DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ABŞ ADMİNİSTRASİYASI İKİ DÜŞƏRGƏYƏ PARÇALANIB

ABŞ prezidenti Cozef Baydenin administrasiyası daxilində ölkənin Yaxın Şərqdəki siyasəti ilə bağlı iki düşərgəyə parçalanma baş verib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev daxilindəki parçalanma Baydenin uzun müddət administrasiyada işləyən baş köməkçiləri ilə bir sıra gənc əməkdaşlar arasındadır.

Eyni zamanda, məqalədə o da qeyd edilib ki, hətta yüksək rütbəli müşavirlər də Fələstin-İsrail münaqişəsinin ABŞ-ın qlobal nüfuzuna xələl gətirdiyini etiraf edirlər.

Nəşrin müəllifləri həmçinin vurğulayıblar ki, əgər münaqişənin əvvəlində İsrailə yardım hissedilməz dərəcədə olsaydı, Baydenin manevr üçün daha geniş imkanları olardı.

Xatırladaq ki, bir müddət öncə “NBC” telekanalı Amerika liderinin reytinqinin rekord həddə aşağı olduğunu bildirmişdi. Səbəb isə onun Yaxın Şərqdlə bağlı yürütdüyü siyasət olub.

TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ QƏZZA ZOLAĞINA GƏLİB

Türkiyəli mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının qurulması üçün hazırlıq işləri aparmaq məqsədilə Qəzza zolağına gəlib. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ankaradakı diplomatik mənbə bildirib.

“Noyabrın 28-də texniki heyət Misir vasitəsilə Qəzzaya gəlib. Onlar Qəzzada qurmaq niyyətində olduğumuz səhra xəstəxanasının yaradılması planlarının bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma hazırlayacaqlar”, - deyə agentliyin həmsöhbəti qeyd edib.

Açıqlamaya əsasən, rəsmi Ankara xəstəxananı tez bir zamanda istifadəyə verməyi planlaşdırır və bununla bağlı vaxt nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu Misirə səfər edib.

QIRĞIZISTAN DÖVLƏT BAYRAĞINI DƏYİŞDİRMƏYƏ HAZIRLAŞIR

Qırğızıstan parlamentinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və parlamentin reqlamenti üzrə komitəsi dövlət bayrağının dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə “Trend” agentliyi Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verib.

Məlumata əsasən, müvafiq qanun layihəsinin təşəbbüskarları olaraq parlamentin deputatları Nurlanbek Şakiyev və Ulan Primov çıxış edib.

Primov qanun layihəsinin Qırğızıstan Respublikasının əsas dövlət simvollarından biri olan bayrağın təkmilləşdirilməsinə yönəldiyini diqqətə çatdırıb. Belə ki, ölkənin bayrağındakı dalğavari şüalar günəş şüalarını xatırladan düz şüalarla əvəz olunacaq.

Bildirilir ki, Qırğızıstan bayrağında günəş şüalarının yeni eskizini hazırlamaq üçün başlanğıc mərhələdə bayrağın tərtibatçıları cəlb olunub. Müəlliflərdən biri olan Jusup Matayev ilkin versiyaya dəyişikliklərin olunduğunu qeyd edib. Belə ki, ilkin olaraq aydın şəkildə günəş şüalarını xatırladan forma təklifdə öz əksini tapıb.

Aİ-DƏ YÜZ MİNLƏRLƏ TON QƏHVƏ VƏ KAKAO MƏHV EDİLƏ BİLƏR

Avropa İttifaqında anbarlarda saxlanılan böyük miqdarda qəhvə və kakao ehtiyatları meşələrin qırılması ilə mübarizəyə dair yeni qanunun qəbulu səbəbindən məhv edilə bilər. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, iyun ayında Aİ-də meşələrin qırılmasına qarşı qanun qüvvəyə minib. Yeni qanuna əsasən, istehsalı və satışı meşələrin məhvinə səbəb olan məhsulların ixracı və idxalı qadağan edilib.

Bura palma yağı, mal əti, qəhvə, kakao, soya və şokolad kimi məhsullar daxildir. Qanun, həmçinin, ekoloji cəhətdən idarə olunan bölgələrdən gəldiyi təsdiqlənmədiyi təqdirdə mebel və çap kağız məhsullarına da aiddir.

Nəşrin xəbərinə görə, yeni qanun səbəbindən Aİ anbarlarında saxlanılan yüz minlərlə ton kakao və qəhvə məhv ola bilər. Keçid dövrü isə 2024-cü ilin dekabrında başa çatacaq, bundan sonra standartlara uyğun gəlməyən mallar məhv edilməli və ya ittifaqdan kənarda satılmalıdır.

NETANYAHU QAYTARILAN GİROVLARIN SAYINI AÇIQLAYIB

Qəzza zolağında humanitar fasilə zamanı 50-si qadın və uşaq olmaqla ümumilikdə 74 girov azad edilib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

“İndiyədək biz ilkin plana uyğun olaraq 50-si uşaq və qadın olmaqla 74 qaçırılan şəxsi azad etmişik. Biz planı tamamilə həyata keçirməli və oğurlanmış qadın və uşaqlarımızın, daha sonra isə istisnasız olaraq hamının azadlığa buraxılmasına nail olmalıyıq” - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Benyamin Netanyahunun sözlərinə görə, İsrail radikal HƏMAS hərəkatının hərbi-inzibati potensialını məhv etmək üçün Qəzza zolağında atəşkəsdən dərhal sonra yenidən əməliyyatlara başlamaq niyyətindir.

“Məqsədlərimizi yerinə yetirmək əzmindəyik: oğurlananların hamısını azad etmək və bu terror təşkilatını hər yerdə məhv etmək. Təbii ki, Qəzza bundan sonra olduğu kimi qalmayacaq və bundan sonra İsrail dövləti üçün təhlükə yaratmayacaq”, - deyə İsrailin baş naziri əlavə edib.

ŞİMALİ KOREYA PEYKİ AĞ EVİN VƏ PENTAQONUN FOTOLARINI ÇƏKİB

Şimali Koreya lideri Kim Çen In yeni fəzaya buraxılan kəşfiyyat peyki ilə Ağ Evin və Pentaqonun çəkilmiş fotoşəkilləri ilə tanış olub. “Trend” agentliyinin məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi xəbər verib.

Açıqlamaya görə, noyabrın 28-nə keçən gecə Dövlət Aerokosmik Texnologiyalar Baş İdarəsi yanında Pxenyan Ümumi Nəzarət və Tənzimləmə Mərkəzi ölkə rəhbərinə peykin kəşfiyyat tapşırıqlarının tam yerinə yetirilməsinə hazırlanması ilə bağlı növbəti hesabat verib.

İdarə noyabrın 27-də “Norfolk” dəniz bazası, “Newport News” gəmiqayırma zavodu və ABŞ-ın Virciniya ştatındakı aerodrom ərazisinin fotoşəkillərini, eləcə də Ağ Evin və Pentaqonun çəkilmiş fotoşəkillərini təqdim edib.

Agentlik qeyd edib ki, “Norfolk” bazası və gəmiqayırma zavodunun fotoşəkillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin dörd nüvə mühərrikli təyyarədaşıyıcısı və bir Böyük Britaniya təyyarədaşıyıcı göstərilib.

BÖYÜK BRİTANİYADA DONUZ QRİPİNƏ İLK YOLUXMA HALI QEYDƏ ALINIB

İngiltərənin şimalında donuz qripi virusuna A(H1N2) ilk yoluxma halı qeydə alınıb. “Report” agentliyinin məlumatına görə, bu barədə Böyük Britaniyanın Səhiyyədə Təhlükəsizlik Agentliyi məlumat yayıb.

Söhbət 1b.1.1 virusunun digər ölkələrdə A(H1N2) qripinə yoluxma hallarına səbəb olanlardan fərqli, lakin İngiltərədə donuz populyasiyasında dolaşan viruslara bənzəyən müxtəlifliyindən gedir.

Bildirilir ki, agentliyin mütəxəssisləri indi patogenin xüsusiyyətlərini müəyyənləşdirmək və insan sağlamlığı üçün yaratdığı riskləri qiymətləndirmək üçün tərəfdaşlarla sıx əməkdaşlıq edirlər.

Virusa yoluxmuş Şimali Yorkşir sakinində yüngül əlamətlər olub, o indi tam sağalıb. Həmin şəxslə təmasda olanlar tibbi müşahidə altındadır. İnfeksiyanın yoluxma yolu hələ müəyyən edilməyib.

Məlumat üçün qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, donuz qripi virusu, ümumiyyətlə, insanlara yoluxmasa da, bəzən donuzlarla birbaşa təmasda olan insanlar arasında infeksiya halları baş verir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.