, inkişaf imkanlarından daha yaxşı istifadə etməyimizi, texnoloji tərəqqi və məhsuldarlıq artımını, qlobal istehsal zəncirlərinin və tədarük zəncirlərinin keyfiyyətinin , eləcə də məhsuldarlığın artırılmasına daha çox diqqət yetirməyimizi tələb edir”, - deyə baş nazir bildirib.

Eyni zamanda, Li Çian proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın vacibliyinə diqqət çəkib.

RAMZAN KADIROVUN OĞLUNA DAHA BİR VƏZİFƏ VERİLİB

Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adəm Kadırova daha bir vəzifə verilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adəm Delimxanov özünün “Telegram” kanalında qeyd edib.

Deputatın sözlərinə görə, Adəm Kadırov Şeyx Mənsur batalyonunun kuratoru təyin olunub. Məlumata əsasən, bu batalyon Rusiya Müdafiə Nazirliyinin tərkibindədir.

Parlamentari eyni zamanda vurğulayıb ki, 16 yaşlı Adəm Kadırovun kurator vəzifəsinə təyin olunması onun əldə etdiyi nailiyyətlərin və xidmətlərinin nəticəsidir.

Xəbər verilir ki, Çeçenistan rəhbərinin oğlu artıq rəsmən batalyonun şəxsi heyətinə təqdim olunub.

Məlumat üçün qeyd edək ki, bir müddət öncə Adəm Kadırov Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.